Heç bir qadına fərdi geyim tərzini yaratmaq üçün aksessuarların əhəmiyyəti sirr deyil. Lakin ana olduqdan sonra aksessuarların seçimində bir sıra düzəlişlər etməyi unutmamaq lazımdır, əks halda ortaya bir sıra narahatlıqlar çıxa bilər.
Çanta: Əmizdirən ananın, körpəsini süni qida ilə qidalandıran anaya nisbətən özü ilə daha az əşyanın daşıdığı danılmaz bir faktdır. Cünki, əmizdirilən körpənin nə əmziyə, süni qidanın hazırlanması üçün termosda suya, süni qidanı yedirtmək üçün əmzikli şüşəyə və daha nələrə ehtiyacı yoxdur. Ona lazım olan qidanı ana öz sinəsində həmişə təzə, steril və lazımi hərarətdə gəzdirir.
Bu səbəbdən ana və körpəyənin minimal ehtiyaclarını ödəyən böyük və orta ölçülü lakin erqonomik gündəlik çantalar uyğundur. Öncədən düzgün və səmərəli seçilmiş çantalar, körpə dünyaya gələndən sonra xüsusi körpə çantasının əldə olunmasına ehtiyac qoymayacaqdır. Çantanın ümumi ölçüsünü təsəvvür etmək üçün ana-balaya təxmini gündəlik lazım ola biləcək vasitələr:
- -nəm və quru salfetlər,
- -uşaq bezləri (hər ehtimala qarşı 2 ədəd),
- -ehtiyat üçün bir dəst körpə paltarı.
- -individual olaraq hər bir ananın körpədən öncə çantasında gəzdirdiyi gündəlik ləvazimatlar.
Şərf və yaylıq: Əmizdirən anaya əmizdirmə prosesini hətta ictimai yerlərdə asanlaşdıran ən universal aksessuar şərfdir. Əmizdirən ananın sinəsinə düşən şərf vasitəsilə əmizdirilən körpəni yad gözlərdən gizlətmək olar. Çalışın seçdiyiniz şərf və ya yaylıq yaz-yay fəsilləri üçün nəzərdə tutulan, təbii və hava buraxan materiallardan olsun.
Bəzək əşyaları: Ana ilə bol bədən təmasında olan körpənin təhlükəsizliyini nəzərə alaraq, körpənizi əzən, zədələyən, çızan, qıcıqlandıran istənilən bəzək əşyasını (üzük, sırğa, boyun bağı, broş və. s) körpəniz qucağınızdan düşən dövrə qədər kənara qoymağınız məsləhətdir. Bundan başqa çıxıntılı və sallanan aksessuarlar ananın özünə də təhlükə göstərə bilər. Beləki, körpə marağı nəticəsində boyunbağı və ya sırğanın dartılması ananı zədələyə bilər.
Ayaqqabı: Ümumiyyətlə, analar hamiləlik dövründə bətnində və hamiləlikdən sonra 12-18 ay ərzində baldan şirin körpənisini qucağında daşıyacağını nəzərdən qaçırmamalıdır. Hər bir ana bu nüansa ilk növbədə özünü və ətrafdakıları xüsusən, həyat yoldaşını mənəvi cəhətdən hazırlamağa çalışmalıdır. Körpə dünyaya göz açıqdığı ilk saniyədən etibarən ana nəvazişi və ana qucağının istisinə həyati vacib ehtiyacı var. Körpənizi qucaqda gəzdirməkdən və ya onu qucağa öyrəşdirməkdən qorxmayın. Daha az ana nəvazişi alan körpələrə nisbətən, bolluca qucaqda olan körpələr böyüdükdə daha sərbəst, özünə və ətrafdakılara daha çox inamı olan şəxsiyyətə çevrilmək şansları olur.
Qucağında körpə və ya uşaq gəzdirən anaya həm öz həm də körpəsinin təhlükəsizliyi və sağlamlığı naminə alçaq dabanlı və rahat ayaqqabı geyinmək tövsiyyə olunur. Hər mövsüm üçün alçaqdaban ayaqqabılara həm idman, həm də klassik tərzli modeller uyğundur.