qirmizi diplom

Əlvida, qırmızı diplom?

Baxış sayı: 677

Ölkəmizdə ali təhsil bir çoxları tərəfindən həyati zərurət kimi qəbul edilir, baxmayaraq ki, bir çox ali məktəb məzunları öz ixtisasları üzrə, yaxud da ümumiyyətlə, iş tapa bilmirlər. Çoxları üçün təkcə diplom deyil, həm də onun rəngi prinsipial əhəmiyyət kəsb edir. Kimsə gecə-gündüz dərsliklərə baş vurur, kimsə arzuladığı qırmızı diplomu almaq üçün “əla” pul ödəyir. Ənənəvi olaraq, bəziləri belə bir diplomun onlara işdə üstünlüklər qazandıracağına inanır. Lakin bu, belə deyil.

Səbinə A. – qırmızı diplom sahibi. O, öz zəhməti sayəsində bunu əldə etdi. İmtahandan ən yüksək balı ala bilməyəcəyi düşüncəsi onun imtahan öncəsi stress səviyyəsini artırırdı. Ancaq arzuladığı diplom onun əlində olanda o, elə də qürur hissi keçirmədi. Elementar şeyləri bilməyən bəzi digər məzunlar da eyni rəngli diploma sahib idilər. Yeri gəlmişkən, onlar sonra həyatda daha yaxşı yerləşdilər, lakin qırmızı diplom deyil, əlaqələri sayəsində. Qızın özü iş elanlarına daim nəzarət etsə də, vakansiya olan şirkətlərə CV göndərib müsahibələrə getsə də, özünə uyğun iş tapması xeyli çəkdi.

“Diplomumun rəngi potensial işəgötürənlərin heç birini maraqlandırmırdı və ümumiyyətlə, müsahibədə təhsillə bağlı qısaca sual verirdilər. Tələblər çox idi, təklif olunan maaş isə cüzi. Sonda profilimə uyğun və normal maaşlı iş tapdım, amma bir dostumun təklifi sayəsində. Təbii ki, əldə etmək istədiyim və nəticədə qırmızı diplom aldığım üçün peşman deyiləm, çünki bunun arxasında mənim biliklərim dayanır. Amma bəzi fənlərə, bəlkə də, bu qədər ciddi diqqət yetirilməməli idim. Onlar mənə nə gündəlik həyatımda, nə də işimdə lazım gəlir. Kaş ki, bunun əvəzinə başqa xarici dil öyrənməyə vaxt ayıraydım”, – deyə o, bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov sosial şəbəkələrdə qırmızı diplomdan danışıb. Qeyd edib ki, hazırda qırmızı diplomun heç bir üstünlüyü yoxdur. Onun sözlərinə görə, Sovet dövründə müəyyən tələblərə cavab verən məzunlara qırmızı diplom (fərqlənmə diplomu) verilirdi, sonra qırmızı rəng xüsusi məna kəsb edirdi. Belə bir diplom sahibinin başqalarından müəyyən üstünlüyünə dəlalət edirdi. Bu gün əmək bazarında heç bir üstünlük təmin etmir.

Muradov bildirir ki, bacarıq əldə etmək üçün deyil, qiymətlər uğrunda mübarizə şagirdlərdə yanlış motivasiya yaradır, buna baxmayaraq, qırmızı diplom hələ də verilir.Təhsil eksperti Səbinə Əliyeva da söyləyir ki, həm qırmızı diplom, həm də məktəbdə alınan fərqlənmə attestatı əvvəlki nüfuza malik deyil: “Bu, onunla bağlıdır ki, biz fərqli təhsil formatına keçmişik və bu gün sistem müxtəlif sistemləri özündə birləşdirir. Qırmızı diplomun bəzi imtiyazlar verdiyi yeganə yer doktoranturaya daxil olan zamandır. Amma indi ingilis dilini yaxşı bilmək daha böyük imtiyazlar verir”.Həmsöhbətimizin dediyinə görə, xaricdə fərqlənmə diplomu deyə bir şey yoxdur: “Nə Azərbaycan, nə Avropa, nə də Amerika üçün diplomun rəngi nəyisə dəyişir. Əvvəllər orta məktəbi əla qiymətlərlə bitirənlər ali məktəbə imtahansız daxil olurdular. Ola bilsin ki, bu təcrübəni yenidən canlandırmaq barədə düşünməyə dəyər: bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirənlər isə magistraturaya qəbul imtahanlarından azad edilə və ya hansısa güzəştlər əldə edə bilərlər. Magistraturanı əla qiymətlərlə bitirənlər isə öz növbəsində imtahansız doktoranturaya daxil ola bilirlər. Bəlkə də bu, tələbələrin motivasiyasını artıracaq, amma əsas odur ki, qiymətlərin arxasında bilik dayansın”.“Amma indi belə bir şeyə baxılmır və qırmızı diplomlular da mavi diplomlularla eyni əsasda təhsillərini davam etdirirlər. Nəzəri olaraq, qırmızı diplom sahibləri yaxşı bir işə arxalanmalıdırlar, lakin ümidlər və reallıq həmişə üst-üstə düşmür. İşəgötürənlər universitetlərə etibar etməlidir ki, əmək bazarında fərqlənmə diplomlarının etibarlılığı önəmli olsun. Bu isə təhsil proqramlarının kökündən dəyişdirilməsi deməkdir və həmçinin, universitetlər, Dövlət Sosial Müdafiə Fondu və işəgötürənlər arasında əlaqə vacibdir”, – deyə Əliyeva vurğulayıb.

Əməkdar müəllimi Asif Cahangirov da əməkdaşımızla söhbətində qeyd edir ki, qırmızı diplom bir növ keyfiyyət nişanıdır – insanın bütün illər universitetdə yaxşı oxuduğunu göstərir, amma heç bir üstünlük vermir: “Bu, imtiyaz deyil, amma onu aradan qaldırmaq da lazım deyil. Ümumiyyətlə, təhsil sistemi 2013-cü ilin təhsil strategiyasına uyğun dəyişməlidir. Biz fərdi və kompitentyönümlü təhsili həyata keçirməliyik”.

“Məsələn, Harvard Universitetinin məzunu hər yerdə işə götürüləcək, çünki onun məzunlarına hansı biliyin, keyfiyyətin aşılandığını hamı bilir. Hansı universitet prestijli sayılır? Məzunların daha çox qırmızı diploma sahib olduğu yox, bitirdikdən sonra məzunların işə tez uyğunlaşdığı və tam işləməyə başladığı bir diplom verən universitet. Bizdə isə iş yerində məzun bir növ təhsilini davam etdirməyə, hətta yenidən hazırlıq keçməyə başlayır. Məsələn, bizdə karyerasına başlayan gənc müəllimdən tez-tez bu sözləri eşitmək olar: “Mən hələ təcrübəsizəm, öyrənərəm”. Amma ona hər şeyi universitetdə oxuyanda öyrətmək lazım idi”, – deyə Cahangirov fikrini tamamladı.

 

 Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir