xestelik

Əsrimizin bəlasının fəsadları: Skelet xəstəlikləri, piylənmə riski…

Baxış sayı: 1. 819

Exnologiyanın günü-gündən inkişaf etməsi həyatımıza təsirsiz ötüşmür. Artıq ayrılmaz hissəmizə çevrilən telefonların müsbət tərəfləri qədər səhhətimizdə yaratdığı problemlər özünü göstərir.

İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun alimləri də bu qənaətə gəlib ki, mobil telefonun elektromaqnit şüası xüsusilə yeniyetmələrin yaddaşına mənfi təsir göstərir. Şüanın beyinə potensial təsirinin minimuma endirilməsi üçün mobil telefonla danışarkən (xüsusən şəbəkənin gücü zəif olduqda) qulaqcıq və ya səsgücləndiricidən istifadə tövsiyə edilir.

Texnoloji vasitələrdən daha çox istifadə insanda vərdiş, alışqanlıq halını alır. Onların uşaqlara təsir gücü isə daha çoxdur. Ictimai həyatdan qaçma, içə qapalılıq, bu alətləri qadağan edən valideynə qarşı aqressiya göstərmə kimi əlamətlər psixoloji travmanın yaratdığı təsirlər arasındadır. Bu qrup uşaqlarda depressiya, autizm, diqqət əskikliyi daha çox görülür. Yüksək texnoloji sürət ilə gerçək həyat arasındakı fərqlilik uşaqların davranışlarında dözümsüzlük, empatiya qura bilməmək, hadisələrin həlli yolunu tapmamaq  kimi özünü büruzə verir. Zamanla uşaqlar təcavüzkar bir şəxsiyyətə donuşur.

 

Texnoloji vasitələr uşaqlara fiziki baxımdan aşağıdakı mənfi təsirləri göstərir:

  • Vizyon problemləri.
  • Skelet xəstəlikləri.
  • Radiasiya alınması.
  • Hərəkətin məhdudlaşdırılmasına səbəb olan əzələ problemləri.
  • Köklük riski.
  • Yuxu rejiminin pisləşməsi və  yuxuya getmə problemləri.

Bəs, texnologiya asılılığından necə xilas olmaq mümkündür?

Mütəxəssislər bildirir ki, ilk olaraq telefon və digər texnoloji alətlərin vərdiş halını alıb-almaması dəqiqləşdirilməlidir. Əgər həqiqətən texnologiyadan asılılıq varsa, müvafiq mütəxəssis dəstəyi alınmalıdır. Bununla yanaşı, texnologiyanın istifadəsinə gətirib çıxaran səbəblər araşdırılmalıdır.

İkincisi, texnologiya asılılığına səbəb olan vəziyyətlər aradan qaldırılmalıdır. İnsanın həyat tərzi buna səbəbdirsə, həyat tərzi dəyişdirilməli , sosial səbəblər varsa, sosial mühit nəzərdən keçirilməlidir.

Psixoloqlar bildirir ki, əsasən təklikdən və sevgisizlikdən əziyyət çəkən insanlarda texnoloji alətlərdən asılılıq yaranır. Texnologiya asılılığı yaşayan bir insanın bu problemi qəbul etməsi, bu problemlə əlaqəli kömək istəməkdən utanmaması, bu problemi ailə üzvləriylə, yaxınlarıyla paylaşması, onların dəstəyini istəməsi, bu problemlə əlaqəli atacağı addımlar atması vacibdir.

 

Uşaqları telefondan asılı olan valideynlərə həll yolları:

Birincisi, valideynlər uşaqların maraqlandığı şeylər barədə məlumatlanmalıdırlar. Uşaqlarla daha çox ünsiyyət qurmaq və onları maraqlandıran sahələri təqib etmək lazımdır. Valideynlər uşaqlarının rol modelləri olduğunu unutmamalı və ilk növbədə uzun müddətli texnoloji vasitələrlə məşğul olmamalıdırlar. Uşaqlar virtual mühit, parol və təhlükəsiz internetdən istifadə barədə məlumatlandırılmalıdır. Şiddət proqramları izlənilməməli və oyunlar satın alınmamalıdır. Bu sayədə həm uşaqların texnoloji alətləri istifadəsi ana və atanın nəzarəti altında olur, həm də kompüterin ortaq olması onun istifadə müddətini azaldır. Virtual mühitdə heç bir paylaşma bizim real həyat mübadiləsini əvəz edə bilməz, ona görə də valideynlər uşaqlara daha çox vaxt ayırmalıdır. Uşaqları texnologiyadan uzaqlaşdırmaq realist bir yanaşma deyil. Ancaq valideynlər öz uşaqlarına nümunə kimi texnoloji asılılıqdan uzaqlaşsa, uşaqlar da texnoloji asılılıqdan xilas olar.

 

Sosialoq Əhməd Qəşəmoğlu deyir ki, telefondan asılılıq sosial bəladır: “Telefon günümüzün, həyatımızın atributudur. Ondan asılılıq isə sosial bəladır. Cəmiyyəti bundan xilas etmək lazımdır. Bu elə bir məsələ deyil ki, qanun qəbul edib, kimisə hansısa cəza ilə telefondan uzaqlaşdıraq. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Telefon asılılığı insanın ailəsi, həyatı karyerası üçün problemlər yaradır. Küçədə, ictimai nəqliyyatda fikir versək, insanların telefonlarını əlindən qoymadıqlarını görəcəyik. Bəzən isə onlar yola belə baxmırlar və həyatlarını təhlükəyə atırlar. Ona görə bu sahəni başlı-başına buraxmamalıyıq. Müxtəlif sosial layihələr, maarifləndirmə tədbirləri təşkil edilməlidir. Televiziyada bu haqda proqramlar hazırlanmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir