ayaq

Ən çox rast gəlinən ayaq problemi

Baxış sayı: 325

Ayaqlarımız sümüklərdən, oynaqlardan, bağlardan və yumşaq toxumalardan ibarət kompleks bir quruluşa sahibdir. Yaralanma və ya infeksiyalardan tutmuş, struktur pozğunluqlarına qədər bir çox problemin ayaq ağrısına səbəb ola bilir. 

Gəzməyi və ayaq üstə durmağı çətinləşdirən, beləliklə, gündəlik həyata ciddi şəkildə təsir edən ayaq ağrısı əslində, narahat ola biləcək ümumi bir problemdir. Amerika Podiatrik Tibb Dərnəyinin 2014-cü ildə apardığı bir araşdırmaya görə, insanların yüzdə 77-si şiddətli ayaq ağrısı keçirir. Uyğun olmayan ayaqqabıların istifadəsi, diabet və yaşlanma ayaq problemlərinin ortaya çıxması üçün risk faktorları arasındadır. Lakin ağrıları aradan qaldırmaq üçün əvvəlcə onun mənbəyini bilmək vacibdir.  Mütəxəssislər bildirir ki, bütün ayaq ağrıları ciddi hesab edilmir, ancaq gözardı da edilməməlidir.

Ayaqlarda ən çox rast gəlinən problemlərdən biri ayaq baş barmaq çıxıntısıdır (hallugs valgus). Ayaq baş barmağının başlandığı yerin iç tərəfindəki(daraq sümüyü ilə barmağın başladığı oynaqda) şişkinlik, çıxıntıya halluks valqus (HV) deyilir. Qadınların 40%-də bu problem, 70% hallarda isə sadəcə genetik meyillilik var. Genetik olaraq 1 və 2 daraq sümükləri arasındakı dərəcə çox olduqda müəyyən vaxtdan sonra baş barmaq digər barmaqlara yaxınlaşır. Bu kəskin əyilmə bir çıxıntı olaraq baş barmağın iç tərəfində hiss edilməyə başlanır. Genetik meyillilikdən başqa, uzun müddət topuqlu və önü sivri ayaqqabı geyinənlərdə də HV yarana bilər. Bu səbəblə də bu problemi olanların onundan doqquzu qadındır. Belə çıxıntı ayaqqabı içində sıxışdıqda dəridə qızarıqlıq və ağrı olur. Müəyyən vaxt sonra  dəri altındakı bursa-kisədə maye toplanır və ağrı, şişkinlik artır. Bu narahatlıq uzun müddət davam etdikdə uyğun olmayan oynaq vəziyyəti duzlaşmaya-artroza yol açır. Bu mərhələdən sonra artıq şikayətlər şiddətlənir, dərman və digər konservativ müalicələr faydasız olur. Qeyd edək ki, müalicənin oynaqda duzlaşma əmələ gəlməmiş başlanması müalicənin proqnozunu müəyyən edən ana faktordur. Baş barmaq əyildikcə ikinci barmağın altına və ya üstünə tərəf yer dəyişdirir. Hallux valgusun simptomları arasında ayağın yan hissəsində görünən yumru, baş barmağın ətrafında həssaslıq, hərəkət etməsində çətinlik, gəzən zaman baş barmağın ağrısı özünü göstərir. Ayağında ikinci barmağı uzun olanlarda bu problem daha çox müşahidə edilir. Hallux valgus baş barmaqda olan zaman yanındakı ikinci barmaq baş barmağın üstünə tərəf əyilir. Bu problemi düzəltmək üçün, baş barmaqla birgə ikinci barmaq tendonu da düzəldilməlidir.

Belə olanda insanlar adətən ayaqdarağı-falanqa oynağında ağrılardan şikayətlənirlər. Ağrı uzun müddət gəzdikdə və ya ayaqüstü vəziyyətdə çox dayandıqda artır, sakit vəziyyətdə azalır. Gecə ağrıları, xüsusən pəncə çox yükləndikdən sonra meydana gələ bilər. Ağrı sindromu həm xarakterinə, həm də gücünə görə – xırda narahatlıqdan kəskin, daimi, sızıldayıcı ağrılara qədər çoxala bilər.  Ayaq baş barmaq çıxıntısı problemi 10-15 yaş arası qızlarda da müşahidə edilir. Yetişkinlərindən fərqli olaraq bu yaşda ağrısız olur. Əgər ağrı hiss edilərsə, bəzi qoruyucu tədbirlər görə bilərsiniz. Belə deformasiya yaş artdıqca gücləndiyi üçün uşağın böyüməsi tamamlandıqdan sonra əməliyyat edilə bilər.

Müalicəsi: Bu problemi olan xəstələrin böyük bir qismi əməliyyatsız da ağrılardan xilas ola bilər. Belə problemlər zamanı ağrıları şiddətləndirən ayaqqabılar geyinmək olmaz. Xüsusilə dar, sivri burun, 5 sm-dən yüksək topuqlu ayaqqabılardan uzaq durmaq lazımdır. Yaxşı olar ki, ayaqqabı alarkən baş barmaq üstünə təzyiq göstərməyən rahat  seçimlər edilsin. Ayaqqabı içində baş barmaq və ikinci barmaq arasında silikon bloklar istifadə etmək kömək ola bilər. Ağrıkəsici və şişkinliyi azaldan dərman preparatları şikayətləri azaldır. Gecələr yatağa girərkən baş barmağa yön verən ortezlərin taxılması əyriliyin artmasının qabağını almağa kömək edir. Həmçinin, ağrılar zamanı iltihab əleyhinə preparatlar və məlhəmlər tövsiyə olunur. Bu cür müalicələr şikayətləri azaldır, amma xəstəliyin əmələ gəlməsinə səbəb olan anatomik narahatlığı aradan qaldırmır. Qeyd edilənlərə mütəmadi riayət olunmadıqda şikayətlər davam edə və əyrilik getdikcə arta bilər.

Tibdə Hhalluks valgusu cərrahi əməliyyatsız aradan qaldırmaq mümkün deyil. Lakin gənc qadınlarda erkən mərhələdə, eləcə də yaşlı pasiyentlərdə deformasiyanın istənilən dərəcəsində konservativ müalicə tövsiyə olunur. Belə müalicənin əsas məqsədi ağrı sindromunun dəf edilməsi və xəstəliyin proqressivləşməsinin qarşısının alınmasıdır.

 

Afaq RZA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir