Ötən illərinin hər bir dövrünü gözəl anlarıyla xatırlayır, danışanda da xoş olanları ilə yada salır. Uşaqlıq, tələbəlik, hərbi xidmət və iş həyatı… Bəs heçmi çətinlik görməyib? Deyir ki, çətinlikləri də olub, çox əziyyətli yollardan keçib. Amma bu gün onlara köklənmir, əsas olan o çətinliklərin həll olunması, artıq arxada qalmasıdır. Nə qədər çətinliklə üzləşsə də, heç vaxt namərdlik, satqınlıq etmədiyini deyən müsahibimiz aktyor və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti Azad Şükürovdur.
1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Elə uşaqlıq illəri də orda keçib: “Bütün kənd uşaqları kimi ot da çalmışam, at da çapmışam, ilan da öldürmüşəm. Kəndə kino gələrdi, məktəbin həyətində göstərirdilər. Firuz adında bir kinomexanikimiz var idi. 8-ci sinifdən başlayaraq onun yanında şagirdlik edirdim. Görünür, mədəniyyətə, incəsənətə bağlılığımdan irəli gəlirdi. Bütün yayı axşamlar kino verirdik. Çox yaxşı kənd idi, hamı bir-birini tanıyırdı. Bir adam rəhmətə gedəndə ehtiyac yox idi ki, gedib kiməsə deyəsən. Kəndin özünün qəbirqazanı var idi, filankəsin rəhmətə getdiyini eşidəndə heç ölü yiyəsindən soruşmazdı, bilərdi ki, o ölüsünü qəbiristanlığın hansı tərəfində basdıracaq. Səhər tezdən gedib işini görərdi. Yaxud, toy təyin olunanda atın üstündə bir nəfər kəndin içi ilə gəzib, hamıya xəbər verərdi. İki-üç gün əvvəldən hamı yığışıb gəlirdi, kimdə nə var idisə, gətirirdi, biri palaz, o biri qab və s. Toylarımız da maraqlı olurdu, bəzi vaxt 2 gün 2 gecə, 3 gün 3 gecə toy çalınardı. Ölüsü də, dirisi də urvatlıydı”.
Orta məktəbdə oxuyanda Məhəmməd Füzulidən xoşum gəlmirdi
Deyir ki, kitab oxumağa həvəsli olub, məktəbdə dərsdən yayınmayıb: “İnternet, kompüterimiz yox idi, əsas məşğuliyyətimiz kitab oxumaq olurdu. Kənddəki kitabxanada olan bütün kitabları oxuyardıq. Hətta sonra yoldaşlarla mübahisə də edərdik ki, sən filan kitabı oxumusan, yoxsa yox? Məktəbdə də məsuliyyətli idim, valideynlərimin ikisi də müəllim idi. Hətta atam uzun müddət məktəb direktoru da işləyib. Bu, mənim üstümə əlavə məsuliyyət qoyurdu. Şairlər içərisində ən çox Məhəmməd Füzulini sevirəm, amma orta məktəbdə oxuyanda ondan xoşum gəlmirdi. Çünki o şairi keçəndə müəllim mütləq məni qaldırırdı, çətin əzbərlənən şeirləri öyrənə bilmirdim deyə, aşağı qiymət yazırdı. Buna görə də bizim evdə əməlli-başlı narazılıq yaranırdı, atam deyirdi ki, mənim oğlum ədəbiyyatdan 3 alıb gəlib”.
Müsahibimiz kənd mühitində yaşasa da, kəndə qapanıb qalan uşaq olmayıb: “Rayonda müəllimlər evində bir dram dərnəyi fəaliyyət göstərirdi. 9-cu sinifdə oxuyanda mən rayonda teatra gedib-gəlir, rayon tədbirlərində iştirak edirdim. Adətən, orta məktəbi qurtarıb İncəsənət Universitetinə gedən uşaqların əksəriyyəti bəyaz arzularla gəlir. Ya Rasim Balayev olmaq istəyir, ya da Rac Kapur. Amma, mən uşaq vaxtımdan o mühitdə olduğum üçün orta məktəbi qurtaranda şüurlu surətdə bilirdim ki, hara gedəcəyəm”.
Mənə 2 yazdı
İncəsənət Universitetinə qəbul olmaq üçün Bakıya gəlir, amma ilk cəhdi uğurlu alınmır: “İmtahana qədər çoxlu dondurma yemişdim deyə, dişim şişmişdi. O halda getdim, imtahanı bizdən rəhmətlik Ədil İsgəndərovla Rza Təhmasib götürürdü. Ədil müəllim üçün kurs yığırdılar. İmtahana yaxşı hazırlaşmışdım, özümü xalq artisti kimi hiss edirdim (red-gülür). Ədil müəllim mənə dedi ki, qadam, bir çıx ora. Amma dişim şişdiyi üçün yaxşı danışa bilmirdim. Ədil müəllim dedi ki, qadam, sən deyəsən ovurduna qoz qoymusan, get, qozu çıxaranda gələrsən. Mənə 2 yazdı. Kəndə getməyə də utanırdım, çünki məktəb vaxtından dram dərnəyinə, teatra filan gedirdim rayonda elə bilirdilər ki, qəbul olacam. Bakıda qalıb, tikintidə işə düzəldim. Axşamlar ekskavatorçu kursuna yazıldım. 3-4 aydan sonra 6-cı dərəcə üzrə ekskavator-maşinist vəsiqəsi aldım. Ekskavatorçu işləməyə başladım”.
Ekskavarotçu kimi çalışıb yaxşı pul qazanır, həftə sonları isə ali təhsil almaq istədiyi istiqamətlə məşğul olur: “İndiki “Xətai” metrostansiyasının yanında dram dərnəyi var idi. Şənbə-bazar ora məşqə gedirdim. Sonra Milli Dram Teatrında kiçik rollar oynamağa başladım, televiziyaya ayaq açdım. İkinci ili imtahana möhkəm hazırlaşdım. Yenə Ədil və Təhmasib müəllim imtahan götürürdü, bu dəfə Təhmasib müəllim üçün kurs yığırdılar. Ədil müəllim mənə baxdı, dedi: Qadam, deyəsən, qozu ovurdundan çıxarmısan. O sözlər mənim üçün İncəsənət İnstitutunun diplomuna bərabər idi. “Ədil müəllim, əgər, siz yenə 2 yazıb, burdan çıxarsanız, mənə bir o qədər təsir eləməz, əsas odur ki, məni tanıdınız”,- deyib şirinlik etməyə başladım (Gülür). Dedi ki, qadam, gopa basma, çıx səhnəyə. Qəşəng bir imtahan verdim, iki 5, bir 4 yazdılar”.
Hər adam mənim bişirdiyim xörəyi hazırlaya bilməz
Bakıda tək qaldığı müddətdə yemək bişirməyi, ev işlərini görməyi öyrənir: “Bakıda bacılarım var idi, həm tələbəlik illərində, həm də sonralar subaylıq dövründə deyirdilər ki, gəl bizdə qal. Amma fikirləşirdim ki, özü yıxılan ağlamaz, ona görə zəhmətlərin hamısına qatlaşırdım. Hər yeməyi bişirməyi öyrənmişdim. Hər adam mənim bişirdiyim xörəyi hazırlaya bilməz. Ailə qurandan sonra hərdən istirahət günlərində uşaqların istəyi ilə bu qabiliyyətimi nümayiş elətdirərdim. İndi isə qız köçüb, oğlan da xaricdə işləyir. Yoldaşımla tək yaşayırıq. Lap evliliyimizin ilk illəri kimi. Lazım olanda mən elə indi də ev işləri görməkdən çəkinmirəm”.
1982-ci ildə hərbi xidmətə yollanır. Deyir ki, o illər qəribə keçib: “82-ci il SSRİ-nin yaranmasının 60 illik yubileyi idi. Mən də rus dilini yaxşı bilirdim. Hərbi hissədə həyata keçirilməsi mümkün olan yaxşı bir ssenari yazdım. Mövzu belə idi ki, Orta Asiyadan bir əsgər hərbi xidmətə gəlir, nə rus dilini, nə bu adət-ənənəni yaxşı bilir. Təbii ki, onun başına gülməli və pis əhvalatlar gəlir. Nəticədə başqa millətlərdən olan insanlar buna kömək edirlər ki, hərbi xidməti yaxşı başa vursun. Rəhbərliyin xoşuna gəldi, bu ssenarini bir neçə hərbi hissədə hazırlamağı təklif etdilər. Əsgər deyil, yaradıcı bir həyat yaşayırdım”.
Tələbə vaxtı daim gecələri işləmişəm
İnstitutu bitirəndən sonra təyinatını Lənkəran Teatrına verirlər, 4 il orda çalışır, sonra karyerasını Bakıda davam etdirir: “Biz oxuyanda institutda tələbələrdən 16 nəfərinə aktyorluqla bərabər özfəaliyyət rəqs kollektivinin rəhbəri diplomu da verildi, onlardan biri də mən idim. Bu hadisə institutun tarixində az-az olmuş bir şeydir. Aktyorluqla bərabər rəqslə də məşğul olurduq. Lənkəranda 4 il çalışdıqdan sonra məni instituta işə dəvət etdilər. Orda saat hesabı dərs deyirdim, həm də Tədris Teatrında işləyirdim. 90-cı ildə tam ştata keçdim, səhnə danışığı kafedrasında dərs deməyə başladım. O vaxtlar Şuşa Teatrı qaçqın düşmüşdü. Bu teatrın kollektivi demək olar ki, hamısı mənim dostlarım idi. Biz yığışıb Şuşa Teatrının fəaliyyət göstərməsi üçün müəyyən işlər gördük. İki ilə yaxın universitetlə yanaşı, o teatrda da işlədim. 1992-ci ilin sonunda Bakı Bələdiyyə Teatrı açıldı, 93-cü ilin yanvarından ora getdim. Orada uzun müddət işlədim. İnstitutda da işlərim pis getmirdi. Baş müəllim, dosent, 2001-2006-cı illərdə kafedra müdiri oldum. Yaradıcılıq işlərim çox olduğu üçün rəhbərlikdən mənə imkan yaratmağı xahiş etdim. Sonra müəyyən xoşagəlməz hadisələr baş verdi və gördüm ki, ən yaxşısı universitetdən getməkdir. Teatrdan da getdim. İki ilə yaxın işsiz qaldım. Sonra universitetdən xahiş etdilər qayıtdım. Yenə də kafedra müdiriyəm. Heç bir teatrda yoxam. Filmlərə çəkilirəm, mütəmadi olaraq bədii qiraətlə məşğulam. Bədii qiraət həmişə çətinə düşəndə köməyimə çatır. İndi həm də «Vicdan haqqı» serialına çəkilirəm”.
Bütün illərdən gözəl danışır. Bəs heç çətinliklərlə rastlaşmayıb? “Bir mahnı var, deyir ki, gileylənmək zirvələrə ar gələr. Özümü zirvə hesab eləmirəm, amma gileylənmək təbiətimdə yoxdur. İnstitutda oxumağa gələndə atam, birinci kursda oxuyanda anam rəhmətə getdi. Allah bacı-qardaşlarımın hamısının canını salamat eləsin, yanımda idilər, amma geyimlə, dolanışıqla bağlı problemlərim var idi. Tələbə vaxtı daim gecələri işləmişəm. Bakıya gəlib qeydiyyata düşmək, işə girmək də o vaxt çətin idi. Çox əziyyətli yollardan keçib gəlmişəm, amma heç vaxt namərdlik, satqınlıq eləməmişəm. Şükürlər olsun Allaha, o, həyatımın bütün çətin məqamlarında başımın üstündə, arxa-dayağım olub”.
Uşaq yeməyini tanışlıqla alırdım
28 yaşında isə ailə həyatı qurur. Gec ailə qurmasının səbəbi isə özü üçün müəyyən şərait qurmaq istəyi olur: “İmkanlı adam üçün ailə qurmaq problem deyil, çünki valideynləri onun üçün hər şeyi edirlər. Amma mən hər şeyi özüm qurmalı idim, bunları edincə, yaş 28 oldu. Bu yaşda isə adam bir az ağıllanır deyə həyat yoldaşı tapmaq da çətin olur (Gülür). Rəcibə Heybətova adlı tələbə yoldaşım var. Ailə qurmuşdu, mən də onun həyat yoldaşı ilə dostluq edirdim, onlara gedib-gəlirdim. Bir gün indiki həyat yoldaşımı onlarda gördüm. Qəribə bir istilik yarandı. Tələbə yoldaşım dedi ki, onun da valideynləri rəhmətə gedib. Görüşdük, ailə qurmaq istədiyimi dedim. Mən söhbətdə bir az rəngsiz, boyasız danışan adamam, amma razılıq aldım və evləndik. Bir qızımız, bir oğlumuz var”.
Ailə həyatı respublikada qarışıq dövrlərə düşdüyü üçün ilk vaxtlar çətinlikləri olur: “90-cı illər, ərzaq çatmırdı, uşaq yeməyini tanışlıqla alırdım. Hər səhər çantama bir torba qoyurdum ki, qarşıma nə çıxsa alım. Ətlə yağ talonla idi. Ayda bir dəfə gedib alırdıq. Bazardan almaq imkanında da deyildik. Ailəni təzə qurmuşduq, aktyor məvacibi nədir ki? Xanımım əvvəl işləyirdi, sonra uşaqların ikisi də körpə olduğu üçün işləyə bilmədi. Sonra yavaş-yavaş tanınmağa başladım, konsertlərə, el şənliklərinə dəvət olunurdum, əlimə pul gəlirdi”.
Ailəliyin medalı olsa idi, onu təntənə ilə yoldaşıma verərdim
Deyir ki, uşaqlarının ikisi də mükəmməl təhsil alıblar. Bunda isə xanımının rolu böyükdür: “Qızım Tuğra Musayeva Prezident yanında İdarəçilik Akademiyasını bitirib, ADA Universitetində magistratura oxudu, indi orda müəllim kimi çalışır. Oğlum də İT üzrə mütəxəssisdir, indi Polşada yerləşən Amerika şirkətlərinin birində işləyir. Həyat yoldaşım uşaqların təhsili ilə çox ciddi məşğul olub, ikisi də rus və ingilis dillərini mükəmməl bilirlər. Evdə də biz onlarla xüsusi proqramla işləyirdik. Bəlkə də bu kiməsə gülməli görünə bilər. Uşaqlar folklorumuzu, adət-ənənəmizi yaxşı bilsinlər deyə, həftədə bir dəfə bu istiqamətdə onlara əməlli-başlı dərs keçirdik. Orta məktəbi rusca oxuyurdular və eyni zamanda ingilis dili ilə məşğul olurdular. Fikirləşdik ki, zamanın nəbzini tutmağın başqa yolu yoxdur. Bunlar yoldaşımın xidmətidir. Ailəliyin medalı olsa idi, onu təntənə ilə yoldaşıma verərdim. İndi o, nənədir, mən də baba. İki nəvəmiz var”.
Sonda müsahibimizin gənclərə məsləhətlərini də aldıq: “Çox oxusunlar, çünki mütaliənin insana verdiyi qabiliyyəti heç nə əvəz etmir. İkincisi, ağıllı olsunlar, addım atanda ətraflarına baxsınlar. Boş olanda diqqətlə güzgüdə özlərinə nəzər yetirsinlər ki, mən kiməm, hara gedirəm? Hamı vəzifə sahibi olmur ki. Hansı sahədədirlərsə, işlərini ən yaxşı surətdə görməyə çalışsınlar və bildikləri işi görsünlər. Bildiyi işlə məşğul olmaq insanın ömrünü uzadır, adamın üzünü ağ edir, işindən zövq alırsan. Vətəni sevsinlər, vətənpərvər olsunlar, baxsınlar, görsünlər bu vətəni sevmək olar, yoxsa yox? Təbii ki, bir yerdə ki, sənin valideynlərinin, babanın qəbri var, nəslin, kökün o torpaqda basdırılıb, sənin adın o torpaqla bağlıdır, sən onu sevməlisən. Teatra tez-tez getsinlər. Teatr adamın zövqünü formalaşdırır”. (Kaspi.az)