ders

12 illik təhsilə keçid: təklif və müzakirələr nə vəd edir?

Baxış sayı: 606

Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev ümumi təhsil sistemində 12 illik tədrisə keçidlə bağlı fikirlər səsləndirib. Nazir bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə orta məktəblərdə 12 illik tədris tətbiq edilir və Azərbaycanda da bu istiqamətdə işlərə başlanılmalıdır: “Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir. Orada dərs saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin bəzi sahələrinə diqqət edilməlidir”.  Nazirin bu açıqlamasından sonra uzun illərdir ki, müzakirə olunan bu məsələ yenidən gündəmə gəlib.

Qeyd edək ki, 12 illik təhsilə keçid cəmiyyətdə müəyyən müzakirələr doğuran məsələdir. Ekspertlər hesab edirlər ki, 12 illik təhsilə keçid şagirdlərin tədris yükünün azaldılmasına xidmət edəcək. Təhsil sahəsinin inkişafına və təmayülləşmə prosesinin uğurla həyata keçirilməsinə şərait yaradacaq.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, 12 illik təhsil modeli artıq 170-dən çox ölkədə uzun müddətdir ki, tətbiq olunur. Hətta Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bir sözlə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Çox az sayda ölkədə təhsilin müddəti 11 ildir. Azərbaycan da bu ölkələr sırasındadır: “2016-cı ildə Təhsil Nazirliyində təşkil olunan “dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb, 12 illik ümumi təhsilə keçiddə məktəbə hazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkili, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiqi barədə təkliflər səsləndirilmişdi. Ən başlıcası isə, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb: “Bildiyim qədər o vaxtlar bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb. 12 illk təhsilə keçidin zəruriliyi  hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu, bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edilir ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır”.

Ekspertin sözlərinə əsasən, ləngimədə problem ondan ibarət olub ki, bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunub. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib. O zamankı müzakirələrdə 7 varianta hazırlanan həmin təkliflərin I variantında 1 il məktəbəhazırlığa, 4 il ibtidai təhsilə, 5 il ümumi, 2 il isə tam orta təhsilə verilməsi nəzərdə tutulurdu. Sonrakı variantlarda müxtəlif sxemlər təklif olunurdu: “Əgər I varianta istisna etsək, 2019-cu ildə qəbul olunan “Ümumi təhsil haqqında” qanuna görə biz artıq iki ildir ki, 12 illik təhsilə keçid etmişik. Həmin qanunun 13-cü maddəsində “Ümumi təhsilin təşkili” bölməsində 13.3 maddədə qeyd olunur ki,  Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Qanun maddəsində qeyd edildiyi kimi, əgər məktəbəhazırlıq ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmizdə uşaqların məktəbə ilk addımı 5 yaşdan başlayır və bununla da biz 12 illik təhsilə artıq keçid etmiş hesab olunuruq. Deməli, iki yoldan birini seçməliyik. Ya,  məktəbəhazırlığa da təhsilin bir səviyyəsi kimi baxaraq bütün məktəblərdə belə qrupların açılmasını təmin etməliyik, ya da  təmayül siniflərini 11-12-ci siniflərdə davam etdirməklə əlavə olunacaq  1 ili təhsilin tam orta təhsil pilləsinə əlavə etməliyik. Gedişatı zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına bel bağlayıb buna ümid etməklə arxayınlaşmaq olmaz. 12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. ölkədə vaxtilə yeni kurikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Hər halda müzakirələr davam etdirilməlidir, özü də ki, daha geniş tərkibdə”.

N.İsrafilov vurğulayır ki, 12 təhsilə mərhələli şəkildə keçilməlidir: “Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi həyata keçiriblər. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2021-ci ilin sonuna nəzərdə tutulub. Demək, proses üçün illərlə vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, 12 illik təhsilə keçidlə bağlı düşünülmüş addımlar atılmalıdır: “On ildən çoxdur ki, ölkədə 12 illik təhsilə keçid məsələsi müzakirə olunur. Ekspertlər, ictimayyət nümayəndələri tərəfindən bununla bağlı müxtəlif fikirlər səsləndirilir. 12 illik təhsilin tətbiqi üçün bir neçə vacib şərt və tələblər yerinə yetirilməlidir: Birincisi, Azərbaycanda hazırda 12-ci sinifdə şagirdlərə tədris olunacaq tədris vəsaitləri varmı? 12-ci təhsil ilində lazım olacaq auditoriyalar hazırdırmı? Ən əsası 12-ci sinifdə oxuyacaq şagirdlərə daha dərin dərs tədris etmək üçün müəllimlər varmı və ya hazırlanırmı? 12 illik təhsil dövründə xüsusi müəllimlər olmalıdır. Mütləq şəkildə qeyd olunan siniflərdə təhsil alacaq şagirdlərə fənləri tədris edəcək kadrlar hazırlanmalıdır. Bütün işlər  planlı şəkildə həyata keçirilməlidir ki, sonradan hər hansı bir problemlə qarşılaşılmasın. Bütün bu tələblər yerinə yetirilərsə, onda rahatlıqla bu modelə keçilə bilər”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirir ki, 12 illik təhsilə  keçid üçün ilk öncə baza formalaşdırılmalıdır: “Şagirdləri təhsilə, daha artıq təhsil almağa cəlb etmək fikri çox yaxşıdır. 12-ci siniflərin olması fikri çox əladır. Bütün bunlar şagirdlərə daha çox hazırlaşmaq imkanları yaradacaq, onlar daha çox təhsillə əhatə olunacaqlar. Ən əsas isə dərs yükü azalacaq. Ancaq hazırkı vəziyyətdə nə təhsil müəssisələri, nə pedaqoji heyət, nə də dərsliklər buna hazırdı. Azərbaycanda 12 illik təhsil üçün tam baza formalaşmayıb. Buna görə 12 illik təhsilə keçidə ciddi şəkildə hazırlaşmaq lazımdır. Tam hazır olandan sonra bu sistemə keçmək daha məqsədə uyğun olar və uğurlu alınar”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir