b_400_280_16777215_0___images_stories_hamilelikdogush_hamilelik_qrip_6a6bc8abceb3e4ccc5bbffb2200d61d9

Qadınların kabusu: o sizi aldadıb, öldürə bilər…

Baxış sayı: 1. 186

Ana olmaq hər bir qadının arzusudur. Qadınlar hamiləliyi hiss etdikləri gündən dünyaya gələcək körpənin arzusu ilə yaşamağa başlayır, onunla bağlı xəyallar qururlar. Hamiləliyin necə keçəcəyini düşünür, hətta doğuş qorxusu da yaşayırlar. Ancaq bəzən heç də hər şey düşündüyümüz kimi olmur.

Bəli, hamiləlik testləri pozitivdir, hamiləliyin bütün əlamətləri var, amma nəsə yolunda deyil sanki. İlk dəfə hamilə qalanlara bu proses yad ola bilər. 2-3 uşaq dünyaya gətirən qadınlar isə hamiləlikdə olan fərqi tez bir zamanda hiss edirlər. Bəzən isə bu proses özünü çox gec büruzə verir ki, bu da qadının həyatı bahasına başa gəlir. Söhbət uşaqlıqdan kənar hamiləlikdən gedir. Beləliklə, əksər qadınların kabusuna çevrilən uşaqlıqdan kənar hamiləlik haqda yazını təqdim edirik.

Bu problemlə üzləşən qadınlardan biri Nigar Quliyevadır. O deyir ki, 8 ildir ailə həyatı qurmuş olsa da, bu illər ərzində övladı olmayıb. 3 ay əvvəl isə hamiləlik sevinci yaşayıb. Amma…

“8 ildə heç hamilə qalmamışdım, müalicə alırdım. Bir neçə ay əvvəl halımda dəyişiklik hiss etməyə başladım. Hamiləlik testi aldım. Pozitiv çıxdı. Bir ayın tamam olmasını hesablayıb, həkimə getdim. USM-lə müayinə edən həkim dölün görünmədiyini bildirdi. Dedi ki, bir həftə sonra gəl, bir də baxım. Çox həyəcanlanırdım. İlk övladım olacaqdı. Bir həftə sonra yenə döl görünmədi. Bu dəfə həkimim məni transvaginal USM-ə göndərdi. Hamilə idim, amma uşaqlıqdan kənar, sol yumurtalıq hamiləliyi. Ağır bir proses olduğunu, bu vəziyyətin ölkədə müalicəsi olmadığını bildirdilər. Özümü çox pis hiss edirdim. Əsəblərim gərilmişdi. Əməliyyat olunmalı idim. Əks təqdirdə, gündən-günə inkişaf edən döl yumurtalığı partladıb məni öldürə bilərdi. Bir neçə xəstəxanaya müraciət etsəm də, bu problemin yalnız əməliyyat yolu ilə aradan qaldırıla biləcəyini dedilər”.

N. Quliyeva 2 ayın tamamında əməliyyat edilir və sol yumurtalığı çıxarılır. Həkimlərin fikrincə, 8 ildə ana ola bilməyən qadının hamilə qalmaq şansı əməliyyatdan sonra 50 faiz də azalıb .

Uşaqlıqdan kənar – boru-yumurtalıq hamiləliyi dünyada hər 10 qadından birinin yaşaya biləcəyi problemdir.

Uşaqlıqdan kənar hamiləlik zamanı normal hamiləlikdə müşahidə edilən simptomlar görünsə də, bu, sadəcə bir təqlid, yanıltmadır. Menstruasiya gecikməsi, hamiləlik testlərinin müsbət olması, qusma, ürək bulantısı, döşlərdə həssaslıq kimi əlamətlər normal hamiləlikdə olduğu kimi, uşaqlıdan kənar hamiləlikdə də müşahidə edilir. Yumurtalıqlarda və ya borularda mayalanan döl böyüməyə başlayır və müəyyən bir dövrdən sonra boruları gərir, partladır, qanaxmaya və ölümə səbəb olur. Bu hal vaxtında müəyyən edilmədiyi təqdirdə xəstə ölüm təhlükəsi ilə qarşılaşır və ya həyatını itirir.

Mütəxəssislərin fikrincə, borularda tıxanma yaradan və spermanın – fetüsün hərəkət qabiliyyətini azaldan bütün vəziyyətlər uşaqlıqdan kənar hamiləlik üçün zəmin yaradır. Bunlardan ən çox müşahidə ediləni xəstənin keçirdiyi infeksiyalardır. Qadın çox infeksiya keçiribsə, hüceyrələr zamanla zəifləyir və yapışqanlıq dərəcəsi azalır. Bu yapışqanlıq həm boruların içində olur, həm də borunun daxili kanalını bağlayaraq, kənarlarına dolur. Bu tıxanmalar spermanın keçməyinə maneçilik törədir və nəticədə sonsuzluq da müşahidə edilə bilər. Bəzən isə sperma keçə bilir və uşaqlığa sürüşməyərək, yapışqanlığa ilişib qalır və beləcə, uşaqlıdan kənar hamiləlik baş verir.

Ginekoloq Yayla Babayeva deyir ki, yapışqanlığa təkcə infeksiyalar deyil, keçirilmiş əməliyyatlar da səbəb ola bilər: “Uşaqlıqdan kənar hamiləlik qadınlarda əsasən 35 yaşından sonra müşahidə edilir. Buna keçirilən infeksiyalar, əməliyyatlar, yumurtalıqların anadangəlmə qüsurları, spirallar, hamiləlik əleyhinə olan həblər səbəb ola bilər. Çox zaman qadınlarımız arzuolunmaz hamiləlikdən qorunmaq üçün spiral qoydurmağa üstünlük verirlər. Həqiqətən də spiral hamiləliyin qarşısını alır. Spiral qoyduran qadınların hamilə qalma şansı çox az olur. Amma spiral qoydurmuş qadında hamiləlik baş tutubsa, bu, 99 faiz uşaqlıqdan kənar hamiləlikdir”.

