20 yanvar

Əbədi qəhrəmanlıq dastanı

Baxış sayı: 576

Müasir Azərbaycan tarixində 20 Yanvar hadisələri həm ümummilli faciə, həm də qəhrəmanlıq salnaməsi kimi xüsusi yer tutur. Təsadüfi deyil ki, bu tarix xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin simvolu kimi də qəbul olunur. 1990-cı ilin həmin qanlı və soyuq yanvar gecəsində son nəfəsini verməkdə olan sovet imperiyası xalqımızın milli azadlıq ruhunu boğmaq istəsə də, tamam əks nəticə ilə üzləşdi. Məhz bu hadisə imperiyanın dayaqlarını daha sürətlə laxlatdı, onun iç üzünü, göz qırpmadan dinc vətəndaşları güllə-boran etməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Dünyaya car çəkilən azadlıq eşqi

Həmin gün Sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Haqq səsini ucaldan, azadlıq eşqi ilə meydanlara çıxan insanlar güllə yağmuruna tutuldu. Qadınlara, uşaqlara, yaşlılara belə mərhəmət edilmədi, 131 insan şəhid oldu, 744 nəfər yaralandı, 841 şəxs qanunsuz həbsə atıldı. Sonradan aparılan araşdırmalar nəticəsinə o da bəlli oldu ki, Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların kontingenti faciə zamanı 200 evə, 80 avtomobilə, hətta təcili yardım maşınlarına da atəş açmaqdan çəkinməyiblər. Bu, sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi açıq cinayət idi. Lakin 20 Yanvar təkcə qanlı bir cinayət kimi tarixə həkk olunmadı, eyni zamanda böyük qəhrəmanlıq nümunəsi kimi yaddaşlara hopdu.

Azərbaycan xalqı tankların, silahların qarşısına əliyalın çıxaraq, öz azadlıq iradəsini bütün dünyaya nümayiş etdirdi. Məhz şəhidlərimizin göstərdiyi fədakarlıq müstəqil Azərbaycan dövlətinin təməl daşlarından birinə çevrildi. Əli Azərbaycan xalqının, ilk növbədə günahsız insanların qanına bulaşan sovet rəhbərliyi faciəni gizlətməyə çalışsa da, buna nail ola bilmədi. Xüsusən də 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet ordusunun dinc əhaliyə divan tutmasını kəskin şəkildə pisləməsi, həyati təhlükə ilə üzləşməsinə baxmayaraq, ittifaq rəhbərliyinə qarşı açıq etirazını bildirməsi, kimliyindən asılı olmayaraq, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi 20 Yanvar hadisələrindən, bununla bağlı həqiqətlərdən dünyanın vaxtında xəbər tutmasında müstəsna rol oynadı.

Qara Yanvara gedən yolun başlanğıcı

20 Yanvar hadisələri Azərbaycan ərazilərinə qəsd kontekstində, Qarabağ münaqişəsi fonunda baş verdi. Ermənilərin marionetinə çevrilən, onların Azərbaycana qarşı qəsdinə xeyir-dua verən Mixail Qorbaçovun özünə rəqib kimi gördüyü, Ulu Öndər Heydər Əliyevə qarşı qısqanclığı təkcə Azərbaycan ərazilərinin işğalına yox, həm də Qara Yanvara gedən yolun başlanğıcı oldu. Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Azərbaycana qarşı hücumlar intensivləşdi. Xalqımızın haqq səsini ucaltması, ədalətsizliyə, Qarabağda aparılan separatçı siyasətə və mərkəzi hakimiyyətin biganəliyinə qarşı etirazı sovet rəhbərliyini qorxuya saldı. Yüksələn milli ruhu boğmaq üçün  Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin bölmələri Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bir sıra rayonlarına yeridildi, ağır texnika və müxtəlif növ silahlarla dinc sakinlər qətl edildi, ötən əsrin ən dəhşətli faciələrindən birinə imza atıldı. Həmin dövrdə xalqı düzgün istiqamətə yönəldəcək rəhbərin, siyasi qüvvələrin yoxluğu da qətliamın yaşanmasında az rol oynamadı. Amma baş verənlər Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi, əksinə,  onun siyasi özünüdərkinin, milli məfkurəsinin inkişafına təkan verdi, sovet imperiyası isə Azərbaycanda bütün dayaqlarını itirdi, ölkəmizdə müstəqilliyə gedən yol dönməz xarakter aldı. Bu səbəbdən 20 Yanvar hadisələri həm də bir şərəf, real qəhrəmanlıq dastanıdır.

Şəhidlərin görmək istədiyi Azərbaycan 

Bu faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsi Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdi, onun müəllifi isə Ümummilli Lider Heydər Əliyev oldu. Məhz onun təşəbbüsü ilə 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Həmin vaxt Azərbaycan parlamentinin qəbul etdiyi müvafiq qərarda faciənin günahkarları konkret şəkildə qeyd olundu.

Növbəti mühüm addımlar şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edilməsi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksinin ucaldılması, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi oldu. 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən fərman verildi. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin çözümünə hər zaman xüsusi diqqət edir.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir. Şəhidlər Xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Burada uyuyan şəhidlərin ruhları isə indi öz əbədi sakitliklərinə qovuşublar. Çünki onların uğrunda mübarizə apardıqları Azərbaycan azaddır, müstəqildir, ərazi bütövlüyünü bərpa edib, hamı tərəfindən hörmət edilən bir ölkəyə çevrilib. 20 Yanvar şəhidlərinin xatirəsi isə həmişə qəlblərdə yaşayacaq və Azərbaycan xalqının azadlıq yolunda sarsılmaz iradəsinin simvolu olaraq qalacaq.

 

Rasim MƏZAHİROĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir