Tanınmış aktyor, kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat” qəzetinə müsahibə verib. «Gencaile.az” müsahibəni təqdim edir:
– Əbdül bəy, son vaxtlar köhnə kinolarımızın ətrafında xoşagəlməz müzakirələr getməkdədir. Bu məsələyə münasibətinizi bilmək istərdik.
– Mənim 74 illik ömrümün 70 ilə yaxını kinoda keçib. Öləndə də kinoda öləcəm. Əbədi və əzəli kino mədəniyyətimiz var. Bu, böyük məsuliyyət tələb edən bir işdir və bununla yüksək intellektual səviyyəli, peşəkar insanlar, millətin tarixini, milli-mədəni dəyərini, milli ruhunu bilən insanlar məşğul olmalıdır. Son vaxtlar isə bizim kinomuza qarşı təxribatlar olur. Bilmirəm hardan əsaslanıb götürüblər, sensasiya axtaran bəzi kinodan xəbərsiz jurnalistlər özlərindən müəyyən şeylər çıxardırlar. Elə klassik şeylər var ki, onlara toxunmaq olmaz. Əgər bu gün kimsə sensasiya axtarırsa, zəhmət çəkib özündən başlasın ki, özü bu cəmiyyətə, mədəniyyətə, böyük poeziyaya, milli-mədəni dəyərinə yararlı olsun, xeyir versin, onunla məşhur olsun, tanınsın. Yoxsa ki, özgələrinkini sökməklə özünə hörmət qazanmağa çalış, belə olmur.
– Xocalı faciəsindən artıq 25 il ötür. Bu və ya digər hadisələrlə bağlı film çəkmisizmi?
– Ümumiyyətlə, Qarabağ tarixini tədqiq edib, az-çox bilən adamlardan biriyəm. Zamanında M.F.Axundzadə, Q.Zakir, X. Natəvan haqqında Əzizə Cəfərzadə və Fərman Kazımzadə ilə birgə iş aparırdıq ki, niyə Qarabağ kal armud olub regionda hökmranlıq edən ölkələrin boğazında qalıb, bu nə məsələdir və sairə. Sonrakı dövrlərdə isə burada ən ağır faciələr törədildi. Müharibələr həmişə olur, insanlar ölür. Amma biri var ki, o insanlar müharibədə ölsün, biri də var ki, müharibədə iştirak etmədən, ağıla gəlməyən dəhşətli vasitələrlə dinc insanlar qətlə yetirilsin. Körpə uşaqları borulara doldurub, ağzını qaynaq edib dərələrə atsınlar, uşaqlar da havasızlıqdan çürüyüb məhv olsunlar, sonra da onları çıxardıb itlərə yedirsinlər. Bu haqda əlimizdə faktlar var. Niyə bunlara indiyə qədər cavab verilmir? Ona görə ki, bunun arxasında böyük xristian maraqları, türkü parçalamaq prosesləri var. Bu gün bu faciənin arxasında duran qüvvələr də, icraçısı olan ermənilər də bəllidir. Ermənilərə heç vaxt inanmaq olmaz. Bir siyasi oyun oynayıb aktiv surətdə ermənilərin bu gün bura barışıq adı ilə qaytarılması cəhdi boş cəfəngiyatdır, əmələ gələn bir şey deyil. Ürəyiyumşaqlıq edib onları yenə içimizə buraxmaqla 50-100 ildən sonra xalqımız üçün yenidən bir faciə yaratmış olacağıq. Ona görə də olmaz, qətiyyən! Bütün bunları “Qan yaddaşı” filmimdə qeyd etmişəm. Əslində söhbət Qərbi Azərbaycandan getməlidir. Bu işin əsli kökü Qərbi Azərbaycandan başlayır, o milyonluq tarixə əsaslanır. İrəvan quberniyasına ermənilərin necə gətirilməsi, bunun tarixi bəllidir. Bu faciələrin açılması, həll olunması üçün ilk növbədə ermənilər İrəvandan boşaldılmalıdır.
– Amma “Qan yaddaşı” filmi ekranlarda yoxdur…
Bu filmin çəkilişi çox baha başa gəldi, demək olar ki, öz gücümüzə hazırladıq. Heç kim mənə köməklik etmədi, baxmayaraq ki, Azərbaycanda hamıya müraciət etdim. Mənim əlimdə İrəvandan qaçqın düşmüş Əli müəllim adında bir alimin tarixi sənədləri var idi. O, arxivlərdə işləmiş alim idi. Ermənilər tarixi saxtalaşdırmaq, yalançı erməni tarixi düzəltmək üçün müəyyən sənədləri məhv edir, gətirib Ermənistanda arxivlərdə gizlədirlər. Əli müəllim də zamanında orda işləyib və o, 30 tarixi sənədi mənə vermişdi. Həmin sənədlərdə İrəvanın ermənilərə verilməsi, Fətəli Xan Xoyskinin məcburən sənədə qol çəkməsi, iki nəfərin isə qol çəkməkdən imtina etməsi və sairə tarixi faktlar əks olunub. Mən də bu və digər faktların əsasında həmin filmi çəkib ortalığa qoydum. Filmdə heç bir türk aliminə istinad etməmişdim, hamısı rus alimləri, erməni alimlərinin faktları idi. Ermənilər özləri özlərini ifşa edir…
Və min bir zəhmətlə o filmi ərsəyə gətirdim, hamı töküldü üstümə. Amma indi televiziyalar 6-7 film hazırlayırlar, hamısı da həmin filmdən götürülmə mənbələrdir. Yaxşı, məni güllələyib öldürün, amma axı ideoloji mübarizə aparmalıyıq. Əsas müharibə ideoloji müharibədir. Dedim ki, heç olmasa o filmi bir neçə dilə tərcümə edək, bütün dünya faktları görsün, o faktları ki, dünya şöhrətli alimlər, erməni tarixçilərinin özü deyir. Cavab verdilər ki, “sənin işin-gücün yoxdur?”. Mən isə elə bilirdim ki, onlar mənə heykəl qoyacaq, çiyinlərində götürəcək, hər şey edəcəklər və tərcümə edib bütün dünyaya yayacaqlar.
– Sizə mane olmaq istəyən kimlər idi?
– Hamı! Müraciət etmədiyim adam qalmamışdı, özü də yazılı, izahatlı. Bütün bunlar faktlardır, indi Xocalı faciəsini qeyd edəndə elə həmin faktları da onun üstünə qoyub dünyaya çatdırsınlar da. Yoxsa təqvimdən təqvimə hamımız çıxıb müsahibə verib, basıb-bağlayırıq, təqvim qurtarandan sonra gözləyirik gələn ili. Mən heç vaxt ömrümdə bir adamın toyuğuna kiş deməmişəm, bostanına daş atmamışam, 50 ildir ki, işim-gücüm milli-mənəvi dəyərimiz, tariximizin təbliği ilə bağlıdır. Bu gün mənə düşməni münasibətin kökündə başqa nə durur, əgər bu deyilsə? Bir daha qeyd edirəm ki, bu sənədli filmin davamı gəlməlidir, bir neçə dildə dünyaya çatdırmaq lazımdır.
– Bəs Qarabağ olayları, 20 Yanvar hadisələri və digər faciələrimizdən bəhs edən filmlər sizi qane edirmi?
– Qətiyyən etmir. Mən peşəkar adamam, ağzı əyrini qulağının dibindən tanıyıram. Görürəm ki, o filmlərin çoxu populizm xatirinə və yaxud qeydiyyata düşmək, dövlətdən nəsə ummaq üçün çəkilir. Sovet dövründə müharibə ilə bağlı çəkilən böyük filmlərimiz var. Fikir verin, o filmlər hansı səviyyədədir. Məsələn “Şərikli çörək”, “Tütək səsi”, “Mən ki, gözəl deyildim” filmlərində heç bir populizm, yarınma yoxdur. Bu gün isə tarixi faciəmizlə alver edənlər var. Kimlərdir onlar; səviyyəsiz, hazırlıqsız kinoçular. Səviyyəsiz, hazırlıqsız şeyləri, ordan-burdan kadrlar götürür, yığıb üstündən basıb-bağlayırlar. Onlara axı kimdir baxan, qulaq asan. Heç Biləcəridən o tərəfə keçmir. Əgər dəvədən düşmüşüksə, höt-hötü yerə qoymalıyıq. Əgər bizə miras qalan, möhtəşəm yüz min illik tariximizi murdarlardan təmizləmək, ad-sanımızı yenidən özümüzə qaytarmaq istəyiriksə intriqalarımızı, şəxsi qarşıdurmaları, çirkin məqsədli, qərəzli hərəkətlərimizi bir tərəfə qoyub, kişi kimi iş görməliyik. Ya da ki, bacarmırıqsa, bunu kənara qoyaq, gələcək nəsil daha şərəfli yerinə yetirər.
