is gorusmesi

Ən mənasız iş qadağaları

Baxış sayı: 538

Bu yaxınlarda bilmişəm ki, mediadan, yazı-pozudan tamam fərqli bir sahədə çalışan rəfiqəmin müdiri işdə internetdən maksimum az istifadəyə icazə verib. Ancaq zəruri sənədlərin göndərilməsi, iş üçün bəzi məlumatların əldə edilməsi üçün internet limiti var işçilərin. Bunu isə belə arqumentləşdirib ki, bəs internet – çat, sosial şəbəkə, oyunlar – işin keyfiyyətinə mənfi təsir göstərir. Bəzi məqamlarda bəlkə də haqlı ola bilər. Amma internet əsrində işçini internetdən məhrum etmək… bu barədə bir daha düşünməyə dəyər.

 

10 ən mənasız iş qadağaları

Bir neçə ay bundan əvvəl Türkiyənin nazirlərindən biri iş yerlərində reyd keçirəndə maraqlı bir mənzərə ilə qarşılaşmışdı. Nazirin gəlişindən xəbərsiz olan işçi internetdə oyun oynayırdı və… bunu görən nazirin göstərişi ilə həmin idarədə internet sıravi işçilərə qadağan olundu. Günümüzün, həyatımızın əsas hissəsini keçirdiyimiz iş yerlərində qadağalar, “olmaz”lar əsəblərimizə az təsir göstərmir. Zeynəb Xanlarovanın oxuduğu o məşhur “Olmaz, olmaz” mahnısındakı kimi, bəzi müdirlər də sanki bu mahnını əzbərləyiblər. Öncə xarici ölkələrin təcrübəsinə baxaq, sonra ölkəmizə keçərik. Deyəsən axı biz bu məsələdə şükürlüyük…

Yenibiriş.com saytının işçilər arasında keçirdiyi rəy sorğusuna görə, iş yerlərindəki ən axmaq qadağaların siyahısı ortaya çıxıb. Sorğuya qatılan 1747 nəfərə görə, mənasız və axmaq qadağalar siyahısındakı ən populyar 10 maddə aşağıdakılardır:

1) Əsnəmək

2) Boz rəngdə geyinmək

3) Musiqiyə qulaq asmaq

4) Başqasından dərman istəmək

5) Şirkət maşınının kondisionerindən lazımından artıq istifadə etmək

6) Daim eyni iş yoldaşı ilə yeməyə getmək

7) İcazəsiz ayaqyoluna getmək

8) Çayı ikidən artıq qəndlə içmək

9) Enerji içkisi içmək

10) Şala bürünmək

 

Sorğuda iştirak edənlərə görə, ən çox qadağa kompüter və internet istifadəsi ilə bağlıdır. Ofis daxilində yemə-içmə qaydaları da bunun ardınca gəlir. Bu yasaqları işdəki fasilələr, geyim və şəxsi gigiyena qaydaları haqqındakı qadağalar təqib edir.

 

Detallara varaq:

Kompüter-internet – sosial şəbəkələrdən istifadə etmək, çata girmək, şirkət xaricinə e-mail yollamaq və alış-veriş saytlarına girmək

Yemək türk qəhvəsi içmək, şəkər və süd tozu ilə bağlı verilən limiti aşmaq, hazır kofe içmək, iş masasında yemək yemək.

İş saatları – çay fasiləsi vermək, nahar etmək, hava qaralmadan ofisdən çıxmaq, müdirdən öncə ofisdən çıxmaq

Geyim-şəxsi gigiyena: top saqqal saxlamaq, rəngli dırnaq boyası sürtmək, şabalıdı rəngdə geyinmək, iri sırğalar, saçyığan taxmaq

Telefon: cib telefonunu səssiz rejimə qoymamaq, iş saatlarında şəxsi telefon danışıqları etmək, telefonu iş yerində “zaryadka”ya qoymaq qadağandır.

Siqaret: qapı ağzında siqaret çəkmək, siqaret çəkməyə digər iş yoldaşını da özünlə aparmaq, günorta saatından öncə siqaret çəkmək qadağandır.

Şəxsi ehtiyaclar: ayaqyoluna üç dəfədən artıq getmək, tualet kağızından çox istifadə etmək, ayaq yolunda beş dəqiqədən artıq qalmaq qadağandır.

 

Sosial şəbəkəyə girən işçi şirkətin kompüter setinə ziyan vurur(?)

Şirkətlərin 53 faizi işçilərinin sosial şəbəkələrə və əyləncəli saytlara çıxışını bağlayıb. 19 faiz isə fərqli yollarla işçilərini bu fəaliyyətdən uzaqlaşdırmağı bacarıb. Online oyunlar, bəzi veb saytlara giriş, video endirib izləmək və çatlaşma da ciddi şirkətlərin yasaqları sırasındadır.

Araşdırma zamanı şirkətlərə “işçilərin ən təhlükəli fəaliyyəti nədir” sualı verilib. Onların 35 faizi sosial şəbəkələri təhlükəli fəaliyyət hesab edib. Bundan başqa, firmalar iş əmsalının aşağı düşməməsi ilə yanaşı, şirkətin informasiya təhlükəsizliyi üçün də bunun yasaqlanmasını faydalı sayır. Neyçün ki, firma işçisi sosial şəbəkədə ancaq vaxtını və enerjisini itirmir. Eyni zamanda ona gələn viruslu məktubları oxumaqla şirkətin kompüter şəbəkəsinə də ziyan vurmuş olur.

İndi keçək bəzi dünya ölkələrindəki iş yerlərində özünü göstərən qəribə yasaqlara. Məsələn, Yunanıstan 2009-cu il iyulun 1-dən iş yerində siqaret çəkilməsini qadağan edir. Ölkənin səhiyyə nazirliyinin məlumatına görə, Avropanın ən çox siqaret çəkən xalqlarından olan yunanların bu vərdişindən ildə 20 min yunan ölür. Siqaretin dövlətə vurduğu ziyan isə ildə 2 milyard dollar məbləğində qiymətləndirilir.

Amerikada yerləşən bir şirkət iş yerində dedi-qodunu qadağan edib. Qadağanı pozanlar isə işdən çıxarılacaq. Onu da demək lazımdır ki, bəzən kiminsə dalınca danışmaq, rəsmi qadağanın olmadığı şirkətdə də təhlükəli ola bilər. Qadın: “Bir dəfə mənim tabeçiliyimdə olan həmkarımla sözüm düz gəlmədi. Mübahisəmiz düşdü. O, aşağıdakı yeməkxanaya gedərək, başqa bir işçiyə mənim barəmdə ağzına gələni danışdı. Həmin işçinin mənim gələcək ərim olduğunu bilmədən. Sonra bunu biləndə, özü gəlib ərizəsini yazıb işdən çıxdı”. Bax, iş yerində dedi-qodunun belə fəsadları da ola bilər.

Amerikadakı M-Pauer ictimai əlaqələr şirkəti və yaxud PR şirkəti həmkar barədə dedi-qoduya görə adamları işdən çıxarmaq qərarına gəlib. Şirkətin rəhbəri Səm Çapman deyir ki, arxada danışmaq iş yerində mühitin sağlamlığına ziyandan başqa heç nə gətirmir: “Biz dəfələrlə görmüşük ki, dedi-qodu həm onu edənə, həm də onun hədəfinə zərər gətirir. İş yerində münasibətlər pozulur, nəticədə şirkətin işinə ziyan dəyir. Özü də belə söz-söhbət çox zaman həqiqətə əsaslanmır. Ondan şayiələr yaranır. Biz istəyirik ki, kiminsə narazılığı varsa, sözü üzünə desin. Mənim yanımda kiminsə arxasınca danışırlarsa, mən dərhal həmin şəxsi dəvət edərək, məsələnin axırına çıxmağa üstünlük verərdim. Amma hamı bunu etmədiyindən, bir dəfəlik qəti qadağan qoymaq qərarına gəldim”.

Britaniyanın səhiyyə sistemində çalışan Sara isə hesab edir ki, dedi-qodunun dərəcəsi var: “Əgər bu ziyansız söz-söhbətdirsə, inanmıram ki, onu qadağan etmək yaxşı nəticə verəcək. Əksinə, kimisə üzləşdirsən, desən ki, bu adam sənin dalınca danışıb, o zaman münasibətlər dərhal pozulacaq. Mənimlə ancaq qadınlar işləyir. Sözün düzü, əgər dedi-qodu olmasa, bağrımız çatlayar. 8 saat bir yerdə işləyəndə, müəyyən gərginliklər yarana bilər. Ona görə də necə deyərlər, qaynar qazanın buxarını buraxan kimi, etibar etdiyin şəxsə yola getmədiyin adamdan şikayət edirsən, ürəyin soyuyur, əsəblərin bir qədər sakitləşir. Əsası odur ki, həddi aşmayasan. Yalan, şayiə yaymayasan”.

Amma Səm Çapman şirkətinin siyasətinin müsbət nəticə verdiyinə əmindir. Özü də artıq bir neçə şəxsi dedi-qoduya görə işdən kənar etməsindən fəxrlə danışır. “Bəli, mən artıq 3 nəfəri işdən çıxarmışam. Onlara edilən xəbərdarlıqlara baxmayaraq, bu adamlar öz münasibətlərinə düzəliş etməkdən imtina etmişdilər. Mən hesab edirəm ki, bu iş mühitini xeyli yaxşılaşdırıb və həmkarlarım mənimlə razıdırlar. Digər tərəfdən, üzr istəyirəm, ağızları nədir razılaşmasınlar”.

Böyük Britaniyanın BBC teleşirkəti də bu yaxınlarda öz əməkdaşları üçün yeni qadağa qoyub. Artıq BBC-də işləyən bütün jurnalistlər öz iş yerlərində banan yeyə bilməyəcəklər. Bu addımın səbəbi jurnalistlərdən birinin ağır allergik reaksiyadan rəhbərliyə şikayət etməsi olub. BBC-nin mətbuat xidməti də bu informasiyanı təsdiq edib. “The Sun” qəzetinin yazdığına görə, artıq bu şirkətdə nəinki banan yemək, hətta bananın qabığını belə soymaq qadağandır.

Bu addım jurnalistlər arasında zarafata və gülüşə səbəb olub. Qeyd edək ki, BBC rəhbərliyi bu qərarda heç bir qəbahət görmür. Rəhbərliyin bildirdiyinə görə, banan birbaşa insan həyatı üçün təhlükəli ola bildiyindən qadağan olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir