ders

Əcnəbi dili neçə yaşda öyrənməli? – ARAŞDIRMA

Baxış sayı: 582

Azərbaycanda valideynlərin əksəriyyəti orta məktəbin ilk sinfindən əcnəbi dilin tədrisini istəmirlər. Orta məktəblərin Azərbaycan bölməsində oxuyan birincilər əcnəbi dil olaraq ingilis dilini öyrənirlər, rus bölməsində oxuyan uşaqlara isə tədris rus dilində olduğundan təbii olaraq Azərbaycan dilini tədris edirlər, ingilis dili isə əcnəbi dil kimi tədris olunur. Valideynlər və bəzi təhsil ekspertləri bunu uşaqlara yük hesab edirlər.

 

Öyrənməyin yaşı varmı?

İşə qəbul elanlarında həmişə qeyd olunan, iş görüşlərində özəlliklə “xarici dil bilirsinizmi?” sualını verən işəgötürənlər üçün işçinin əcnəbi dil bilməsi həmişə vacib olub. İşə qəbul zamanı xarici dil bilməyimiz də bizim üstünlüyümüz olur. Necə deyərlər, neçə əcnəbi dil bilirsənsə iş həyatında o qədər çox yaşıl işıqla qarşılaşırsan. Maraqlıdır, əcnəbi dili neçə yaşdan öyrənmək lazımdır ki, ən az ana dilimiz qədər təmiz bilək?

Valideyn, eyni zamanda, pedaqoq Aliyə Məmmədova deyir ki, övladı rus bölməsində təhsil alır: “2 yaşından etibarən rus dilini öyrətməyə başladıq, 3 yaşında bağçaya rus bölməsinə qoyduq, müəllimləri məşğul oldu, məktəbə gedəndə artıq rus dilində yaxşı danışır və başa düşürdü. Məktəbdə rus sektorunda oxuyan uşaqlar həm ingilis, həm də Azərbaycan dili fənlərini öyrənir. Öz dilimizi yaxşı öyrətmişik. Pedaqoq olmağım bəlkə də övladımın üstünlüyü oldu, xarici dili kor-koranə öyrənmədi. Amma indi məktəbdə rus və Azərbaycan dillərindən başqa ingilis dilinin 1-ci sinifdən tədrisini doğru hesab etmirəm, çünki onlar tez yorulur, üstəlik indi dərs proqramları da ağırdır”.

Pedaqoq-valideyn deyir ki, ingilis dilinin tədrisini ən azı 3 ya da 4-cü siniflərdə tədris etmək lazımdır. Amma beynəlxalq dil öyrətmə proqramlarını hazırlayan, tədris edən ekspertlər isə hesab edir ki, uşaqlar iki yaşından etibarən əcnəbi dili öyrənməyə başlamalıdır. Amma bu yaşda tədris edilən əcnəbi dil uşaqlarda tez nəticə vermir. Unutmaq lazım deyil ki, uşaqlar eyni zamanda öz dillərini də öyrənməlidir. Beynəlxalq ekspertlər hesab edir ki, əcnəbi dillər paralel öyrədilən doğma dil əcnəbi dilin tez qavranmasına da kömək edir, çünki uşaq ana dilində “alma” sözünü öyrəndiyi gün onun ingilis dilində “apple” olduğunu da öyrəndiyi üçün yadında daha tez saxlayır.

 

Ekspert: “Əcnəbi dilin ilk sinifdən tədrisi…”

Təhsil eksperti Seymur Əliyevin sözlərinə görə, Azərbaycan təhsil sistemində əcnəbi dilin tədrisi düzgün qurulmayıb. Xarici ölkələrin təhsil sistemində əcnəbi dilin təhsilin ilk illərində tədris edilmədiyini deyən ekspert bu üsulu doğru hesab edir: “Fənlərin çoxluğunu nəzərə alıb xarici dili üçüncü sinifdən sonra tədris edirlər. Yalnız ana dili və riyaziyyat kimi fənlərin tədrisi möhkəmləndirilir. I-II siniflərdə xarici dilin tədrisi şagirdlərdə ana dilinə hörmətsizlik yaradır, uşaqlar əvvəlcə ana dilini öyrənməli, sonra əcnəbi dilə keçməlidir. İstər məktəb təhsilinin sonrakı pillələrində, istərsə də ali təhsildə insanların xarici dil öyrənməsi üçün yetərincə imkanları var”.

Ekspert deyir ki, xarici dil üzrə təmayüllü siniflərdə təhsil alanlar üçün birinci sinifdən xarici dilin keçilməsi mümkündür. Amma bütün məktəblərdə birinci sinifdə xarici dil tədrisi doğru deyil.

Qeyd edək ki, Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, ikinci dil öyrənilməsində olan fərq bioloji amildən daha çox, psixoloji və sosial faktorlarla bağlıdır. Uşaqlar daha çox öz çevrələrində, məsələn rus və ya ingilisdilli dostları ilə rahat söhbət etmək üçün, sevdikləri əcnəbidilli cizgi filmini başa düşmək üçün dil öyrənməyə həvəsli olurlar, bu da onlarda dil öyrənmək bacarığını artırır. Amma amerikalı mütəxəssislərin apardığı eksperimentlər isə göstərir ki, əcnəbi dillərin öyrənilməsində yetişkin insanlar uşaqlardan daha yaxşı nəticə göstərir.

 

Beyinin ana dili guşəsi var

Məlumat üçün qeyd edək ki, 8-9 yaşına qədər öyrənilən bütün dillər beyinin ana dili bölgəsinə yazılır. İngilis alimlərinin apardığı araşdırmalar sübut edib ki, uşaqlar ana dilini hələ ana bətnində ikən öyrənməyə başlayır. Hətta ana bətnində olanda uşaqlar ana dilini əcnəbi dillərdən ayıra bilir. İnsan beyni çox qəribə bir üsulla ana dilini, beyinin “ana dili bölgəsi” adlandırılan xüsusi bölgəsinə yazır. Ona görə də 8-9 yaşınadək öyrənilən əcnəbi dillər də beyninin məhz bu bölgəsinə yazılır. Ana dili bölgəsinə dil yazıldıqdan sonra öyrənilən bütün dillər beyinin başqa bölgəsinə yazılır. Elə buna görə də gənclik və orta yaş dövründə dil öyrənmək çətinləşir.

Uşaqların 2 yaşınadək bir neçə söz bildiyini, amma eşitdikləri hər şeyi beyninə yazdığını deyən alimlər hesab edir ki, valideynlər uşaqlarının dil öyrənmək istəyini dəstəkləsələr və kiçik yaşda dil öyrənmələri üçün imkan yaratsalar uşaqlar daha yaxşı nəticə əldə edərlər. 2 yaşlı uşağın eyni zamanda 4 dil öyrənə bilməsini mümkün hesab edən alimlər bunu araşdırmalarla sübut ediblər. Üstəlik, uşaq hər dilin qrammatik qaydalarını da kifayət qədər yaxşı öyrənir.

İndiyə qədər uşaqların məktəb yaşınadək əcnəbi dil öyrənməsini çətin hesab edən fərqli araşdırmaların nəticələrini əsassız hesab edən yeni təcrübəyə görə əgər fiziki və psixoloji problemləri yoxdursa uşaq 2 yaşından etibarən 4 dili eyni zamanda öyrənməyə başlaya bilər. Çünki ana dilində öyrəndiyi bir əşyanın başqa dildə adını da eyni zamanda öyrənir və beləliklə yaddaşına dərhal yazılır.

image

Dil öyrənməyi əyləncəli edəndə…

Pedaqoq Qənirə Məlikova deyir ki, uşaqlarda dil tədrisinə başlamanın dəqiq bir qaydası yoxdur. Valideyn bu tədrisi uşağa uyğun formalara sala bilər: “Sizin övladınız meyvələri çox sevirsə bir meyvənin müxtəlif dillərdəki adını öyrədə bilərsiniz. Zooparka gedəndə heyvanların adlarını hər dildə deyə bilərlsiniz. Yaxud da oyuncaqlarla dil öyrədə bilərsiniz. Öyrətdiyiniz zamanlarda biləcəksiniz ki o daha çox hansı üsylla qavrayır”.

Pedaqoq 2 yaşda dil öyrətməyə qarşıdır: “2 yaşlı uşaq üçün ana dilində bir neçə kəlmə danışmaq da böyük işdir, o ərəfədə kənar dilləri də öyrətmək həmişə effektli olmaya bilər, uşaq beyni yükə dözməz. Biz pedaqoqlar çox zaman 4-5 yaşından öyrətməyin tərəfdarıyıq, həm də birdəfəyə 3-4 dil yox, növbə ilə. Mənim övladım 2-ci sinifdə oxuyur, 4 yaşından rus dilini öyrətdim, Azərbaycan dilində yaxşı bilir və təhsili bu dildə alır, məktəbdə əlavə olaraq ingilis dili də tədris edilir, olduqca həvəslidir, hər gün yeni söz öyrənir, evə gələn kimi öz sözü dəfələrlə təkrarlayır, öz dilimizdə, rus dilində tərcüməsini soruşur”.

 

Əməl etsək, yaxşı nəticə əldə edərik

Uşaqlar dili əvvəlcə eşidərək, sonra təkrarlayaraq, daha sonra danışaraq öyrənirlər. Uşaqlara dil öyrətmək dərs öyrətmək demək deyil. Əgər çox kiçik uşaqlardan danşırıqsa vəziyyətin daha həssas olduğunu anlayırıq. Əgər ailədə xarici dil bilən yoxdursa və uşağa əcnəbi dil öyrətmək istəyirsinizsə bəzi qaydalara diqqət edin. Uşaq yaşda dil öyrənmək asandır, amma icazə verin uşaq əvvəlcə öz dilinin qrammatik qaydalarını öyrənə bilsin.

Uşağa dil öyrədərkən bir şeyi nəzərə almaq lazımdır – biz özümüz də birdən birə danışmamışıq, əvvəlcə hecalarla, sonra sözlərlə, lap axırda cümlələr quraraq dil öyrənmişik. Buna görə də uşaqlara dil öyrədəndə israr etmək, tələb etmək, məcbur etmək kimi təlqinlər etməyin. Onları pedaqoqların dediyi kimi, müxtəlif oyunlarla əyləncəli formada dil öyrənməyə həvəsləndirin.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir