ecnebi

Əcnəbilərlə ailə quranların sayı hansı səbəblərdən artır?

Baxış sayı: 1. 617

Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub. Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, son 5 ildə Azərbaycan vətəndaşı olan 6409 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Həmin müddətdə 6109 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.

2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Kişilərə gəldikdə, 2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb. 2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər Azərbaycan vətəndaşı olan kişi əcnəbi qadınla ailə qurub. Bu ilin ötən dövrü ərzində də əcnəbi ilə evlənən kişilərin sayı qadınların sayından az olub. 2019-cu ilin yanvar-iyul ayları ərzində 722 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olduğu halda, 565 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə həyatı qurub. Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

Qloballaşan dünyada artıq ailə dəyərlərinə fərqli aspektdən yanaşanların da sayı atıb. Əgər 15-20 il əvvəl əcnəbi vətəndaşla ailə quranları barmaqla göstərirdilərsə, indi bu tamamilə adi hala çevrilib. Bunun yaxşı və ya pis olduğunu demək çətin olsa da, proses zamanla milli genofondumuza təsir edəcək. Bəs görəsən əcnəbilərlə ailə quranların sayı hansı səbəblərdən artır?

 Image result for LALƏmehralı

Sosioloq Lalə Mehralı deyir ki, kişilərimiz qadınların onlardan asılı olmasını istəyir. Buna görə də əcnəbi qadınlarla ailə quran kişilərin sayı daha azdır: “Bu mövzu zaman-zaman mətbuatda da gündəmə gəlib. Təbii ki, məsələyə birmənalı yanaşma yoxdur. Daha çox qadınlar qınaq obyektinə çevrilsə də, əcnəbi qadınlarla ailə quran kişilərimiz də var. Qadınlara nisbətən kişilər daha mühafizəkardır. Ona görə də fərq nisbəti kişilərdə daha azdır. Qadınlar yeniliyə daha meylli, açıq fikirlidir və azadlıq axtarışındadır. Feminist ruhlu, gender bərabərliyi tələb edənlərin çoxu da qadınlardır. Kişilərimizin əksəriyyəti həyat yoldaşının onlardan asılı vəziyyətdə olmasını istəyir. Bu səbəbdən də milli evliliyə üstünlük verilir. Əgər onlar əcnəbi qadınla ailə qursalar, maraqlar və fikirlər, dünyagörüşləri üst-üstə düşməyə bilər. Əcnəbi qadınların əksəriyyəti üçün qadın faktoru ailə faktorundan daha irəlidədir. Onlar öz şəxsiyyət, mənlik və azadlıqlarını ailəyə qurban vermək istəmir. Buna görə də bizim kişilər üçün əcnəbi qadınlar ideal həyat yoldaşı sayılmır. Haqlı olub-olmadıqlarını demək olmaz, amma xanımlarımız əcnəbi kişilərlə ailə qurmağa meyllidir. Mühafizəkar düşüncəli kişilərdən qadınlarımız artıq bezib. Bizim kişilər qısqanclıqdan həyat yoldaşını öldürməkdən belə çəkinmir. Günlərdir bu məsələ mətbuatda müzakirə olunur. Qadınlar belə mənfi nümunələri görür və dərk edirlər. Heç kim özünə belə həyat arzulamır. Biz hər birimiz analarımızın, nənələrimizin, yaxınlarımızın timsalında xoşbəxtliyi ailəyə qurban edən qadınları görmüşük. Buna görə də son illər ərzində əcnəbilərlə ailə qurmağa meyllilik faktı artıb. Təbii ki, milli ailə nümunəsinə bu heç bir xələl gətirmir. Bəzən hətta əcnəbi qadınların haqqında çirkin ifadələr də işlədilir. Əslində, hər şey insanın öz xarakterindən asılıdır. Məncə, bu, milliyyətdən asılı olan bir məsələ deyil. Yəni bu tamamilə fərdi xüsusiyyətdir və milli meyarlarla ölçülməməlidir”.

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, əslində bu tendensiya müxtəlif səbəblərdən qaynaqlanır: “İqtisadi amillər əsas səbəblərdən biridir. Amma bu prosesin təkcə iqtisadi amillərlə bağlı olduğunu demək düzgün olmazdı. Son illər ərzində cəmiyyətdə insanların fikirləri, hadisələrə baxış bucağı xeyli dəyişib. Əvvəllər əcnəbi ilə ailə quranların sayı tək-tük idi. Hər kəs də həmin ailəyə qəribə münasibət göstərirdi. Qloballaşma dövründə bu artıq adi hala çevrilib. Bütün ölkələr bir-birinə yaxınlaşır. Fikir verirsinizsə. son illər ərzində ölkədən getmək istəyən insanların sayı xeyli artıb. Əcnəbi həyat yoldaşı da onlar üçün bir vasitə kimi ideal seçimdir. Çünki əcnəbi vətəndaşla ailə qurub ölkədən getmək daha asandır. Yəni, bunu konkret olaraq bir səbəblə bağlamaq düzgün deyil. Digər tərəfdən, insanların dünyagörüşü getdikcə fərqli istiqamətdə dəyişir. Əslində bu prosesin sürətlənməyi o qədər də yaxşı hal kimi qiymətləndirilməməlidir. Dünyanın bütün ölkələrində əcnəbilərlə ailə quran insanlar var. Amma ümumi nisbətdə bu, üstünlük təşkil etməməlidir. Çalışmalıyıq ki, ölkənin etnik tərkibində böyük dəyişiklik olmasın. Əcnəbilərlə ailə quranların sayının artması gələcəkdə müəyyən problemlərə yol aça bilər. Əgər kimsə ailə qurub xaricə köçürsə, bu o demək deyil ki, Azərbaycana nifrət etməlidir. Xeyr, əsla. Hər kəs əvvəlcə öz vətənini sevməlidir. Həmvətənlərimiz əcnəbilərlə ailə qurub xarici ölkəyə köçdükdən sonra da vətəninə sevgisi azalmamlıdır”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir