Azərbaycanda ötən il 15 qızqaçırma faktı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyində keçirilən 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında məlumat verilib. Bildirilib ki, faktlarla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi üzrə cinayət işi başlanılıb və 32 nəfər barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
Qızqaçırma – razılığı olmayan bir qadının zorla evliliyə məcbur edilməsi qanun qarşısında cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, qız qaçırma insan oğurluğu kateqoriyasına daxil edilir. Belə hallara görə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu maddə həm də cəmiyyətə bir mesaj verir: “Heç bir insan, heç bir ailə və heç bir adət ənənəsi, bir insanın azadlığını və seçimini məhdudlaşdıra bilməz”.
Qeyd edək ki, ölkədə qız qaçırma faktları ildən-ilə azalmaqda davam edir. Məsələn, 2022-ci ildə 25, 2023-cü ildə isə 17 qız evlənmək məqsədilə qaçırılıb. Bu ilin 15 faktı isə azalmanın davam etdiyini göstərir. Lakin 15 rəqəmi də az göstərici deyil. Hər bir hadisə ailə, cəmiyyət və insan hüquqları baxımından böyük problemlər yaradır.
O da məlumdur ki, qızqaçırma halları çox vaxt gizli qalır və qurbanların ailə, cəmiyyət təzyiqi səbəbindən şikayət etməməsi, bəzi hadisələrin qeydə alınmaması riskini artırır. Belə ki, qaçırılan qızlar çox vaxt ailə və cəmiyyət təzyiqi səbəbindən polisə müraciət etməkdən çəkinir. Bəzən ailə “ailə şərəfi” düşüncəsi ilə qızın üzərinə təzyiq göstərir, bəzən isə qız özünü “ailəni məhv etməmək” üçün susmağa məcbur hiss edir. Bu isə cinayətlərin qeydə alınmamasına səbəb olur.

Niyə hələ də qızqaçırma halları baş verir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev qeyd edir ki, Azərbaycan ənənəvi cəmiyyət olduğuna görə bir vaxtlar qızqaçırma hətta dəb halını almışdı:
“Yəni bu, köhnə ənənəvi cəmiyyət stereotipləri ilə bağlı idi. Bəzi valideynlər imkansızlıq ucbatından bəzən şərait yaradırdılar ki, qızqaçırma olsun. Bəzən buna “qoşulub getmək” də deyilirdi. Yəni ənənəvi cəmiyyətdə bu, ailə qurmağın bir yolu kimi qəbul olunurdu. Bəziləri el adəti ilə, nişan-toy mərasimi ilə ailə qururdu, bəziləri isə evlənməyin bir yolu kimi qızqaçırma üsulunu seçirdi.
Bəzən valideynlərin özləri bu vəziyyət üçün şərait yaradırdılar. Qız qoşulub qaçandan sonra el qınağından çəkinərək deyirdilər ki, qızı qaçırdıblar. Halbuki araşdıranda məlum olurdu ki, qız özü qoşulub gedib. Bu da bir ənənə şəklini almış, dəb halına çevrilmişdi. Bəzən qoşulub qaçan qız üçün toyu kampaniya şəklində də edirdilər.
Amma qızqaçırma bütün hallarda qanunla cinayət əməlidir və bu əmələ görə cinayət məsuliyyəti var. Bəzən qaçırılan qızın 18 yaşı tamam olmur və bu da həm də erkən nikaha məcburetmə hesab olunur. Yəni azyaşlını götürüb qaçırlar ki, bu da məsuliyyəti daha da artırır.
Bütün bunlar onu deməyə əsas verir ki, qızqaçırma bütün hallarda əgər qız öz iradəsinə zidd olaraq qaçırılırsa cinayət məsuliyyəti yaradır. Yox əgər 18 yaşdan yuxarıdırsa və onun razılığı ilə, iradəsinə zidd olmayaraq özü qoşulub qaçıbsa, bu, cinayət hesab olunmur.
Əslində, Cinayət Məcəlləsində bu məsələ öz əksini tapıb. Sadəcə bəzi insanlar hüquqi cəhətdən məlumatsızdırlar, hüquqi bilikləri azdır. Çünki insan bilsə ki, bu əməli törətdikdə hansı hüquqi məsuliyyət daşıyacaq, niyə belə bir addım atsın ki?”
Sosioloq xatırladır ki, qız qaçırıldıqdan sonra ailələrarası bağışlanma, barışıq və ya bir sıra məqamlar olur ki, qız qaçıranın cinayəti tam törətməsinə baxmayaraq, məsuliyyəti yüngülləşdirən hallar tətbiq edilə bilir:
“Bu isə bəzi qız qaçıranlara və bu düşüncədə olanlara imkan verir ki, narahat olmasınlar.
Hesab edirəm ki, cinayət məcəlləsində arzuolunmaz hamiləlik olduqda və ya qarşı tərəfin etirazı olduğu hallarda belə yüngülləşdirici mexanizmlərin mövcudluğu bəzi insanları sanki rahatladır, hətta cəsarətləndirir. Bu tip yüngülləşdirici halların aradan qaldırılması vacibdir ki, köhnədən qalma bu arxaik ənənə – qızqaçırma tamamilə aradan qalxsın.
Həm maarifləndirmə, həm sosial maarifləndirmə, həm ailələrlə iş, məktəblərdə qızlarla, o cümlədən oğlan şagirdlərlə hüquqi izah işləri aparılmalıdır ki, bu məsələyə ciddi yanaşılsın. Ona görə də yaxşı olardı ki, məktəblərdə ailə dərsləri tədris olunsun və həmin dərslər çərçivəsində bu kimi məqamlar da xüsusi vurğulansın. Hüquqi maarifləndirmədən çox şey asılıdır.
Qeyd olunduğu kimi, bu cür faktların sayında azalma var və bu da onu göstərir ki, hüquqi maarifləndirmənin nəticəsi mövcuddur. Amma yenə də müəyyən qədər qalırsa, bu o deməkdir ki, hüquqi sahədə bir qədər də tədbirlər görülməli, həm də maarifləndirmə işləri daha geniş şəkildə aparılmalıdır”.
Xalidə Gəray












































































































































































