is

Əmək bazarındakı qiymətinizi necə qaldıra bilərsiniz?

Baxış sayı: 1. 275

Hər məhsulun öz qiyməti var. Əmək bazarındakı məhsul isə əmək qüvvəsidir. Aylıq əmək haqqı yalnız əməyin ödənişi deyil, həm də bir növ ixtisas qiymətləndirməsidir.

Sıradan əməkhaqqı alan işçidən bahalı mütəxəssisə necə çevrilmək olar?

Bazar qanunlarına görə, bir məhsulun qiyməti ilk növbədə tələb və təklifin nisbətindən asılıdır. Məsələn, əmək bazarında reklam menecerləri nə qədər çox və onlara tələb isə az olarsa, orta əmək haqqı da aşağı olar. Ancaq bu vəziyyətdə də əlaqədar peşəkar biliklərinizi inkişaf etdirərək bazar qiymətinizi qaldıra bilərsiniz. Bir reklam menecerinin funksionallığına əlavə olaraq, press-relizlər yaza və mətbuat konfransları təşkil edə bilsəniz, yəni PR menecerinin funksiyalarını mənimsəsəniz, maaşınız ciddi şəkildə artacaq.

Vəziyyəti dəyişdirmək olmursa, uyğunlaşmaq lazımdır. Paytaxtda əməyin ödənilməsi digər şəhərlər və regionlarla müqayisədə daha yüksək olur. Fəaliyyət sahəsi də bu faktora təsir edir. Məsələn, bank, iqtisadiyyat və IT sferasında işləyənlər daha çox qazanır.

Daha yaxşı əmək haqqı ümidi ilə rayondan paytaxta köçmək heç də həmişə uğurla nəticələnmir. Belə ki, Bakıda daha kəskin rəqabət şəraiti mövcuddur. Odur ki, çox zəhmət çəkmək lazım gələcək.

Əmək bazarında elə amillər də var ki, onlara təsir edə bilərsiniz. 3-5 illik iş təcrübəsi olan mütəxəssis, təbii ki, minimum iş təcrübəsi olan işçidən daha dəyərli olacaq. Təcrübəni harada qazanmağınız da əhəmiyyətlidir. CV-də böyük bir şirkətdə (xüsusən də beynəlxalq şirkətdə) iş təcrübəniz barədə qeyd sizə xal qazandıracaq. Həmin şirkətdə ciddi nailiyyətləriniz olubsa, bu, lap əladır. Təcrübə qazanmaq üçün həmişə böyük şirkətə can atın. Öhdəlikləriniz sizə cüzi görünsə də, ödənilən məbləğ çox aşağı olsa da gələcəkdə həmin təcrübə sizə nəzərəçarpan dividendlər gətirəcək. O şirkətdə inkişaf etməyə davam etmək və ya 1 il sonra ayrılmaq elə də vacib deyil. Əsas olan odur ki, qiymətli təcrübə qazanacaqsınız.

Ciddi və uğurlu startapa rəhbərlik etmiş və bazarda təklif etdiyiniz məhsul və ya xidmətə tələbi təmin etmiş olmağınız da çox yaxşı bonusdur. Layiq olduğunuz kimi qiymətləndiriləcəyinizə şübhəniz olmasın.

Oxumaq, oxumaq, yenə oxumaq!

Təhsil alacağınız ali təhsil müəssisəsini etinayla seçin. Bu da vacib amildir. Lakin nəzərə alın ki, təhsiliniz ali məktəblə bitməyəcək. Bir çox treninqlər, seminarlar və profiliniz üzrə kurslarda biliklərinizi yeniləməli olacaqsınız. Ancaq bu şəkildə rəqabət qabiliyyətli işçi kimi qala bilərsiniz. İxtisasını artırmış mütəxəssis 15-20% daha bahalıdır.

İkinci ali təhsil almış əməkdaşlar da yüksək qiymətləndirilir. Əgər universitetdə, elmi mərkəzdə və ya dövlət strukturlarında işləyirsinizsə, bu faktı nəzərə alın. Peşəniz gündəlik praktik nəticələrə fokuslanırsa, dissertasiya mövzunuz işəgötürənə elə maraqlı gələ bilər ki, hətta daha yaxşı əmək haqqı təklif edər.

Xarici dil bilmək kayeranın hər mərhələsində əhəmiyyət kəsb edir. Xarici dil bilən və bilməyən mütəxəssisin maaşı arasında təqribən 50% fərq olur. Xarici dildə danışmaq vərdişini möhkəmləndirmək üçün kurslara və danışıq klublarına getmək, əcnəbi filmlərə baxmaq, müvafiq dildə kitablar oxumaq, qrammatika öyrənmək zəruridir. İngilis, alman, fransız dili, son zamanlarda həm də çin dili bilən insanlara əmək bazarında böyük tələbat mövcuddur.

İxtisaslaşmış nəşrlərdə çap olunmuş məqalələr, işgüzar cəmiyyətdəki nüfuz da mütəxəssisin dəyərini artırır. Bütün bunlar illər ərzində qazanılır, ona görə də yüksək qiymətləndirilir. İşgüzar saytlardakı həmsöhbətlərinizin, müştərilərinizin, iş ortaqlarınızın ad gününü, müvəffəqiyyətlərini və tərcümeyi-hallarının vacib məqamlarını yadda saxlayın. Bu yolla peşəkar mühitdə əlaqələrdən başqa etibarlı dostlar da əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir