Səyahət etməyi sevməyən çox az insan ola bilər. Dünyanın müxtəlif ölkələrini gəzmək şansı olsa, yəqin ki, heç kim bu fürsəti əldən vermək istəməz. Bu günlərdə “facebook”da qarşıma 156 ölkəyə səyahət edən Mehrac Mahmudov adlı bir şəxsin səfər təəssüratlarını bölüşdüyü səhifə çıxdı. Bu qədər ölkəyə səyahət edən şəxslə söhbətləşmək qərarına gəldim.
– 150-dən çox ölkəni gəzmisiniz. Bu da dünyanın əksər ölkələrində deməkdir. Dünyanın çoxunu gəzmək necə bir hissdir?
– Təbii ki, çox ölkəni gəzəndə insanın dünyagörüşü dəyişir. Hər şeyə fərqli rakursdan baxmağa başlayırsan. Ümumiyyətlə, bütün hissləri bir neçə sözlə ifadə etmək çox çətindir. Səyahət etməyin isə insana müsbət mənada təsirləri çox olur.
– Nə qədər vaxt sərf etdiniz bu ölkələri gəzməyə?
– İlk səfərim 1991-ci ildə olub. 23 ilə yaxındır ki, səyahətlə sıx məşğulam. Səfərlərimin əsas qismi də məhz bu 23 il ərzində olub.
– Getdiyiniz ilk ölkə hansı olub? İlk səfər təəssüratlarınız yadınızdadır?
– Qeyd etdiyim kimi, ilk xarici səfərim 1991-ci ilə təsadüf edib. O vaxtlar biz Sovet İttifaqının vətəndaşları idik. SSRİ-dən kənara olan ilk səfərim Almaniya Demokratik Respublikasına idi. Sankt-Peterburq (o vaxtlar Leninqrad) şəhərində təhsil aldığım müddətdə mənimlə oxuyan alman tələbə yoldaşımın dəvəti ilə Almaniyaya getdim. Bu səfər çox xoş xatirələrlə yadımda qalıb.
– Bu qədər ölkəyə səfər etmək bir qərar, məqsəd, arzu idi, yoxsa…
– Əslində 156 ölkə deyəndə bu səyahətlərin bir məqsəd olduğunu düşünənlər də ola bilər. Amma getdiyim ölkələrin sayını artırmaqla bağlı məqsədim qətiyyən olmayıb. Qarşıma çoxlu ölkələr gəzmək kimi məqsəd qoymamışdım. Sadəcə, səyahət etməkdən xoşum gəlib. Bir də onda ayıldım ki, dünyanın dörd bir tərəfini gəzmişəm (gülür).
– Bu qədər ölkəyə səfər etmək maliyyə vəsaiti də tələb edir. Səfər xərclərini necə qarşılayırsınız?
– Mənim şəxsi biznesim var. Öz işimdən qazandığım pulla xərclərimi qarşılayıram.
– Dünyanın ən gözəl və səyahət ediləsi ölkələri sizə görə hansılardır? Belə bir siyahınız varmı?
– Çox ölkədə olmuşam və mənə görə hər bir ölkənin özünəməxsus gözəlliyi və maraqlı cəhətləri var. Hansısa ölkəyə səfər edirəmsə, orada müxtəlif gözəlliklər kəşf edə bilirəm. Ona görə belə bir siyahım yoxdur, dəqiq bir şey deyə bilmərəm. Amma getdiyim ölkələrin gözəlliklərini görmək şansını əldən vermirəm.
– Ən uzun və qısa müddətli səfərləriniz hansı ölkələrə olub. Yadınızdadır?
– Ən uzunmüddətli səfərim ABŞ-a olub. Ərazisi kiçik olan Komor adalarına olan səfər isə cəmi iki gün çəkdi.
– Xoş olmayan təəssüratla ayrıldığınız ölkələr olub?
– Düzdür, hərdən müəyyən çətinliklər və xoşagəlməz məqamlar olur. Yola çıxan insan müxtəlif hadisələrlə qarşılaşa bilər. Mən də səfərlərimdə xoş olan və olmayan bir çox hadisələrlə qarşılaşıram. Lakin bütün bunlara baxmayaraq, yenə də hər bir ölkədən xoş təəssüratla ayrılmağa çalışıram. Ona görə də tam mənfi rəylə ayrıldığım ölkəni xatırlamıram. Əgər olubsa belə, həmin ölkədə daha çox xoş olanları yadımda saxlamışam.
– Ölkələri gəzdikcə yəqin ki, onlar arasında fərqləri də müşahidə etmək imkanınız olub. Sizə görə ölkələr bir-birindən əsasən nə ilə fərqlənirlər?
– Hər bir yeməyin öz dadı olduğu kimi, hər ölkənin də öz fərqli bir cəhəti var. Bunları isə ancaq orada olarkən kəşf etmək olur. 156 ölkənin fərqli cəhətini saysam, gərək qəzetin bütün səhifələri bu müsahibəyə həsr olunsun.
– Bəs ölkələrə görə insanları bir-birindən fərqləndirən nələrsə varmı?
– Əlbəttə ki var! Hər ölkə ayrı bir dünya, fərqli bir aləmdir. İnsanların geyim və yemək tərzi, mədəni varlıqları, zahiri görünüşü, inancları və s. kimi məqamlar ölkədən-ölkəyə çox dəyişir. Amma bəzi ölkələr arasında yaxınlıqlar, oxşarlıqlar da var.
– “Çox gəzən çox bilər” deyirlər. Çox ölkə gəzən biri kimi bu fikirlə razısız?
– Tamamilə razıyam (gülür) Təbii ki, oxumaq, eşitmək başqa, görmək tamam başqadır.
– Gəzdiyiniz ölkələrdə əsasən nələri mənimsəmisiniz?
– Hər ölkənin təbiəti, tarixi, əhalisinin xasiyyəti, mədəniyyəti əsas diqqət mərkəzimdə olan cəhətlərdir və təbii ki, insanları. Hər bir ölkəyə gedəndə də ilk diqqət etdiyim məqamlar bunlardır. Çünki səyahət sırf gəzmək, istirahət xarakteri daşımamalıdır, həm də öyrənmək lazımdır.
– Bu səfər təəssüratlarınızı yazmaq haqda düşünürsünüz? Bir kitaba sığmaz yəqin…
– Mənə görə dünyada ən qiymətli resurs vaxtdır. İşlərin çoxluğundan hələ ki, kitab yazmağa vaxt ayıra bilmirəm. Həm də ki, müasir dövrdə internetdə yazdıqlarımı daha geniş auditoriyaya və daha asanlıqla çatdırmaq olur. Ona görə də hələlik səfər təəssüratlarımı internetdə yaymağa üstünlük verirəm. Lakin, zamanla kitab layihəsini də həyata keçirtmək istərdim.
– Səfərləriniz davam edir hələ? Bütün dünyanı gəzmək fikriniz də olmamış olmaz…
– Qeyd etdiyim kimi mənim bütün ölkələri gəzmək kimi məqsədim olmayıb, bundan sonra da necə olacağını deyə bilmərəm. Amma səyahət etməyi sevirəm. (Kaspi.az)