Ejder Hemidov

Əjdər Həmidov: “Səhnədən kənarda yaralı quş olaram, çırpınıb, ölə bilərəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 390

Kino və teatr aktyoru, Xalq artisti, prezident mükafatçısı, indiyə qədər 22 filmdə rol almış və müxtəlif  tamaşalarda peşəkarlığını sübut etmiş Əjdər Həmidov budəfəki qonağımız oldu. Uşaqlığından söhbətə başladıq, sənətlə bağlı fikirləri ilə söhbətimizə yekun vurduq.

 

– Hamının efirlərdə, səhnədə tanıdığı Əjdər Həmidovu bir də onun dilindən tanıyaq. Kim olub Əjdər müəllim. Uşaqlığı necə keçib?

– Sadə bir ailədə doğulmuşam. Kənd yerində böyümüşəm. Uşaqlığım sakit keçib. Çox fağır uşaq olmuşam. Həmişə atam deyirdi ki, elə olma, bir az diribaş ol. Doğrudan sonralar xarakterim dəyişdi. Həyatda istədiklərimə nail ola bildim. Görünür, bu da mənim mübariz olmağımdan irəli gəlir.

 

– Elə sənətə də gəlişiniz atanızın istəyi ilə baş tutub. Atanızın istəyi ilə aktyor olmusunuz. Öz arzunuz isə rəssam olmaq olub. Heç peşmanlıq yaşadığınız məqam olub ki, kaş ki, aktyor olmayaydım.

– Bəli, atamın istəyi ilə aktyor olmağa qərar verdim. Rəssam olmaq istəyirdim. Uşaqlıqda rəsmlər çəkirdim. İndi hərdən boş vaxtım olanda istəyirəm ki, rəsm çəkim, görürəm ki, artıq fırçayla işləyə bilmirəm. Gərək uşaqlıqdan bəri məşğul olub vərdiş edəsən. Bütün sənətlər belədir. Amma heç vaxt səhnəyə gəldiyim üçün peşman olmamışam.

 

– Yəni səhnədən yorulduğunuz vaxt olmayıb?

– Qətiyyən. Düzdür, atam məni aktyor görmək istədi, mən də onun məsləhəti ilə bu sənətə gəlmişəm. Amma bu sənəti sevirəm. Deyə bilmərəm ki, nə vaxtsa peşmançılıq yaşamışam. Ömrümün 40 ilini səhnəyə, sənətə həsr edən insanam. Bu gün düşünürəm ki, mən səhnəsiz yaşaya bilmərəm. Çünki səhnə mənim ruhuma biçilib. Əgər bir gün səhnədən gedəsi olsam, inanın dözmərəm, ölərəm.

Ejder Hemidov -Qasim

– Bəzi aktyorlar təqaüdə çıxdıqları üçün səhnədən uzaq düşməyə məcbur qaldılar. Bu sizi qorxutmur?

– Mən uzun illərdir Akademik Milli Dram Teatrında çalışıram. Teatrın rəhbəri Azər Paşa Nemətov yaşlı aktyorlardan kimsəyə deməyib ki, təqaüd vaxtın çatıb deyə səhnədən, teatrdan getməlisən. Bir də insanın öz sevgisi olmalıdır. Mən teatrı sevən insanam. Səhnədən kənarda yaralı quş olaram, çırpınıb, ölə bilərəm.

 

– Sizin nəslin sənətə gəldiyi dönəmlə indiki gəncləri müqaiysə etsək, fərq nədir?

– İstedadlı  gənclərimiz var. Sadəcə bizim dövrlərdə sənətə, səhnəyə xüsusi bir sevgi, hörmət vardı. Biz səhnəyə pul qazanmaq üçün çıxmırdıq. Sənət bizim üçün biznes məkanı deyildi. İndiki gənclər sənətə, səhnəyə gəlir yeri kimi, biznes kimi baxırlar. Bəlkə də onların da öz haqlı tərəfləri var. Sadəcə sənət fədakarlıq sevir. Bizim dövrdə səhnə fədakarları vardı. İndikilərdə o səhnə eşqi, fədakarlığını görə bilmirəm. Məşhur olmaq bir də daha çox qazanmaq məqsədləri olur. Hamı rahat yolla pul qazanmaq istəyir. Baxın, mənim istər kinoda, istər teatrda maraqlı böyük rollarım olub. Bu rolları əziyyətlə ərsəyə gətirmişəm. Hər rol üçün zəhmət çəkmişəm. Aktyorun oynadığı hər rolu uğurlu alına bilməz. 19 roldan bir-ikisi daha uğurlu olar. Amma elə etməlisən ki, oynadığın rolların heç olmasa bir hissəsi tarixdə qalsın. «Kişi sözü»  filmi 35 ildən artıqdı çəkilib. Bu gün də maraqla izlənir. Filmdə yaratdığım Qasım obrazı əminəm ki, kino tarixində qalan obraz olub. Yəni gənclərimizə tövsiyəm o olar ki, hər obraza məsuliyyətlə yanaşsınlar, tarixdə qalmağa iddialı olsunlar. Pul qazanmaq nə qədər vacib olsa da, sənət bütün bu maddi məqamlardan yuxarıda dayanmalıdır. Düşünürəm ki, elə bir fərq yoxdur. Sadəcə fərq ondadır ki, biz o zamanın aktyorları idik, bunlar bu zamanın aktyorlarıdır. Zaman da öz sözünü deyir. Aktyorun yetişməsinə dövrün böyük  təsiri var. İndinin özündə də ayrı-ayrılıqda götürdükdə çox istedadlı gənc aktyorlar var. O demək deyil ki, bizdən sonra istedadlı aktyor gəlməyəcək. Nə qədər sənət var, nə qədər teatr var aktyor da, rejissor da olacaq. Sadəcə olaraq bu dövrün rejissoru, aktyoru  başqa cürdür. Bu zaman üçün aktyor yetişməlidir. Amma onları bir yerə yığmaq, filmlərdə və ya tamaşalarda  məşhur etmək lazımdır. Heç bir sənətkar aktyor özbaşına böyüyə bilməz. Rəssam işi ilə aktyor işinin fərqi  bundadır ki, rəssam fərdi işləyir. Amma aktyor işi kollektiv işdir. Aktyor tək heç nə edə bilməz. Hazırda gənclər üçün texniki baxımdan hər şərait yaradılıb. Məsələn, bizim öz teatrımızda hər bir şərait var. Bu yaxınlarda Şəkiyə teatr festivalına getmişdik, çox gözəl teatrları var, yüksək səviyyədə təmir olunub. Bu, işin texniki tərəfidir. Yaradıcı tərəfinə gəldikdə isə o, yaradıcı adamlardan – rejissorlardan, müəlliflərdən  asılıdır. Onlar aktyoru işlətməyi, məşhurlaşdırmağı bacarmalıdırlar.

 

– Aktyor olmaq üçün vacib olan amillər nədir?

– Bilirsiz, sənət, səhnə fərqli bir dünyadır. Aktyor olmağı arzulamaq aktyor olacaqsan demək deyil. Aktyor olmursan, aktyor doğulursan. Sonradan heç kim aktyor olmur. Ana bətnində artıq onlara Allah vergisi verilir. Mənim aktyor olmağımın səbəbkarı atamdı, bunu qeyd etdim. Kənd yerində necə olub ki, atam məndə o istedadı görüb, o suala hələ də cavab tapa bilməmişəm. Mənim arzum vacib deyil, vacib məndə olan istedadı üzə çıxarmaq idi. Atam məndə olan o görünməz tərəfimi görə bilmək iqtidarında olub. Nə yaxşı ki,  o məni səhnəyə, sənətə yönəldib.

 

– “Aktyoru aktyor edən rejissordur” deyimi ilə razılaşa bilərsiz?

– Sözsüz ki, bir aktyorun uğurunda rejissor əməyi var. O səni o rolda görə bilibsə, sənə o şansı yaradırsa, bu artıq sənin uğura gedən yolunda ilk addımdı. Amma istedad da vacibdi. Mənim də uğurlarımda rejissorlarımın əməyi  olub. Mənim teatr rejissorum Mərahim Fərzəlibəyova minnətdaram. Həm Sumqayıt teatrında,  həm də Milli Dram Teatrında işləyəndə yaradıcılığımda onun böyük rolu var. Həmçinin kino rejissorları olan Cahangir Mehdiyev, Vaqif Mustafayevin kinoya gəlməyimdə, yetişməyimdə və məşhurlaşmağımda böyük əməyi olub. Aktyoru aktyor edən rejissordur.

 

– Kino ciddi sənət sayılır. Bəs bu gün kinoya ciddi yanaşma varmı?

– Çox maraqlı bir məqama toxundunuz. Mən sizə deyim ki, indi kino sənətinə  elə həssaslıqla yanaşmırlar. Çünki aktyor yaradıcı heyətdir. Bununla yanaşı texniki heyət də var. O vaxtlar texniki heyət 30-40 ilin peşəkarları idi. O vaxtlar fərqli yanaşma var idi.

 

– Deyəsən, film çəkilişlərindən birində yaşlı kişi gün vurmasın deyə sizin üçün çətir tuturmuş. Bu da sizi narahat edib.

– Belə bir hadisə olub. Çəkiliş meydançasında idik. Bir yaşlı mənə çətir tutanda deyirdim ki, siz ağsaqqalsınız, mən utanıram, əziyyət çəkməyin. Kişi də dedi: “Yox oğlum, sən bilmirsən, bu, mənim işimdir. Mən bu işə görə dövlətdən pul alıram. Rejissor da mənə tapşırıb ki, aktyorun üzünə çətir tut, gün üzünü yandırmasın”. Mən çəkiliş meydanında hara gedirdimsə, o da yanımda olurdu. O, kinonu sevdiyi üçün onu edirdi, mənə görə etmirdi. Amma indi texniki işçilər  peşəkar deyil. Həvəsləri olmur. Heç bilmir kino nədir? Düzdür, sənətə cavanlar gəlirlər. Mən də “Kişi sözü”nə çəkiləndə cavan idim, peşəkar deyildim. Yəni demək istəyirəm ki, kim olursan ol, sənətini, peşəni sev.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir