Faiq Agayev

Faiq Ağayev: “Onların gözündə aclıq yazılıb, “mən yemək istəyirəm” şüarı var” – MÜSAHİBƏ

Baxış sayı: 1. 857

Xalq artisti Faiq Ağayev Azərbaycan incəsənətində istedadı, savadı, intellektual səviyyəsi, dünyagörüşü ilə seçilən addır. Onu seçilən edən məqamlardan biri də hər zaman zövqlü geyimi, səliqə-səhmanı, özünəbaxımlı olmasıdır. Bu dəfə Faiq Ağayevlə yaradıcılıqdan yox, gündəlik həyatı, yaşam tərzi ilə bağlı söhbət etmişik.

– Ola bilər ki, gecə gec yatıb, səhər tez oyanasınız. Üzünüzdəki yorğunluq və yuxusuzluğu gizlətmək üçün xüsusi üsul və ya vasitəniz varmı?

– Gec yatıb tez oyananda üzüm şiş olur, o zaman həyata nifrət edirəm (gülür). Ancaq mahnı oxuyan kimi eynim açılır. Ona görə neçə vaxtdır heç bir səhər efirinə getmirəm. Müstəsna hallarda, ildə 2-3 dəfə səhər efirə çıxaram. Çox gec – səhər saat 6-7-də yatıram. Günorta saat 1-də yuxudan oyanıram. Bütün səhər efirləri də saat 1-ə qədər bitir. İstisna kimi, məsələn, saat 12-də gedə bilərəm. 12-də verilişdə olmaq üçün gərək saat 9-da yuxudan oyanım. Çünki hazırlaşmaq, saç, üz, geyim, bir az özünə gəlmək var. Yuxudan oyandıqdan sonra özümə gəlmək üçün yemək yeyirəm. Əslində heç kimə məsləhət görmürəm, yemək vaxtı kompüterə baxmaq, internetdə gəzişmək ziyandır, amma mən yerli və xarici saytları nəzərdən keçirirəm, sosial şəbəkələrə baş vururam. Təqribən bir saatım belə keçir. Həmin vaxta qənaət edib yatsam və bunları etməsəm, misal üçün, dərhal təraş olsam və ya saçımı düzəltsəm, efirə yarıkal vəziyyətdə gələcəm.

– Ümumiyyətlə, özünüzə nə qədər vaxt ayırırsınız və necə qulluq edirsiniz?

– Bizim stabil iş qrafikimiz yoxdur. Anam həmişə deyir ki, camaat işdən evə qayıdır, sən işə gedirsən. İşimiz adətən axşamlar başlayır. Elə olur ki, bütün günü boş oluram. Çox vaxt gərgin iş rejimi olanda gileylənirəm ki, nə vaxt istirahət edəcəm?! Bekar olanda isə hirslənirəm. İş yorğunluğu qəbuldur, bekarçılığın yorğunluğu betərdir. Özümə qulluq etmirəm, evdə olanda bütün günü divanda uzanıram. Ən yaxşı məşğuliyyətim kinoya baxmaq, internet, kitab və yatmaqdır. İşim yoxdursa, günorta da yatıram. Məndən soruşsalar ki, ən sevdiyiniz məşğuliyyət nədir, cavab verərəm ki, yatmaq, amma oxumaqdan sonra. Tək gəzməyi sevmirəm. Mütləq bir təhrikçim, motivatorum olmalıdır, desin ki, “dur, gedək kinoya”, ya “dur, gedək rayona”. 10 dəqiqəyə yığışıb burdan Balakənə, Şəkiyə, Lənkərana gedərəm. Elə olur, bütün günü evdə otururam, havadan belə, xəbərim olmur. Bir də görürəm feysbukda yazırlar ki, bu nə yağışdır?! Boylanıram pəncərəyə ki, doğrudan da yağış yağır. Evdə oturmağı heç sevmirəm.

– Sözsüz ki, gözəllik salonuna gedirsiniz. Maraqlıdır, eyni salonun xidmətlərindən istifadə edirsiniz, yoxsa tez-tez dəyişirsiniz?

– Neçə ildir gözəllik salonlarına yalnız tələbat olanda gedirəm, çünki vaxta qənaət edirəm. Bilirsiniz ki, küçələrdə tıxaclar olur. Normalda salona 15 dəqiqəyə çatıramsa, salonda 40 dəqiqə, bir saat vaxt keçirirəm, üstəgəl 15-20 dəqiqəyə geriyə qayıdıram. Amma hərəkət sıxlığına görə bu 1 saat yarım təxminən 3 saat vaxt itkisinə çevrilir. Ondansa 2 saatını evdə yatıram, saçımı da, üzümü də özüm səliqəyə salıram. Bugünkü hazırlığımı da özüm etmişəm. Vizajistlərlə yalnız bəzi kliplərimdə işləmişəm. Üzümü heç vaxt heç kimə etibar etmirəm. Saçımı isə əvvəllər yaşadığım evin altındakı məşhur bir salonda düzəltdirirdim. Ümumiyyətlə, saçlarıma qulluq edən adamam. Adi günlərdə məni ancaq kepkada görərsiz. Çox nadir hallarda, əgər çəkiliş yoxdursa, saç düzümü edərəm. Salona ayda 2 dəfə gedirəm, saçımı, dırnaqlarımı kəsdirirəm. Ustam harada işləyirsə, ora gedirəm. Yeni ustalara etibar etməyə ehtiyatlanıram.

– Özünə qulluq edən kişilərə metroseksual deyirlər. Bəziləri hətta bunu normal qəbul etmir, “kişi nədir üzünə krem çəkdi nədir?” deyirlər. Bu cür fikirlərə münasibətiniz necədir?

– Hər özünə baxan kişiyə də metroseksual demirlər. Məsələn, Məşədi İbada heç kim metroseksual deyə bilməz. Amma o da deyirdi ki, “saqqalımın hənasının vaxtı keçəndə…” İnsan – qadınlı-kişili, böyüklü-kiçikli özünə baxmalıdır. İzafi baxanlara, bunu həyati prinsipə çevirənlərə metroseksual deyirlər. Biz onları əvvəllər “şampunçik” adlandırırdıq. Deyirdim, dünyada nə qədər saç jelesi emal olunursa, onun 30 faizi Azərbaycandadır. Çünki hamı saçlarına jele vururdu…

Kişi özünə baxmalıdır. Üzünə, təraş etdikdən sonra, səpməsin deyə krem vurmalıdır. Hər bir kişinin problemidir – 30 yaşından sonra dirsəyinin dərisi qaralır, qabıqlayır. Onun qarşısını almaq üçün ən azı çiməndən sonra dirsəklərinə krem sürt. Bununla sənin nə kişiliyin, nə də şəxsiyyətin, mənliyin alçalar. Cəmiyyət də dəyişir. 20-ci əsrin ortalarında rayonları demirəm, Bakıda da dama-dama şalvar geyinmək olmazdı. O vaxt şəbədə də qoşmuşdular, “qurban olum dama-dama şalvarına” deyib sataşırdılar. Çünki əsl “maço” obrazı belə olmamalıydı. İndi oğlanlar o qədər dar cinslər geyinirlər, baxanda məndə elə təəssürat yaranır ki, şalvarı “rajok”la geyinib. Bir gün doğrudan maraqlandım. Hansısa konsertin birində oğlanlardan biri damdar, kalqotka kimi şalvar geyinmişdi. Soruşdum ki, qaqaş, sən mənim canım, bunu necə geyinmisən? Cavab verdi ki, ayaqlarına sellofan kulyok dolayır, üstündən şalvarı geyinir, kulyok sürüşür və şalvar əyninə keçir. Belə işgəncələrdən keçənlər də var. Hər şeyin qədəri yaxşıdır. Kompleksi olan insanlar var, qulağı, burnu əyridir, ya da tük saçdan başlayaraq kürəyinə keçir. Mən tərəfdarıyam ki, bu insan özündən utanmasın, çəkinməsin və salona getsin, xoşagəlməz tükləri lazerlə yox etdirsin. Bunun əleyhinə deyiləm. İnsana gözünə, qaşına, geyiminə görə yox, əməllərinə, fikirlərinə görə qiymət verirəm. Əksər hallarda baxımlı insanlara irad tutanlar – özünə baxmağı bacarmayan və “kişi meymundan bir az fərqlənsə yaxşıdır” deyənlərdir.

– Özünə qulluğun bir ünsürü də ətirlərdir. Ətirlərlə aranız necədir?

– Dəlisiyəm. Amma istər kişi, istər qadınların çox ətirdən istifadə etməsini sevmirəm. İnsandan xəfif parfüm iyi gəlməlidir. “Ağır” parfümlərdən çox istifadə edənlərdən xoşum gəlmir. Düzgün parfüm seçmək lazımdır. Düstur isə budur: əgər sən öz üzərində o qoxunu hiss etmirsən, amma ətrafdakılar hiss edirsə, deməli, bu, sənin qoxundur. Əgər sən onu öz üzərində hiss edirsənsə, artıq sənin qoxun deyil. Ətir seçimində də brend olmasına yox, qoxusuna fikir verirəm. Brendə görə axtarıb iyləyə, yoxlaya bilərəm. Amma mənə yaraşmırsa, almaram, nolsun ki, məşhur brenddir.

– Xoşunuza gəlsə, lazım olan məbləği ödəyib alarsınız?

– Əgər bir şüşə ətir işlənmiş maşın qiymətindədirsə – almaram. Bu, israfçılıqdır. Onu almaq üçün gərək o qədər pul qazanasan ki, o ətrə xərclədiyin pul sənə heç nə kimi görünsün. Amma 300 manat məvacib alan insanın 2 min manata ətir alması onun psixoloji problemlərindən xəbər verir.

– Ən bahalı ətrinizin qiyməti neçəyədir?

– Yanılmıramsa, 500 manat civarında. Dayana bilmədim, aldım, amma bir dəfə ilə kifayətləndim. Hədiyyə olaraq bahalı ətirlər alıram. Qadının könlünə xoş gəlmək üçün gərək yaxşısını alasan, yaxşısı da bahalı olur. Mən hədiyyə olaraq ətir alanda insanın obrazını nəzərə alıram. Kimə hansı qoxunun yaraşacağını təsəvvür edirəm. Bu, artıq həyati təcrübədir. Risk edib o qoxunu alıram. İnsana xoş gələndə bilirəm ki, düzgün seçim etmişəm. Hələ elə olmayıb ki, kiməsə ətir alım, ondan xoşu gəlməsin. Hətta ən nazlı, kaprizli xanımlara da ətir almışam və bəyəniblər. Mənə də ətir hədiyyə edəndə qəbul edirəm. Yaxın dostlarım hansı ətri sevdiyimi bilirlər.

– Ümumiyyətlə, ən çox nəyə pul xərcləyirsiniz?

– Sənətimə. Aranjemanlar, studiya xərcləri, kliplər, səhnə geyimləri və işçilərimə.

– Xarici ölkəyə gedəndə nə almadan qayıtmırsınız?

– Baxır ölkəyə. Rusiyaya gedəndə kolbasa, konfet, qara çörək, kitablar alıram. Təyyarəyə girdikdə yaşadığım problem yükün artıq çəkisidir. O da hər zaman kitablara görə olur. Türkiyəyə gedəndə adətən interyer, ev üçün nəsə alıram. Çox maraqlı, göz oxşayan əl işləri olur. Dostlarım, ailə üzvlərim üçün hədiyyə alıram.

– Çox zövqlü geyinirsiniz. Geyimlərinizi adətən alırsınız, yoxsa tikdirirsiniz?

– Bakıdan geyim almıram. Xaricə gedəndə mütləq paltar alıram. Çox pis xüsusiyyətdir, təkəbbürdür, amma belədir: mən geyindiyimdən başqa adamda görsəm, həmin gün bütün əhvalım pozulacaq. Səhnə geyimlərim və ayaqqabılarımın 95 faizi tikilmədir. Amma adi həyatda geyindiklərim mağazadan alınmış paltarlardır. Günümə, getdiyim yerə, edəcəyim işə görə geyinirəm. Brendə əhəmiyyət vermirəm, hansısa brendin arxasınca qaçmıram. Cavalli, Dolce&Gabbana, DKNY, Etro sevdiyim markalardır. Amma gedim məhz ondan alım – yox. Xoşuma gələni, yaraşanı alıram. Misal üçün, indi dəbdir, hamı butalı köynəklər geyinir. Xoşuma gəlir, amma mənə yaraşmır. Konsertlərimdə butalı pencəklər geyinmişəm. Hiss edirəm ki, nə dəbdə ola bilər. Konsertlər zamanı Azərbaycanın əksər modelyerləri ilə çalışmışam: Hikmət Hüseynov, Renat Ramazanov, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədovadan məsləhətlər almışam. Gündəlik həyatda öz zövqümə güvənirəm.

– Ən bahalı geyiminiz hansıdır, sirr deyilsə, nə qədər pul xərcləmisiniz?

– “Ömür bumu?” mahnısının klipi üçün bir palto lazım idi. Klipdə 14 obraz canlandırmışam. Onlardan biri də varlı və kübar obraz idi. Ona görə 6 min dollara palto aldım. 2 dəfə geyinmişəm.

– Sizdən geyim istəyiblər? Məsələn, Faiq bəy, bu kostyumunuzu çox bəyəndim, qonaqlığa gedəcəm, verərsiniz geyinim?

– O qədər olub! Hətta həmkarlarım da istəyiblər. Amma vermirəm. Ən bəd ayaqda pul verə bilərəm ki, get al. Bilirəm ki, eynisini almayacaq (gülür). Çünki mən Bakıdan almamışam. Amma geyimimi heç kəsə vermirəm.

– Bəs özünüz nə vaxtsa kimdənsə geyim alıb geyinmisiniz?

– Yox. Çox vasvası, həddindən ziyadə iyrənən adamam. Amma bir dəfə məcburən olub. Dövlət tədbirinə gəlmişdim, yola çıxanda qara corab götürmək yadımdan çıxmışdı. Gəldiyimiz yerdə də mağaza yox idi. Məcbur olub kiminsə ayağından corabı çıxartdırdım, geyindim. Həmin günü necə iyrənmişdimsə, səpdim və hərarətim qalxdı.

– Geyim qədər aksessuarlar da önəmlidir. Aksessuarlarınız çoxdur?

– Bu ilin sonunda 45 yaşım olacaq. Bu günədək özümə bir dənə qızıl-zinət əşyası almışam, o da boyunbağı. Bütün üzərimdə gördükləriniz hədiyyələrdir. Heç vaxt zinət əşyası üçün mağazaya gedib, pul xərcləməmişəm. İstisna – anam, sevdiyim xanımlar üçün aldığım hədiyyələrdir. Mənim mərhələ-mərhələ gələn “xəstəliklərim” var. Bir ara qalstuklar idi, indi kəpənək-qalstuklar. Zaman var idi jiletlərlə xəstə idim, istənilən zaman ayaqqabılar və ti-şörtlər, maykalar mənim “xəstəliyimdir”. Onları 10-15 dənə ala bilərəm. Amma sənətkaram da, normal bir şeydir ki, mənə gül də hədiyyə edirlər, saat da, zinət əşyası da. Geyim hədiyyə edəndə sevmirəm. Çünki zövqümü və ölçümü tapmaq çox çətin məsələdir. Uşaqlıqdan bu günədək elə bir şey olmayıb ki, mağazadan alım və dərziyə verməyim. Həmişə dərziyə müraciət etməliyəm.

– Küpə də taxdınız. Bu da birmənalı qarşılanmadı…

– Öz tarixini, millətinin, dininin tarixini bilməyənlər tərəfindən iradlar səslənirdi. “Kişi sırğa taxmaz” deyirlər. Onda peyğəmbərlərimizin, imamlarımızın rəsminə, Nəsimi, Babəkə baxın. Ulu babalarımızın nəyə görə sırğa taxdığını öyrənin. Sırğa taxmaqla insana qiymət verilirsə, düzgün qiymət deyil. Sırğanın arxasında mükəmməl, sözünə, əməlinə cavabdeh insan durubsa, onda mənə maraqlı deyil – onun qulağında küpə var, ya yox.

– Yeməyə nə qədər önəm verirsiniz?

– Yeməyi sevirəm. Düzdür, mənə baxanda bunu demək olmaz (gülür). Amma dadlı yeməkləri sevirəm. Cənubluyam və oranın zəngin, çox dadlı mətbəxi var. Tərə, kükü, turşu-kabab, ləvəngi, ləvəngi küküsü, bunları da hər adam bişirə bilmir. Qutabı qədərində sevirəm. İldə bir dəfə qışda özümə icazə verə bilərəm ki, yarpaq xəngəli yeyim. Dostumun anası onu elə gözəl bişirir ki, qurutla verir süfrəyə. Aş sevirəm. Amma turşu qovurmanı sevmirəm, məndə həmişə yas əhval-ruhiyyəsi yaradır o. Dadı da xoşuma gəlmir. Aşı səbzi, ləvəngi ilə yeyə bilərəm. Dovğa! Dayanmadan bir qazan içərəm. İldə 1 dəfə sadə, adi kartof qızartması yeyirəm. Çünki kartof, çörək, qənd artıq on illiklərdir mənim rasionumda yoxdur. Kartof adamı kökəldir. Mən isə köklüyə meylliyəm. Qardaşlarımı görsəz, bunu anlayarsız (gülür). 1996-cı ildən bu yana çörək yemirəm, 12 il olar qənd istifadə etmirəm, qəndi balla əvəz edirəm. Bəxtim gətirib ki, şokolad, şirniyyata qarşı soyuqqanlıyam. Kabab sevirəm, amma gözlərimin qarşısında hazırlansın. Heç vaxt heç bir restoranda kabab yemirəm. Kababı inandığım insan hazırlamalıdır, ətini görməliyəm. Kababı köməkçim Azərdən yaxşı bişirən tanımıram. Rəhmətlik atamın hazırladığı kababı yeyərdim. Bu arada, yaxşı bazarlıq edirəm. Səhər yeməyini mütləq yeyirəm və yeganə yediyim vaxt – səhərdir. Onsuz da gec oyanıram. Normal insanlar nahar edəndə mən səhər yeməyini yeyirəm və masada hər şey olmalıdır, xiyar-pomidoruna qədər. Yedim-yemədim, mütləq masada olmalıdır. Heç vaxt günorta yeməyə meylim olmayıb. Bir də görürsən, axşam saat 8-9-da yemək istəyirəm. Yedim – yedim, yemədim, bir də növbəti günün səhəri yeyəcəm. Gündə 1 dəfə yemək mənə bəs edir.

– Hamı deyir ki, ən dadlı yeməyi anam bişirir. Ananızın əlindən çıxan ən dadlı yemək hansıdır?

– Parçabozbaş, ləvəngi, turşu-kabab və sırdağı anam kimi bişirən görməmişəm hələ. Dolmanı anam bişirəndə sevirəm. Gəlinlərimiz çox gözəl dovğa hazırlayır, çox dadlı şirniyyat bişirirlər. İldə bir dəfə, kiminsə ad günündə, xətrə dəyməmək üçün ağzımın dadını dəyişirəm və məhz gəlinlərimiz bişirən şirniyyatı yeyirəm. Dostum var, anası gicitkanla qutab edir, onu sevirəm. İldə 1-2 dəfə Firəngiz Mütəllimovaya zəng edirəm və xahiş edirəm ki, mənə Şuşa plovu hazırlasın. Mənim ana babam şuşalıdır. Anam da hərdən uşaqlığını yada salanda bişirir. Mən yeyən adamam. Bəlkə də fiquram belə təəssürat yaratmır. Neçə ildir çəkimi qoruyuram. 53 ideal çəkimdir. Konsert vaxtı həyəcandan 52 ola bilərəm. Ən kök vaxtım 60 kilodur, “toppuş” oluram (gülür) .

– İdmanla məşğul olmursunuz?

– 7 il sərasər həftədə 3 dəfə 2 saat məşq etmək şərtilə idmana getdim. İndi idmana getmirəm, pəhriz və bəzən sadəcə press eləməklə formamı saxlayıram. Amma idmana getsəm, bilirəm ki, 7 il də davam edər. İdmanı çox sevirəm.

– İçkilərlə aranız necədir?

– Çayxoram. Həddindən ziyada çox çay içirəm. Bu xasiyyət rəhmətlik atamdan keçib. Əfsus, qazlı içkiləri sevirəm. Spirtli içkilərdən viski içməyə üstünlük verirəm.

– Deyirlər ki, Şərq qadını balıq kimi olmalıdır. Amma son vaxtlar hamı özünü arıqladır, Avropa standartlarına uyğun gəlmək istəyirlər. Siz bir kişi olaraq bu barədə nə düşünürsünüz?

– Balıq kimi olsa, qadının beli, “taliyası” olmaz ki (gülür). Həddindən artıq arıq qızlar xoşuma gəlmir. Onların gözündə aclıq yazılıb, “mən yemək istəyirəm” şüarı var. Səadət olmur o gözlərdə. Düşündükləri ideal formaya düşmək üçün özlərinə olmazın əzablar verirlər. Sümükləri görünən xanımdan xoşum gəlmir. Özünə fikir verib, idman və düzgün pəhrizlə fiqura saxlayanlar ayrı. Amma qadın sevgi obyektidir. Sevgi obyektini qucaqlayarsan. Sür-sümük qucaqlamaq istəməzsən axı. Adam yumşaq nəsə qucaqlayar. Həddən artıq köklük də yaxşı hal deyil. Onun estetik tərəfini bir kənara qoyaq, həm də orqanizmə çox böyük ziyanı var. Mənim nənəm arıq qadın idi. Xalam əsl qəşəng Azərbaycan qadını idi, qum saatına oxşar, namnazik beli var idi, bədən forması gözəl idi. Bizim köhnə filmlərimizə baxın, Fatma Mehrəliyeva, Leyla Bədirbəyli, Nəcibə Məlikova tipli fiquraları sevirəm.

– Bir çox dünya ulduzlarının öz brendi var. Faiq Ağayevin brendi nə olardı?

– Azərbaycan milli brend üçün balaca ölkədir və burada brend yaratmaq məqsədə uyğun deyil. Buna uğursuz biznes layihə kimi baxıram. Dünya brendləri ola-ola, bizdə istehsal olunan geyimləri çox az adam alar. Bizim məşhur modelyerlərə gedib tək-tük geyimlər sifariş edirlər. Amma mağazadan hər hansı modelyerimizin paltarını almaq mümkün deyil. Əgər brendim olsaydı, təmir-dizayn studiyası açardım. Bu, mənim sevimli məşğuliyyətimdir. Evimi 2 dəfə təmir etdirmişəm, dizaynını özüm vermişəm. Anam, dostlarım evlərini təmir etdirəndə məndən məsləhət alıblar. Amma sənətimi o qədər sevirəm ki, başqa bir sənətə bel bağlaya bilmərəm. Çünki onu da sevəcəm və oxumaq qalacaq kənarda. Hansı işə bağlansam, tam varlığımla bağlanıram. Ona görə də əlavə biznesim heç vaxt olmayıb və olmayacaq da çox güman. Bəlkə qocalanda, səhnədən uzaqlaşsam, onda ola bilər, hə. Amma Allah o günü mümkün qədər uzaq etsin.

– Səhnədən uzaqlaşmaq fikriniz də var?

– Sənət adamı gücü çatana, yenilikçi olana, keyfiyyətli məhsulu tamaşaçı və dinləyiciyə təqdim edənə qədər peşəsində qalmalıdır. “Çevir tatı, vur tatı”dırsa, onda getmək vaxtıdır. Mən səhnədə rəqs edirəm, hərəkət edirəm, olduqca emosionalam. Özümü tərifləmək kimi çıxmasın, dəyərli oxucularımız da təkəbbür kimi qəbul etməsinlər, Azərbaycan estradasında müasir müğənnilər arasında yeganə nağılbazam, səhnədə aktyoram. Solo konsertlərimə, qonaq olduğum verilişlərə baxın, mən mahnını oxuyanda yaşayıram onu. Mahnıya uyğun emosiyalar keçirirəm. Ayrılıq barədə oxuyanda boğazım quruyur, ürəyim çırpınır, sevinəndə ürəyim uçur göylərə. Təbii ki, bu, müəyyən güc-qüvvət aparır. İndi hiss etmirəm. Bəlkə 60-70 yaşımda hiss etdim ki, artıq mənim o qədər enerjini sərf etməyə gücüm çatmır. Bax, onda bəlkə səhnədən uzaqlaşdım. (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir