elillik

Əlilliyin təyini aylar sürə bilər: Qərar gözləyən müddətdə nə ilə dolanmalı?

Baxış sayı: 850

Ölkəmizdə əlilliyin təyin olunması çox vaxt uzun və ağrılı bir müddətə çevrilir. Müddət başa çatdıqdan sonra yenidən təyinata gəlincə belə, prosedur aylarla çəkə bilər. Bir çox əlil bunun üçün haraya və nə zaman müraciət edəcəyini bilmir. Hər şeyin necə getdiyini bilənlərə sakitləşdirici dərmanlar almaq tövsiyyə olunur.

Ölkəmizdə əlilliyi aşkar olduğu halda belə, sübut etmək asan deyil. Əlillik bir daha təsdiqlənənə qədər insanlar pensiya və əlillik müavinəti almırlar. Amma sual ortaya çıxır: bu müddət ərzində nə ilə və necə yaşamalıdırlar?

Davud Rəhimli: Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti yaxşı deyil

Əlil Təşkilatlar İttifaqının (ƏTİ) sədri Davud Rəhimlinin  dediyinə görə, əvvəllər əlillər əlilliyin uzadılması üçün hər il komissiyadan keçməli olurdular və bu da onların həyatlarını çox çətinləşdirirdi: “Sonra qaydalar sadələşdirilməyə doğru dəyişdirildi. İndi 1-ci əlillik qrupu olan vətəndaşlara müddətsiz əlillik verilir. 2-ci qrup əlil olanlar beş ildən sonra əlilliyin müəyyənləşdirilməsi üçün yenidən müraciət etməlidirlər, lakin bu cür iki təyinatdan sonra onlara avtomatik olaraq daimi əlillik verilir. Üçüncü qrupa gəldikdə, hər beş ildən bir üç dəfə əlillik qiymətləndirilməsi üçün müraciət etməlidirlər, bundan sonra da onlara daimi əlillik verilir”.

“Bu prosedurlar insanın sağlamlığında irəliləmənin və ya geriləmənin olub-olmadığını və ya hər şeyin dəyişməz qaldığını müəyyənləşdirmək üçün həyata keçirilir. Buna görə fərqli bir əlillik qrupu təyin edilə bilər, eyni qala və ya əlillik ləğv edilə bilər”, – deyə həmsöhbətimiz bildirir.

Rəhimlinin sözlərinə görə, əlillərin hamısı bu proseduru bilmir: “Onlar həkimlərə müraciət etməli, tibb müəssisələrində reabilitasiya kursları keçməlidir ki, bu barədə müvafiq qeydiyyat aparılsın. Ancaq çoxları bunu etmir, bu da bəzən onlar üçün problemlər yaradır. Müalicə, reabilitasiya barədə həkim qeydləri yoxdursa, bir insanın xüsusi sağlamlıq problemi olmadığı düşünülür”.

Ekspert qeyd edir ki, əlilliyin təyin edilməsi prosedurunun ləngiməsi ümumiyyətlə əlilliyin müəyyənləşdirilməsi problemi ilə əlaqələndirilir və bu halda onlara bir reabilitasiya kursundan keçmələrini tövsiyə edə bilərlər: “Ümumiyyətlə, qanuna görə, cavab 10-15 gün ərzində verilməlidir. Əlilliyin təkrar müraciətlə təsdiqlənməsi halında, şəxsə müayinənin bütün dövrü ərzində ala bilmədiyi pensiyanın əvəzi ödənməlidir. Ancaq insanlar cavab gözləyərkən, nə ilə və necə yaşamaları olduqları sualı açıq qalır. Bundan əlavə, heç kim ona əlillik veriləcəyindən yüzdə yüz əmin ola bilməz, yəni bəlkə də boş yerə gözləmiş olacaq”.

“Ancaq əlilliyi təsdiqlənməyənlərə gözləmə müddəti zamanı pul ödənilirsə, sonda əlillik təsdiqlənməsə, necə etməli? Verilən vəsait geri alınmalıdır? Bu problemi həll edəcək mexanizmlər axtarmalıyıq və indi yalnız bu istiqamətdə deyil, digər mexanizmlər üzərində də işləyirik”, – deyə ƏTİ sədri vurğulayıb.

No description available.

“Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi” İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov da  uzun müddət əlillik dərəcəsi almağın mümkünsüzlüyü ilə bağlı şikayətlər aldığını söyləyir: “Ancaq təyin olunmuş əlilliyin müddəti bitərsə, bu, müayinəyə məhz bu müddəti bitdikdən sonra gəlmək demək deyil. İndi hər şey elektron formadadır və sistem əlillik müddətinin bitdiyini göstərəndə müavinətin ödənilməsi avtomatik olaraq dayandırılır”.

“Bir tərəfdən insanların məlumatsılığı söhbət mövzusudur, lakin dövlət rəsmiləri də onlara müddət bitməmişdən əvvəl erkən gəlmələrinin lazım olduğunu izah etmirlər. Qrupu və əlillik təqaüdü olan bir insanı komissiyadan keçməyə dəvət etməlidirlər – vaxtından bir-iki ay əvvəl. Bunun üçün müvafiq bildirişlərin göndərilməsini düşünməyə dəyər. Belə bir yanaşma optimal olardı”, – deyə müsahibimiz bildirib.

Ekspertin sözlərinə görə, problemlərdən biri əlilliyi olan bir şəxsin mütləq ağır xəstə şəxs olduğuna inanılan köhnəlmiş tibbi yanaşmada yatır: “Bu səbəbdən komissiyadan keçərək, ilk dəfə əlillik qrupu almaq istəyənlər bir müddət xəstəxanada yatmalı və uyğun bir arayış almalıdırlar. Ancaq əlilliyin təyin olunduğu bir çox xəstəlik üçün xəstəxanada yatmağa ehtiyac yoxdur. Sistemdəki bu qüsur, bürokratik prosedurlar əlillərin bir müddət təqaüdsiz qalmasına səbəb olur. Əlillik alma proseduru təxirə salınır, çox vaxt başqa bir arayışa ehtiyacınız olduğunu bildirən daha bir arayış gətirməlisiniz”.

“İndi saxta əlillərlə mübarizə aparılır, ancaq bir mexanizm ortaya qoymalıyıq ki, obyektivlik olsun və həqiqi əlillər əziyyət çəkməsinlər. Dediyim kimi, bizə bu problemlə tez-tez müraciət edirlər. Kömək etməyə çalışırıq, ancaq o qədər şikayət və zərərçəkən var ki, bütün bunlarla vaxtında məşğul olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yəqin ki, kifayət qədər vaxtı və resursu yoxdur”, – deyə Xəlilov fikrini yekunlaşdırıb.

Yeni ildən etibarən ekspertlərin ümidlərini bağladığı əlilliyi təyin etmək üçün yeni bir meyar sistemi tətbiq ediləcək. İnanmaq istərdik ki, ədalətli olacaq və əlil vətəndaşların onsuz da çətin həyatlarını asanlaşdıracaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir