Tıxaclar çoxdan şəhərimiz üçün böyük problemə çevrilib. İldən-ilə vəziyyət daha da pisləşir, çünki avtomobillərin sayı artır. Avtomobillərin və yerüstü ictimai nəqliyyatın sürücüləri və sərnişinləri üçün hər səfər bir stresdir, çünki tıxaclarda çoxlu vaxt və əsəbləri gedir.
Bu günlərdə deputat Fazil Mustafa deyib ki, tıxac problemi bütün dünyada yaşanır, amma xaricdə bu problemlə məşğul olan qurumlar var, Azərbaycanda isə yox. Yol polisi hərəkəti tənzimləyə bilmir. O, təklif edib ki, bu sahədə çalışan aidiyyəti qurumlar növbəti il bu problemi həll etmək üçün hansı proqramların olması barədə ictimaiyyəti məlumatlandırsın.
“Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov məsələ ilə bağlı bildirir ki, “Yol hərəkəti haqqında” qanunumuz beynəlxalq qanunlara uyğun yazılıb, sadəcə olaraq kiçik fərqlər var: “Bundan başqa, Azərbaycan qanunvericiliyində beynəlxalq hüquqa üstünlük verilir. Deməli, qanunda hər şey aydın şəkildə göstərilib ki, kim və nə etməlidir. Bu, sürücülərə, yol polislərinə, icra hakimiyyətlərinə aiddir. Hər kəs qanunun tələbini yerinə yetirsəydi, tıxaclar 70% azalardı”.
“Yuxarıda adları çəkilən bütün tərəflərin birgə işləməsi lazımdır ki, bu sistem sayəsində yollardakı vəziyyət yaxşılaşsın. Bunun üçün müxtəlif variantlar və imkanlar var, lakin bunun üçün bütün məsul strukturlar çalışmalıdır. Ancaq sürücülərdən də çox şey asılıdır. Məsələn, ABŞ-da ən kiçik tıxacda belə, qarşıdan gələn zolağa çıxmağa çalışan bizim sürücülərdən fərqli olaraq, hər kəs öz zolağında hərəkət edir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Bakı inşa olunarkən, yollarda bu qədər maşın olacağı heç kimin ağlına gəlməzdi: “İndi bir çox ailələrdə 2-3 maşın var. Hansı istiqamətdə hərəkət etmək və “prioritet nədir” sualını vermək vacibdir. Məsələn, ABŞ-da avtomobillər prioritetdir və ona görə də səkiləri olmayan küçələr var. Amma yollarında çoxlu sayda avtomobil nəzərə alınaraq salındığı bu ölkədə belə, nəqliyyat axınının öhdəsindən gələ bilmirlər. Məsələn, Sinqapuru götürsəniz, bu ölkə tamam başqa yol tutub. Avtomobilin bahalığı, bahalı avtomobil sığortası və parkinqi var, yəni ölkədə hər cür şərait yaradılıb ki, insanlar avtomobildən mümkün qədər az istifadə etsinlər. Eyni zamanda, Sinqapurda ictimai nəqliyyat sistemi əla işləyir”.
“Bakıya gəlincə, şəhərimiz ictimai nəqliyyat üçün uyğunlaşdırılıb və əvvəllər logistika yaxşı işləyirdi, xüsusən də avtobuslar qrafik üzrə işləyirdi. Dəfələrlə demişəm ki, 1 avtobus 100 maşın qədər adam aparır. Aydın məsələdir ki, insanlar avtobusa keçsələr, yollarda indiki kimi sıxlıq yaranmayacaq. Lakin yollarımızda hərəkət edən iri avtobuslar dönə bilmədiyi üçün qeyri-effektivdir. Marşrutları da elə işləyib hazırlamaq lazımdır ki, A nöqtəsindən B nöqtəsinə asanlıqla gedə biləsən, indi olduğu kimi bir neçə avtobus dəyişməyəsən. Bu məqama BNA nəzarət etməlidir, onlar üçün sərnişinin maraqları və ehtiyacları əsas olmalıdır”, – deyə Məmmədov vurğulayır.
Birlik sədri əlavə edir, tıxaclar həm şəxsi, həm də ictimai nəqliyyatdan istifadə edənlərin vaxt itkisi ilə əlaqələndirilir: “Xüsusilə, yanacaq sərfiyyatı 3-4 dəfə artır, yəni insanların cibinə ziyan vurulur, həmçinin də ətraf mühitə. Biz elə şərait yaratmalıyıq ki, insanlar ictimai nəqliyyatın xeyrinə seçim etsinlər. Tıxac problemi kompleks şəkildə həll edilməlidir. Məsələn, bəzi yerlərdə yolların yenidən qurulması, harada svetoforun lazım olub, harada olmadığını təhlil etmək, qanunsuz parklanmalara qarşı mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, bəzi ekspertlər işıqforların sökülməsinin tıxaclarla mübarizəyə kömək edəcəyini düşünürlər. Həmsöhbətimizin dediyinə görə, Avropanın iki şəhərində eksperiment aparılıb: “Bütün yol nişanları götürülüb və qəzaların sayı o qədər də artmayıb. Amma bizim üçün belə eksperimentlər aktual deyil, çünki sürücülərimiz o qədər də qanuna tabe deyillər”.
Elya Belskaya