Həkim bildirir ki, daha əvvəl uşaqlıqdan kənar hamiləlik keçirmiş qadınlarda yenidən oxşar halın baş vermə riski daha çoxdur.

Y. Babayevanın sözlərinə görə, uşaqlıqdan kənar hamiləliyin normal hamiləlikdən cüzi də olsa fərqləri var. Yəni uşaqlıqdan kənar hamiləlik zamanı normal hamiləliyin əlamətləri ilə yanaşı, qarnın altında ağrılar, anormal vaginal qanaxma, çiyin, kürək ağrıları, huş itirmə halları müşahidə edilir. Belə simptomları olan xəstələrə həkim telefonla da diaqnoz qoya bilər. Bəzən isə çox kəskin əlamətlər olmaya da bilər: “Qadın özünü hamilə bilir, testlər pozitiv olur, amma uşaqlıq boşdur, USM dölü göstərmir. Uşaqlıqdan kənar hamiləlik adətən 2-ci aydan sonra USM vasitəsilə müşahidə edilir. Bunu da çox bacarıqlı həkimlər müəyyənləşdirə bilər. Uşaqlıdan kənar hamiləlik 8-ci həftədən sonra təhlükəli olmağa başlayır. Əgər qadın hamiləliyində qeyri-adilik hiss edirsə, mütləq həkimə müraciət etməlidir. Əlamətlər olmasa belə, hamiləlik hiss ediləndən 2 həftə sonra həkim müayinəsi mütləqdir. Düzdür, bu problemin müalicəsi yoxdur. Amma uşaqlıqdan kənar hamiləlik tez bir zamanda müəyyən edilib, əməliyyat yolu ilə götürülən zaman ananın ölüm riski olmur. Gecikdiyi hallarda döl yerləşdiyi boruda və ya yumurtalıqda inkişaf edir, böyüyür, olduğu bölgəni partladır, daxili qanaxma başlayır. Və bu zaman ananın həyatını qurtarmaq çox çətin olur”.

Uşaqlıqdan kənar hamiləliyin ən uğursuz halı heteropik hamiləlikdir. Bu zaman həm normal, həm də uşaqlıdan kənar hamiləlik eyni vaxtda baş verir və USM-lə uşaqlıqdan kənar hamiləliyi müəyyənləşdirmək çətin olur. Bu isə ananın həyatı üçün çox risklidir. Belə problem yaşandığı zaman həkimlər xəstəni daimi nəzarətdə saxlamağa məcbur olurlar.

Azərbaycanda uşaqlıdan kənar hamiləliyin dərman üsulu ilə müalicəsi yoxdur. Müxtəlif ölkələrdə bu problemin ayrı-ayrı həll yolları olsa da, Azərbaycanda yeganə çarə əməliyyatdır. Əməliyyatlar açıq və ya laporoskopik üsulla həyata keçirilir. Çox az hallarda hamiləliyin inkişaf etdiyi borunu və ya yumurtalığı saxlamaq mümkün olur. Adətən boru və yumurtalıq kəsilib götürülür.

Yayla Babayeva söyləyir ki, bəzi ölkələrdə bu problemin müalicəsi var və müəyyən dərman preparatları ilə dölün inkişafını və düşməsini təmin etmək olur. Amma bu, ağır bir proses olduğu üçün həmin dərmanlar ölkəyə gətirilmir, hətta fərdi şəkildə gətirilsə belə, heç bir həkim bu riskin altına girmək istəmir: “Çünki Azərbaycanda bu problemin köklü həlli yoxdur. Bir neçə həkim bunu etmiş olsaydı, təcrübələrindən bəhrələnmək mümkün olardı. Amma bu üsul qadın həyatını təhlükədə qoyduğu üçün heç kim yaxın durmur. Bir səhv addım qadın üçün ölüm deməkdir”.

Həkim bildirir ki, uşaqlıqdan kənar hamiləlik yaşayan qadınlar yenidən cinsi həyata başlamağa, hamilə qalmağa qorxurlar: “Əməliyyatdan 3 həftə, bəzən isə 3 ay sonra cinsi əlaqəyə icazə verilir. Qorunma mütləqdir. Amma bu dəfə daha diqqətli olmaq lazımdır. Övlad arzusunda olan qadınlara əməliyyatdan 6 ay sonra yenidən hamilə qalmağa icazə verilir. 6 aydan tez baş vermiş hamiləlik əməliyyatdan çıxmış qadın üçün təhlükəli hesab edilir. Əməliyyatdan sonra 3 ay müddətində xəstəyə 3 kilodan ağır əşya götürməyə icazə verilmir. Borusu və ya yumurtalığı götürülmüş qadınların yenidən normal və ya uşaqlıdan kənar hamiləlik yaşama şansı daha çox olur. Bütün deyilənlərə nəzər yetirilərsə, qadınlar heç bir problem yaşamaz”.

Qonşu Türkiyədə uşaqlıqdan kənar hamiləlik 3-4-cü həftələrdə müəyyən edildiyi təqdirdə, bəzi dərmanlarla sonlandırıla bilir. Xəstə daim həkim nəzarətində olur və qəbul etdiyi dərman preparatları ilə hamiləliyi dayandırılır. Acınacaqlı olsa da, Azərbaycanda bu riski heç bir həkim üzərinə götürmək istəmədiyi üçün uşaqlıqdan kənar hamiləliyin sonlandırılmasının yeganə yolu əməliyyatdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir