On bir ayın sultanı, “Qurani-Kərim”in nazil olunduğu mübarək ramazan ayı islam ümmətinin,təqva məqamına yüksəlmək istəyən hər bir müsəlmanın səbirsizliklə gözlədiyi ibadət ayıdır. Səbr, rəhmət, məğfirət, bərəkət ayı kimi qəbul edilən ramazan ayı fəzilətləri, özəllikləri,əsrlərin dərinliklərindən süzülüb gələn bir çox dini və sosial mahiyyətli adət-ənənələri ilə seçilir.İftar süfrələrinin açılması,ehtiyacı olanlara, fəqir-füqəraya yardımlar,sosial statuslarından asılı olmayaraq insanların məclislərdə, dini mərasimlərdə yekdilliklə iştirakı,ramazana məxsus təam növlərinin hazırlanması, məhəllə, küçələrin “fanus ramdan” (ramazançıraqları) ilə bəzədilməsi və s. kimi ənənələr Ərəbistanda milli-mənəvi dəyərlərsisteminin mühüm tərkib hissəsini təşkil edir.
Əmirliklərdə orucluq ayı…
Mübarək ramazan ayı digər müsəlman ölkələrində olduğu kimi, dünyada bir çox fərqliliyə imza atanBirləşmiş Ərəb Əmirliklərində(BƏƏ)böyük coşqu ilə qeyd edilir.Müəyyən qaydaların tətbiq olunduğu ramazan günlərində ölkədəictimai qələbəlik hökm sürür və BƏƏ-nin Əmək Nazirliyinin qərarı ilə gündəlik iş vaxtı iki saat azaldılır.Ölkə ərazisində fəaliyyət göstərən bütün kafe, yeməkxana, restoranlar gün çıxandan batanadək qapalıolur. Əcnəbi vətəndaşlar, turistlər bu ayda qoyulan qaydalara hörmətlə yanaşaraq riayət edirlər. İftar vaxtınadək ictimai yerlərdə yemək yeyən, su içən əcnəbiyə rast gəlmək qeyri-mümkündür.
Ramazan ayının ilk günündən BƏƏ-nin bütün bölgələrində, şəhərlərində “Xeyəm Ramadaniyyə” adlı ramazan çadırları qurulur. Məscidlərin ətrafında, küçələrdə, məhəllələrdə fəaliyyət göstərən ramazan xeymələrində gündəlik iftar məclisləri verilir.
Bundan əlavə, ölkənin hər bir əmirliyində bələdiyyələr tərəfindən ramazan tədbirləri düzənlənir, xeyriyyə aksiyaları təşkil olunur, ehtiyacı olan insanlara yardımlar edilir.Şaban ayının sonundan etibarən bələdiyyələr tərəfindən yerli vətəndaşlara 5 kisə düyü, ət, toyuq, un, şəkər, çay, xurma, yağ, müxtəlif növ şirələr, bir sözlə, ailənin bir aylıq ehtiyacını ödəyən zəruri ərzaq məhsulları təqdim olunur.
BƏƏ höküməti eyni zamanda, “Hilal əl-Ahmar” (Qırmızı Aypara) cəmiyyəti və “Sanduq əl-Zəkat” (Zəkat Fondu)nun xətti ilə ehtiyacı olan müsəlman ölkələrinə iri məbləğdə maliyyə, ərzaq, tibbi yardımlar göndərir.Ölkədə hər il ramazan ayında”Dünyada bir milyon uşağı geyindirək” şüarı altında ənənəvi xeyriyyə aksiyasıtəşkil edilir.Müxtəlifcoğrafi məkanlarda yaşayankimsəsiz, yetim uşaqlara, imkansız ailələrin övladlarınaramazan hədiyyələriərməğan edən bu aksiyaya ölkənin varlı ailələri, iş adamları maddi dəstək göstərirlər.
Şeyxdən vətəndaşlara ramazanhədiyyəsi: villalar, torpaq sahələri…
BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Naheyən tərəfindən hər il ramazan ayında ölkə vətəndaşlarına şəxsi mülklər, torpaq, ticarət sahələri hədiyyə olunur, banklara borcu olanların kredit borcları birdəfəlik ödənilir, dul və boşanmışqadınlara, çoxuşaqlı ailələrə iri məbləğdəmaddi vəsait yardım edilir. Ramazan ayında şeyxlərin şəxsi iqamətgahlarının, divanlarının, məclislərinin qapıları yerli əhali üçün açıq olur. Hər hansı bir problemi olan şəxs asanlıqla şeyxin qəbuluna düşərək, necə deyərlər, dərdinə əlac tapır.
Ramazan səbəti…
Orucluq ayı münasibəti ilə ailələr bir-birlərinə “səllətil ramadan” adlanan ramazan səbəti hədiyyə göndərirlər. Ramazan səbətinin içində evin xanımı üçün milli geyim olan “cəlləbiyə”, ərəb ətiri “dehn əl-oud”, “buxur”, xurma, şirniyyat bağlamasıvə s. olur.
İftar vaxtını bildirən yaylım atəşi…
Ərəbistandaramazan adətlərindən biri də, iftar vaxtını bildirən yaylım atəşinin açılmasıdır.Əmirliklərin bir çox bölgələrində, iri şəhərlərində məğrib azanında “Allahu Əkbər” sədası ilə toplardan yaylım atəşləri açılır.
Cənnət meyvəsi ilə açılan oruc…
Ərəbistanda iftar süfrələrinin şahı və bəzəyi xurmadır. Müqəddəs Qurani-Kərimdə zikr edilən, bərəkətli və şəfaverici nemət olan xurma qədim zamanlardan ərəblərin gündəlik qida rasionlarında xüsusi yer tutur. Ərəblər orucu peyğəmbərin (s.a.v) buyurduğu kimi, xurma və su ilə açırlar.
Əmirliklərin xurma plantasiyalarında cənnət meyvəsinin45-dən çox növü yetişdirilir. “Acve”, “Xalas”, “Barhi al-Mədinə”, “Xoşkər”, “Sukkari”, “Maktumi”, “Miskani”, “Hiləli” adlı xurma növləri həcminə, rənginə, dadına görə fərqlənirlər. Gündəlik iftar süfrələri üçün xurmadan müxtəlif çeşidli şirniyyat məmulatları vədoşab hazırlanır. “Maamul” adlanan ədviyyatlı xurma Ərəbistanda ramaz süfrələrinin vazgeçilməz şirniyyatı hesab olunur.
İftar süfrəsi…
Ərəbistandaməxsusi olaraq iftar və sahur süfrələri üçün müxtəlif növsalat, xörək, şirniyyat, şərbətlər hazırlanır.Gündəlik iftar süfrələrinin bəzəyi olan ən məşhur təamlar bunlardır:
Fattuş, tabbule, baba-ğannuc -salatlar
Xubs rqaq, cbab, mehlə – çörək növləri
Xebeysa, balalit – xəmir xörəkləri
Um-ali, firni, liqeymət, saqou, knefye – şirniyyat növləri
Kəbsə, məçbus, salona, biryani – plov növləri
Varaq aenab – yarpaq dolması
Mehaşi – badımcan dolması
Sambusa, fatayer -kətə növləri
BƏƏ ailələri adətən çoxuşaqlı olur (8-12 uşaq) və hər gün iftar süfrəsinə yığışan ailənin sayı ən azı 30-35 nəfər təşkil edir. Evlənən oğullar, ərə gedən xanımlar övladları ilə birlikdə gündəlik ata yurdlarında iftar süfrəsinin ətrafına toplaşırlar. Təbii, belə tünlük iftar məclislərinin ayrı ləzzəti olur. İftar məclislərindən söz düşmüşkən, BƏƏ-də təqdirəlayiq ramazan ənənələri çoxdur. Hər bir evin yaşlı xanımı gündəlik olaraq “məğrib” azanından əvvəlhazırladığı təamlardan qonum-qonşuya, yaxınlarına, ehtiyacı olan, imkansız ailələrə pay göndərir. Bu səbəbdən evlərdə gündəlik iftar süfrələri zənginliyi ilə diqqəti cəlb edir.
Dəvə plovu…
Ərəblərin gündəlik qida rasionunun əsasını düyüdən hazırlanan plov təşkil edir. “Aeyş” adlanan plov Ərəbistan mətbəxinin şahı sayılır. Körfəz ölkələrinin milli mətbəxlərində plovun fərqli dada və görünüşə malik saysız-hesabsız növləri var.
Səudiyyə Ərəbistanında iftar süfrəsinə məxsusi dəvə plovu hazırlanır. Onu qeyd edim ki, dəvə körfəz ölkələrində ən bahalı heyvandır.Ərəbistan dəvəsi cinsindən asılı olaraq qiyməti milyon dollarla ölçülür və son model qərb avtomobilindən yüksək qiymətə satılır. Bir müddət öncə “Məcahim” cinsli dişi dəvəyə yeni sahibi “varlığa nə darlıq” deyərək, rekord məbləğ: üç milyon dollar ödəyib.
Küveytdə “Qarqian”, BƏƏ-də “Haqq əl-leylə” adəti…
Bəhreyn, Qətərvə Küveytin qədim dini adətlərindən biri olan Qarqian əsasən ramazan ayının 13, 14, 15 və 24-ci günlərində keçirilir. BƏƏ-də “Haqq əl-leylə” adlanan bu adət azyaşlı uşaqlara yardımlaşma duyğusunu aşılayır.Belə ki, bir dəstə uşaq toplaşaraq məhəllələri gəzir, əllərindəkixırda pul olanhəsir səbəti,şirniyyat, noğul-nabat, müxtəlif çərəzlərlə dolu qazanı döyəcləyərəkuca səslə dini ənəşid (nəğmələr) oxuyurlar.Adətə görə, qapısı döyülən ev sahibi uşağın heybəsini əliboş qaytarmamalıdır.
Axşam məclisləri…
Ərəbistanda villaların həyətlərində, bağ evlərində “meylis” adlanan qonaq çadırları qurulur.Hər bir evin kişi və qadın “meylis”ləri ayrı olur.Taraveh namazından sonra meylislərə toplaşanlar “fovvalə” adlanan meyvə və şirniyyat süfrəsi arxasında söhbətləşirlər.
Ramazan buxuru və bayram xınası…
Orucluq ayının sonuna yaxın yaşlı ərəb xanımları evlərdə xoş ətirli, müşk qoxulu, qeyri-adi rayihəsi ilə insanı bihuş edən buxur (yandırıldıqda ətir saçan qatran)hazırlayırlar. Qədim misirlilərdən qalma adət olan buxur yandırma bir çox ərəb ölkələrində geniş yayılan milli ənənələrdən biridir.
Deyilənə görə, peyğəmbərlər buxur yandıraraq ibadət edirdilər. Buxurun tərkibi xüsusi növ ağac qabığından, müxtəlif gül və efir yağlarından, ətirli maddələrdən ibarətdir.
Xanımların, qızların əl-ayaqlarına xına çəkməkləri körfəz ölkələrinə xas olan milli adətlərdəndir. Toyda, nişanda, bayram və məclislərdə iştirak edən xanımlar, qız uşaqları əl-ayaqlarını “henna” adlanan xına ilə naxışlayırlar. Sanki rəssam dəqiqliyi ilə bəzədilən müxtəlif növ xına naxışları ərəb xanımlarının əllərinə məxsusi gözəllik verir. Bayramdan bir gün öncə hər evdə xanımlar, qızlar yığışaraq xına çəkmə mərasimi təşkil edirlər.
Ayid əl-Fitr…
Ərəbistanda dini adətə görə, bayramlarda (ramazan və qurban) başdan-ayağadək yeni əlbisələr geymək lazımdır. Məhz bu səbəbdən orucluq ayının üçüncü həftəsindən artıq bayram
hazırlıqlarına başlanılır. Bayrama “hidum” (geyim), “naul” (ayaqqabı), çanta, saat, ətir,müxtəlif aksesuarlarvə s. almaq üçünticarət mərkəzlərinə üz tutan alıcıların axını əhəmiyyətli dərəcədə artır. Bayramqabağıalış-veriş mərkəzləri, bazar-dükanlargecə saatlarına qədər açıq olur və ticari məkanlardainanılmaz qələbəlik hökm sürür.
Ərəb aləmində “Ayid əl-Fitr” adlanan ramazan bayramının ilk günü böyüklü-kiçikli hər kəs sübh tezdən oyaq olur,məscidlərdə bayram namazları qılınır, fitrə zəkatları verilir, “ayid” (bayram) hədiyyələri paylanılır. Zöhr namazından sonra evlərdə ləziz təamlarla, müxtəlif nemətlərlə bol”ğədə” (nahar) süfrələri açılır.
Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs ramazan bayramında uşaqlara göstərilən diqqət “Ayid əl-Fitr”in daha bir özəlliyindən xəbər verir. Ərəbistanda qədim adətə görə,bayramın ilk günüuşaqlara “Ayidiyyə” adlanan bayram pulu paylanılır.
Hər bir ailədə böyüklər, qohum-qardaş, qonum-qonşu bayram sevincini yaşayan uşaqlara gücü çatan məbləğdə “ayidiyyə” verir.”Aetlat-əl-Aid”i–tətil günlərini maraqlı keçirmək istəyən vəuşaq əyləncə mərkəzlərinə üz tutan azyaşlılara “ayidiyyə”əsl bayram sevinci bəxş edir.
İnsanlar arasında sevgi, qardaşlıq, səmimiyyət bağlarını gücləndirən, ehtiyac içində olanları sevindirən, cəmiyyətdə birlik, bərabərlik əlaqələrinin möhkəmlənməsinə təkan verən bu mübarək ayda Allah-Təala hər kəsin orucunu, namazlarını qəbul, dua və diləklərini müstəcəb etsin.