Hər bir qidanın orqanizmimizə birbaşa təsiri var. Ta qədimdən bu günə Azərbaycanın vazkeçilməz qidalarından biri də ətdir. Xüsusən də yağlı qoyun ətindən hazırlanan yeməklər, kabablar əksəriyyətimizin qida rasionumuzdan çıxara bilmədiyi təamlardandır. Ancaq ət yeməyin xeyri olduğu qədər, həm də ziyanlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, qırmızı ət xərçəng xəstəliyinin inkişafına yol açır. Mütəxəssislər donuz ətini formaldehid, qamma radiasiya, spirt və siqaretlə eyni sıraya qoyurlar. Onların fikrincə, gündə 50 qram ət yeyən insanda xərçəngin inkişafı 18 faiz artır. Lerner Tədqiqat İnstitutunun (ABŞ) alimləri sübut ediblər ki, ət məhsullarında olan L-karnitin ürək xəstəliklərinin inkişafına yol açır.
Lakin ətdən tamamilə imtina enməyin bədənə müxtəlif ziyanları ola bilər. Belə ki, o zaman metabolizm proseslərində minerallar və mikroelementlərin çatışmazlığı müşahidə olunur. Ət dəmir, vitamin D və B12 qaynağıdır. Ət yeməyən insanların onun əvəzləyicilərini qidalanmasına daxil etməsi məsləhət görülür. Məsələn, lobya, mərcimək, qoz-fındıq, meyvə- tərəvəz, yumurta, maya ekstaktları.
Tibb elmləri doktoru, professor Adil Qeybulla ət yeməklərinin qəbulunun müəyyən məhdudiyyətlərlə olmasının vacib olduğunu dedi: “Doymamış yağ və əvəzolunmaz amin turşularının çoxu bədəndə istehsal olunmur. Bunlar ancaq xaricdən alınmalıdır. Yəni ancaq qida vasitəsi ilə bədənə daxil olmalıdır. Heyvani mənşəli və bitki mənşəli zülallar var. Sadəcə olaraq, ət yeməklərinin qəbulu müəyyən məhdudiyyətlərlə olmalıdır. Bizim qəbul etdiyimiz ət qidası orqanizmin tələbatından qat-qat artıqdır. Bəzi insanlar çox qida qəbul etdikləri üçün doyma hissini itirirlər və nəticədə qida həmin adamın ziyanına işləyir. Ona görə də qida qəbulunu kifayət qədər məhdudlaşdırmaq lazımdır. Birdəfəlik ət qidalarından imtina düzgün deyil. Onların tərkibində əvəz olunmayan amin turşuları orqanizm üçün vacibdir. Ona görə də arıqlamaq məqsədi ilə və ya uzun müddət aclıq keçirənlərdə psixi dəyişikliklərin olması da bəzən bununla izah olunur. Biz adekvat qidalanmalıyıq. Adekvat qidalanma da insanlar qidalanma mədəniyyətinə uyğun olaraq həddən ziyadə olmamaq şərti ilə normal, insanın aktiv hərəkətinə mane olmayacaq dərəcədə qida qəbulu yetərlidir”.
İnsanlar arasında belə bir deyim də var ki, çox ət yemək insanı qocaldır, üzündə qırışlar əmələ gətirir. Bu söyləntilərin nə dərəcədə doğru olub olmamasına gəlincə isə A.Qeybulla bunun yanlış düşüncə olduğunu deyir: “İnsanlar ona görə qocalır ki, onların qəbul etdikləri kalori ilə sərf etdikləri kalori arasında disbalans yaranır. Qəbul olunan kalori çox olur, sərf olunan kalori isə az. Bunun da səbəbi çox qida qəbul edib az hərəkət etmələridir. Nəticədə bu orqanizmdə pozulma yaradır, ürək-damar sistemini sıradan çıxardır və təbii ki, insanın dərisi də bundan əziyyət çəkir”.
Dietoloq Leyla Zülfüqarovanın sözlərinə görə, yediyimiz ətin beynimizin işləməsinə böyük təsiri var: “Ətin insana xeyri var deyənlər, sadəcə olaraq, evdə oturub bozbaş bişirib yeyən adamlardır. Əslində ət protein ağırlığını orqanizmimizə ötürür. Ət yemək ziyanlı deyil. Ət xeyirlidir deyənlər hər gün qoyun əti yeyənlərdir. Çingiz Abdullayev yazır ki, amerikalılar dəliqanlıdır, demokratikdir və onlar belə olmağa məhkumdurlar. Çünki onlar hər gün can əti yeyirlər. Bu, daha fərqli ətdir, yağı azdır, orqanizmdə də tez həzm olunur. Dəmir, protein, zülallarla zəngindir. Eyni zamanda tərkibində ekstraktiv maddələr azdır. Demək ki, can əti yeyən amerikalılar emosiyalarını bildirmək gücünə malikdir. Yaponlar isə daha çox dəniz məhsullarından qidalanırlar. Buna görə də kifayət qədər ağıllı və dünyaya diktə edən xalqdır. Onların beyinlərinin sağ yarımkürəsi kifayət qədər inkişaf edib. Ona görə də ən ağıllı ixtiraçılar məhz buradan çıxır. Yəni qida ilə şüurun işləməsinin bir əlaqəsi var.
Azərbaycana gəlincə isə biz kifayət qədər qoyun əti yeyirik. O qədər çox qoyun əti yeyirik ki, əgər kiməsə bunu yemə deyəndə o insana bu söz xoş gəlməyəcək, çünki insanların ataları, babaları uzun illər qoyun əti yeyib. Bunun səhv olduğunu deyəndə sanki o insanın ailəsinin səhv olduğunu demiş kimi oluruq. Amma qoyun ətinin tərkibini analiz etsək doymuş yağ turşularının olduğunu görərik ki, bu da beyin hüceyələrinin aktiv işləməsinə xidmət edir. Ancaq xolesterin ağır fəsadlara gətirib çıxarır. Nəticə göz qabağındadır. Biz azərbaycanlılar ürək-qan damar xəstəliklərindən çox əziyyət çəkirik. Bunun da səbəbi qoyun ətinin çox yeyilməsidir.
Biz dəniz məhsullarına üstünlük vermirik. Hətta bəzilərimiz bunu sevmədiyini deyirlər. Halbuki bu insan səhhəti üçün yaxşıdır. Yaxşını sevməməyin özü yaxşı hal deyil. Bunun isə əsl səbəbi qoyun ətindən imtina etmək istəməməyimizdir. Ekologiya da bizim qidalanmamızda rol oynayır. Belə ki, biz təmiz oksigen alırıqsa, həmin oksigen nəticəsində qidanı yandıra bilərik. Amma bu baş vermir. Bu əslində psixoloji bir nüansdır.
Öyrəşdiklərimizdən vaz keçə bilmirik. Qidalanma hər zaman korrektə olunacaq bir hissədir. Biz yada və qışda olan qidalanmamızda belə dəyişikliklər ediriksə, təsəvvür edin ki, illərdir ki, qoyun ətini dəyişdirmirik. Nəzərə alaq ki, düşüncələrimizin, beynimizin işləmə sürətinin yediyimiz ətlə birbaşa əlaqəsi var”.