korpe

15 günlük övladını ölümə tərk edən “ana” – Kimdir müqəssir?

Baxış sayı: 572

İki gündür sosial şəbəkə və medianın müzakirə mövzusu zibil konteynerindən tapılan körpədir.  15 günlük körpəni zibilliyə atan ananın videogörüntüsü hər kəsi qəzəbləndirib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir.

Həkimlər körpəni həyata qaytarmağa çalışsalar da, durum o qədər də parlaq sayılmaz. O, Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımi müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır. Çox təəssüf ki, bu hadisə ilk də deyil. Az qala övladından imtina edən analar üçün uşağı zibilliyə atmaq bir “ənənə” halını alıb.

Konkret hadisənin kökündə müxtəlif səbəblər dayana bilər. Bunu heç kəs inkar etmir. Başa düşməyə çalışıram, amma yox, heç bir səbəb ananın yenicə doğulmuş körpəsini zibil qutusuna atmasına bəraət qazandıra bilməz. Bu, birmənalı insanlıq cinayətidir. O “ana” körpəsini zibil yeşiyinə atmaya da bilərdi. Çarəsizlikdən uşaq evinin, məscidin qapısına, parkdakı oturacaqlara  da qoya bilərdi.  İzlədiyimiz əcnəbi filmlərdə biz belə nümunələr çox  görmüşük. Hər nə qədər saxlamağa imkanı olmasa da, uşağı yaşaya bilsin deyə onu atmağa  daha təhlükəsiz yerləri seçərdi.  İnsanlar evində saxladığı pişiyi, küçədə tapdığı iti belə ölü halda zibilliyə atmağa ürəyi gəlmir, torpağı qazıb altına basdırır. Əlindəki zibil torbası ilə  doğmaca övladı arasında fərq görməyən insanların varlığı sadəcə dəhşətdir.

Mövzunu müzakirəyə çıxardan şəxslər isə zibilliyə atılan uşaqların qeyri-rəsmi nikahlardan  doğulduqlarını, qadınların da ayıbı üzə çıxmasın deyə bu yola əl atdığını iddia edir. Aydın məsələdir ki, məcburiyyət qarşısında qalmayan  heç bir qadın bu qədər mərhəmətsiz olmaz. Amma canından bir parçanı məişət tullantılarının içində ölümə tərk edən “ana”da heç vicdan da yoxmuş?!.

Qeyd edək ki, konkret uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır və valideyn uşağı öldürmək istəməkdə ittiham oluna bilər.  Çünki şüurlu şəkildə anlayır ki, köməksiz şəkildə qalan uşaq hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər. Körpəsini bilərəkdən zibilliyə atan analar  da qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın açıqlamasına görə, Azərbaycan Respublikası Konstitusiyasının  34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar.

Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər: “Birmənalı olaraq o qadına azadlıqdan məhrumetmə cəzası verilməlidir. Belə bir əməlin heç bir yüngülləşdirici səbəbi olmamalıdır. Faktiki olaraq, ana cinayət törədərək 15 günlük körpəsini ölməsi üçün zibil yeşiyinə atıb. Bu çox qandondurucu bir hal olduğu üçün nəinki yüngülləşdirici, əksinə, ağırlaşdırıcı maddə ilə həbs olunmalıdır. Köməksiz vəziyyətdə olan bir körpəyə qarşı bu amansızlığı etmək iyrənc bir haldır. Bir çox hallarda bizim məhkəmələr övladına qarşı amansızlıq edən analara qarşı bir o qədər də ağır cəza vermir. Bu stereotip aradan qaldırılmalıdır və bu cür qadının valideynlik hüququ əlindən alınmalı və  sərt şəkildə cəzalandırılmalıdır. Heç bir halda bu əmələ bəraət qazandırmaq olmaz. “Uşağını atan anaları qınamıram”, “bunun günahkarı o ana yox, cəmiyyətdir, dövlətdir” kimi pafoslu bəhanələr də yersizdir. Sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir. Çünki imkanı olmayan valideynlər uşaqlarını internatlara verə bilərdi. Həm də ki, uşaq üçün bir tikə çörək qazanmaq o qədər çətin deyil. Ağır şəraitdə o qədər uşaqlarını saxlayan valideynlər var ki, onlar uşaqlarını atmırlar.  Yəni burada səbəb heç də imkansızlıq deyil, adətən nikahdankənar doğulan uşaqları üzə çıxara bilməyən qadınlar uşaqlarına qarşı bu qədər zalım olurlar.  Hamımız bilirik ki, uşağın dünyaya gətirilməsi çox həssas bir məqamdır və bu proses ana üçün o qədər də asan olmur. 9 ay ərzində uşağı bətnində böyüdən, onun hər əziyyətini və ağrısını çəkən, min bir əziyyətlə də dünyaya gətirib 15 gündən artıq saxlaya bilməmək.

Əvvəla, indi hansı əsrdə yaşayırıq? Bu qadın əvvəlcədən tədbirini görməli və hamiləlikdən qorunmalı idi. Yox əgər səhvən bu hal baş veribsə, yenə də çıxış yolu vardı. Uşağı dünyaya gətirib, ona ömürlük  travma yaşatmaqdansa, elə bətnindəcə məhv edərdi. Ən pis halda dünyaya gətirib uşaqlar evinə verərdi”.

Psixoloq Azad İsazadə isə  bu məsələdə bir çox təsirlərin rol oynadığını deyir:

Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar.

Azərbaycanda erkən seksual həyatın profilaktikası ilə bağlı çox az təbliğat aparılır. Nəticədə hamilə qalan qadınlar yaşayacaqları problemləri  əvvəlcədən dərk edə bilmirlər. Qəfil belə bir faktla qarşılaşan qadınlar dünyaya gətirdikləri körpənin qayğısına qala bilmir və uşağı atmalı olur. Ətraf da anaya bu cür hərəkət etməsi üçün psixoloji basqın edir.  Mən bu cür anaların tərəfdarı deyiləm. Lakin belə anda real çıxış yolu ancaq bu olur”.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir