ecnebi toy

Əcnəbilərlə evlilik niyə uğursuzluqla nəticələnir?

Baxış sayı: 1. 895

Son illər Azərbaycan vətəndaşları arasında əcnəbilərlə nikah bağlayanların sayı artıb. Qeyd edək ki, statistik məlumatlara əsasən yenic’ ba.a vurduğumuz 2018-ci ildə 1800-dən çox qarışıq, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə olub.2017-ci ildə isə 1760 belə nikah qeydə alınmışdı ki, bu da artımın olduğunu ortaya qoyur.

Bəs, görəsən, Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikah bağlamağa meyl göstərməsinin səbəbi nədir? Əksər hallarda qarışıq nikahların uğursuz olması nədən qaynaqlanır?

 

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının müxtəlif səbəbləri var. Onun sözlərinə görə, bəzən azərbaycanlılar yeni adət-ənənə ilə tanış olmaq, mövcud streotipləri sındırmaq məqsədilə qarışıq nikahlara meyl göstərirlər: “Adətən insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Buna görə də bəzən heç bir tərəddüd etmədən qarışıq ni kaha razılıq verirlər”.

ecnebi

Fərqli mədəniyyətlər uğursuz nikahlara səbəb olur

Mətanət Əzizova xarici ölkələrdə hər şeyin ideal olmadığını və hər bir ölkədə özünəməxsus problemlərin olduğunu deyir. Onun sözlərinə görə, əcnəbi ilə ailə həyatı quran insan ilk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilər. Məsələn, Avropanın özündə bu gün kifayət qədər problem var. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər: “Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”.

Ekspert avropalıların daha çox müsəlman ölkələrindən olan xanımlarla evlənməyə meyilli olduqlarını söyləyir. Mətanət Əzizovanın fikrincə, bu seçimin də özünəməxsus səbəbləri var. O hesab edir ki, Avropa qadınları özləri üçün karyera qurmağa çalışırlar: “Əcnəbilərin azərbaycanlı xanımlarla ailə qurmağa can atmasının digər səbəbi kimi azərbaycanlı qızların daha ailəcanlı, ərinə sədaqətli, ismətli olması göstərilir. Yəni, bütün bu detallar qarışıq nikahların sayının artmasına təsir göstərir”.

Mətanət Əzizova qarışıq nikahların heç də həmişə uğurlu olmadığını və bəzi cütlüklərin fərqli mədəniyyətlərə adaptasiya ola bilmədiklərini vurğuladı: “Azərbaycanda qeydə alınan qarışıq nikahların uğursuz olmasının başlıca səbəbi fərqli mədəniyyətlərdir. Çünki əksər hallarda nikaha daxil olan cütlüklər bu mədəniyyətlərə uyğunlaşa bilmirlər. Digər tərəfdən xarakterlərin uyğun olmaması da nikahın pozulması ilə nəticələnir”.

 

Qadınlar azadlıq axtarır

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır: “Bir sıra gənc xanımlar düşünür ki, əgər o, əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var.

Mehriban Zeynalova hesab edir ki, Azərbaycan vətəndaşı olan qadınlarla müqayisədə kişilər arasında əcnəbilərlə evlənənlərin sayı azdır. Amma diqqət çəkən əsas məqam ondan ibarətdir ki, xaricdə təhsil almış və orada yaşamış azərbaycanlı gənci əksər halda elə əcnəbi xanımla ailə həyatı qurur. Səbəb isə onu göstərirlər ki, azərbaycanlı xanımlar ailədə məişət söhbətini daha çox qabardırlar.

Mehriban Zeynalova həmçinin Azərbaycan qadınlarının daha çox İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurduğunu da bildirir: “Bizim mərkəzə daha çox bu ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onları narahat edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır. İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə müraciət edəndə onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq, ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsilə bir əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə valideynləri buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmamış və Türkiyəyə getmişdi. Bir müddət sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi həyat yaşayıb. Sonra onu xaricə satırlar. Sonda qızı polislər tapıb Azərbaycana gəlməsinə kömək etmişdi. Yəni, bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də xüsusilə xanımlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl yüz ölçüb biçməlidirlər”.

Image result for əcnəbilərlə nikahlar

Qarışıq nikah daşıyıcıları eyni hüquqa malikdir

Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşunas Azər Quliyev isə deyir ki, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan vətəndaşları və digər şəxslərlə nikah bağlaya və bağladıqları nikahı ləğv edə bilərlər. Onun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nikah və ailə münasibətlərində Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.

O, həmçinin bildirir ki, əcnəbilərlə nikaha daxil omaq üçün müvafiq icra hakimiyyəti orqanına, yəni, qeydiyyat şöbəsinə konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunmalıdır. Aidiyyəti qurumlara müraciət zamanı nikaha daxil olmaq istəyən şəxslərin bu barədə şəxsən yazılı ərizəsi, nikaha daxil olmaq istəyən şəxslərin nikah yaşına çatmalarını təsdiq edən sənəd, nikahın qeydə alınması üçün 5 manat dövlət rüsumu, evlənmək arzusunda olan əcnəbinin vəziyyətini təsdiq edən sənədlərində onun ailə vəziyyəti barədə qeyd olmadıqda, vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış (arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır, verildiyi gündən 6 ay müddətində etibarlıdır), əvvəllər nikahda olmuş şəxslər olduqda, nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərin (arvadın) ölüm şəhadətnaməsi (surəti), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir