Afaziya beynin dil funksiyalarında iştirak edən sinir şəbəkələrinin zədələnməsi nəticəsində yaranan qazanılmış dil pozuntusudur. Ən çox insultdan sonra müşahidə olunsa da,kəllə-beyin travmaları, beyin şişləri və digər nevroloji səbəblərlə də əlaqəli ola bilər. Afaziya insanın nitqi anlamaq, fikirlərini sözlərlə ifadə etmək, sözləri tapmaq, oxumaq və yazmaq bacarıqlarına müxtəlif dərəcələrdə təsir göstərə bilər [1].
Afaziyanın əsas növləri
Afaziyanın klinik formaların amotor (qeyri səlis), sensor (səlis), konduksiya,anomik, semantik və qlobal afaziya daxildir. Bu formalar dil funksiyalarının müxtəlif komponentlərinin fərqli şəkildə pozulması ilə xarakterizə olunur. Pasiyentlərdə bir neçə formaya xas əlamətlər birlikdə də müşahidə oluna bilər; buna görə təsnifat klinik qiymətləndirmə ilə birlikdə aparılmalıdır [1].

Afaziyanın neyrobioloji əsasları
Dil funksiyaları beynin yalnız bir sahəsinin fəaliyyəti ilə məhdudlaşmır. Bu funksiyalar müxtəlif beyin sahələrinin və onları birləşdirən sinir yollarının qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Əksər insanlarda sol yarımkürə dilin emalında mühüm rol oynayır.
Broka sahəsi nitqin ifadəsi ilə əlaqəli proseslərdə iştirak edir. Sol gicgah payının dil şəbəkələri sözlərin mənasının və nitq məlumatlarının emalında mühüm rol oynayır. Qövsvari dəstə (arcuate fasciculus) isə frontal və temporal dil şəbəkələri arasında əlaqə yaradan ağ maddə yollarından biridir. Bununla belə, dilin anlaşılması və ifadəsi ayrı-ayrı “mərkəzlərdən” daha geniş, qarşılıqlı əlaqəli şəbəkələrin fəaliyyətindən asılıdır [1, 2].
Neyroplastiklik və bərpa potensialı
Neyroplastiklik beynin təcrübə, öyrənmə və zədələnmə nəticəsində sinir əlaqələrini və funksional təşkilini dəyişdirmək qabiliyyətidir. İnsultdan sonra dil funksiyalarının bərpasında qorunmuş sinir şəbəkələrinin fəaliyyəti, mövcud əlaqələrin yenidən təşkili və müəyyən hallarda digər beyin sahələrinin iştirakı rol oynaya bilər [2].
Tədqiqatlar dil funksiyalarının bərpasının mürəkkəb və fərdi proses olduğunu göstərir. Sağ yarımkürənin bəzi sahələri müəyyən hallarda kompensasiyaya töhfə verə bilər, lakin həmin sahələrdə aktivliyin artması avtomatik olaraq daha yaxşı bərpa demək deyil. Nəticələr zədələnmənin yeri və həcmi, qorunmuş dil şəbəkələri və pasiyentin fərdi xüsusiyyətləri ilə əlaqəlidir [2, 3].

Nəticə
Afaziyanın neyrobioloji əsaslarının öyrənilməsi dil pozuntularının yaranma mexanizmlərini və beynin bərpa potensialını daha dərindən anlamağa imkan verir. Neyroplastiklik və dil şəbəkələrinin yenidən təşkili afaziya reabilitasiyasının elmi əsasları arasında yer alır.Bu biliklər pasiyentin ehtiyaclarına uyğun, məqsədyönlü reabilitasiya yanaşmalarının seçilməsinə kömək edə bilər.
Mədinə Məhəmmədi
Loqoped · Defektoloq
Ədəbiyyat
1.NationalInstituteonDeafnessandOtherCommunicationDisorders(NIDCD).Aphasia. https://www.nidcd.nih.gov/health/aphasia
- Kiran, S., Meier, E. L., & Johnson, J. P. (2019). Neuroplasticity in Aphasia: A Proposed Framework of Language
Recovery. Journal of Speech, Language, and Hearing Research, 62(11), 3973–3985.
https://doi.org/10.1044/2019_JSLHR-L-RSNP-19-0054
- Wilson, S. M., & Schneck, S. M. (2021). Neuroplasticity in post-stroke aphasia: A systematic review and
meta-analysis of functional imaging studies of reorganization of language processing. Neurobiology of
Language, 2(1), 22–82. https://doi.org/10.1162/nol_a_0002











































































































































