“Kəlbəcərdə kino çəkilişi zamanı yerli uşaqlarla gənclər arasında rus qızlarının üstündə “razborka” olmuşdu, İsgəndər Həmidov başının dəstəsi ilə gəlmişdi…”
– Şah İsmayıl Xətai haqqında film çəkəcəyinizi bildirmişdiz, bəs o məsələ nə yerdə qaldı?
– Filmin ssenarisi yazıldı, təsdiq olundu, mərhum Heydər Əliyevin göstərişi ilə o filmə 1 milyon manat xərc çəkildi. Amma film saxlanıldı. Niyə saxlanıldı, kim saxladı, bəlli deyil… Əgər pul yoxdursa, bəs niyə gic-gic kinolar çəkilir, xanlar belə gəldi, bəylər belə getdi. O xanların, bəylərin sayəsində Azərbaycan vahid dövlət ola bilməyib.
– Şah İsmayıl Xətai mövzusu da son vaxtlarda tez-tez müzakirə olunur…
– Onlar tarixi bilmirlər. Bir də ki, bunun parlamentə axı nə dəxli var? Deputatsansa, get işinlə məşğul ol da.
– Gələk “Bizim Cəbiş müəllim” filminə. Ötən həftə bu filmdən çıxarılan “xəyanət” kadrı ictimaiyyətə təqdim olundu və böyük səs-küyə, qalmaqala səbəb oldu. Filmin rejissoru kimi bu olayı necə qarşıladız?
– Mən filmin rejissoruyam, quruluşçu rejissor Həsən Seyidbəyli idi. Film müharibə illərində arxa cəbhə üçün çəkilən ən gözəl, ən həzin, ən real filmdir. Mən çox təəssüf edirəm belə şeylərə. İndi bəzi gənc kinoçular “dınq edib” yumurtadan çıxıblar, xoş gəlib səfa gətiriblər, amma zəhmət çəkib ortalığa bir iş qoysunlar. Mən bütün mətbuat işçilərinə, yazarlara müraciət edirəm, əvvəla gedin bildiyiniz işlə məşğul olun, ikincisi də əgər nəsə yazmaq istəyirsinizsə hələ sağ olan adamlar var, gəlin soruşun, populizm naminə qonşunun atının, inəyinin vurub gözünü çıxartmayın. Əgər bundan sonra bu mövzuya kimsə qayıtsa, mən onu məhkəməyə verəcəm. Azərbaycan qadınları tarixən cəsarətli, şəxsiyyətli qadınlar olub. Müharibə vaxtı millət acından qırılır, belə bir şəraitdə belə bir qadın həddindən artıq ideallaşmış, əlindən savaddan başqa heç bir iş gəlməyən ərinin vəziyyətdən çıxış yolu tapmayacağını bilib, ailəsini xilas etməyə çalışır. Buna görə də o, ərini məcbur etməlidir ki, sabun bişirib satsın, ailəsini dolandırsın. Əri də bu işə yaramadığından məcburən alverçilərlə iş qurmağa çalışır. Beləliklə də kişi kimi dolanışıq məqsədi ilə qonşusunun evinə gəlir və ona qarşı şərəfsizlik edən qonşusunun dərsini verir. Kadrlardan da gördüyünüz kimi kişini yun çubuğu ilə döyür. Orda qadının kişiyə əl qaldırması bizim üçün estetik baxımdan yaxşı olmadığı üçün olay qaranlıq otaqda baş verir… Xahiş edirəm, bir daha bu mövzu açılmasın, deyilənlərin hamısı cəfəngiyatdır.
– Kadrları çıxarılan, dəyişdirilən daha hansı filmlərimiz var?
– Dəyişdirilən “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Dəli Kür” və mənim əsərim “Qaçaq Nəbi”dir. Niyə dəyişdirilib, indi sizə izah edim. “Dəli Kür”də Cahandar ağanı kazaklar öldürür. Mən o filmin ikinci rejissoru idim. Moskvadan dedilər ki, “uşaqlar gedin, özünüz özünüzü öldürün, filmdə bizim rus əsgərləri sizə güllə atmasın”. Halbuki güllə atan Çar Rusiyasının adamları idi. Görün, bunlar özlərini necə müdafiə edirlər. Beləliklə məcbur olub o epizodu dəyişdik. “Axırıncı aşırım” da isə Kərbəlayi Qəmlonu öldürür. Bu obrazlar o vaxtı hakimiyyət üçün mənfi idi. Dedilər ki, “Kərbəlayi, sovet hökumətinin qatı düşmənidirsə və bu hardasa əxlaq adamıdırsa , mənəviyyatı, haqqı-salamı, kişiliyi gözləyirsə bu bizim ideologiyamıza yaraşmaz, ona görə də o, Qəmlonu öldürə bilməz”. Biz də dəyişdik, Qəmlonu bir qaçaq öldürür. “Yeddi oğul istərəm”də Gəray bəy oynaya-oynaya özünü vurur. Deyir ki, “get de ki, Gəray bəyi özüm öldürdüm”, Bəxtiyar da bir söz demir, çıxır. Dedilər ki, “bəs bəy, komsomol…” Ona görə də filmə qarşı ciddi təxribatlar oldu. Axırda Adil İskəndərov iki-üç kadrı dəyişdi, axırda saxladıq ki, Gəray bəy ayaq üstə ölür, yıxılmır, amma onu öldürürlər, ya özü-özünü vurur, bu bilinmir. “Qaçaq Nəbi” filminə gəldikdə isə mən o vaxt özümü öldürürdüm ki, gəlin bu qaçaq sözünü işlətməyək, bu quldur kimi gedir. Dedilər ki, “o, erməniləri öldürüb”, sonradan isə məlum oldu ki, Qaçaq Nəbi yox, Qara Nəbi ilə qarışdırıblar. Sonra isə dirənib durdular ki, adını dəyişdirin. Ona görə də film təqdim olunanda “Atları yəhərləyin”, mötərizədə “Qaçaq Nəbi” sözü də yazılır.
– Şayiələr yayılmışdı ki, rejissoru olduğunuz “Firəngiz” filminin çəkilişləri zamanı sabiq nazir İsgəndər Həmidov xalq artisti, görkəmli aktyor Rasim Balayevi döyüb.
– (gülür). Demək biz o filmi çəkəndə İsgəndər Həmidov İstisuda “uçastkovı” işləyirdi, bircə ulduzu var idi. O vaxtı İstisuya SSR-nin hər yerindən adamlar gəlirdi. Onların arasında rus xanımları da olurdu. Kino heyətinin 70-80 nəfər üzvü, gənclər də 3 ay idi ki, oturmuşdular dağın təpəsində. Rasim Balayev də gənclərin arasında ən “modnu” olanı idi, “Nəsimi”, “Babək” filmlərinə çəkilmişdi. Onlar axşam gedib rus qızları ilə rəqs edəndə yerli uşaqların xoşuna gəlməmişdi və dava düşmüşdü. Sonra İsgəndər Həmidov öz dəstəsi ilə gəlib hər həftə uşaqlara qonaqlıq verirdi. O vaxtdan bizim dostluğumuz başlayıb, bu günə qədər də davam edir.
– Yəni belə bir dava olub.
– Olmuşdu, gənclər bir-birilərini yüngülcə çırpmışdılar (gülümsəyir).
– Bəs Rasim Balayevin döyülməsi?
– Mən həmin davada olmamışam, ona görə bilmirəm kim gopa basır, kim kimi döyüb (gülür). Orda günah bizim bir işıqçımız və sürücümüzdə olmuşdu. İkisi də dünyasını dəyişib. Davanın səbəbkarı onlar olmuşdular. Yəni, yerli uşaqlarla gənclər arasında rus qızlarının üstündə “razborka” olmuşdu. Belə bir şey baş vermişdi…