Heyder Aliyev

1986-cı ildə baş verən dəhşətli gəmi qəzasında Heydər Əliyev jurnalistə necə kömək etdi? – FOTOLAR

Baxış sayı: 1. 853

1986-cı il avqustun 31-də SSRİ-nin ən dəbdəbəli kruiz layneri olan “Admiral Naximov” teploxodu Qara dənizdə, Novorossiysk yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində teploxodun 1243 sərnişinindən 423-ü həlak olub. Qəzanın səbəblərinin araşdırılması üzrə dövlət komissiyasına Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini Heydər Əliyev rəhbərlik edirdi…

“Arqumenti i Faktı” həftəliyinin fotoqrafı Vladimir Svartseviç həmin hadisələrin şahidi olub və o vaxt çəkdiyi fotoları ilk dəfə indi dərc edib. Fotoqraf yazır ki, Heydər Əliyev olmasaydı həmin fotoları çəkə bilməzdi və beləliklə də, SSRİ-də baş vermiş ən dəhşətli gəmi qəzalarından biri barədə reportaj da dərc edilməyəcəkdi.

Beləliklə, yayın sonuncu axşamı “Admiral Naximov” səyahət teploxodu Novorossiysk limanından yola çıxaraq Soçi istiqamətində üzür. Bu, gəminin sonuncu səyahəti olur. “Admiral Naximov” artıq köhnəlmişdi, 1925-ci ildə inşa edilən gəmini çoxdan istismardan çıxarmaq lazım idi. Buna baxmayaraq gəmi hələ də səyahətə çıxırdı. Teploxodda dəniz səyahəti prestij hesab edilirdi. Onun göyərtəsinə bilet almaq isə hər adamın işi deyildi. Biletin qiyməti 150 rubl idi, bu, sovet mühəndisinin və ya yüksək ixtisaslı fəhlənin bir aylıq maaşı sayılırdı.

Sərnişinlər gəminin göyərtəsində o vaxtkı standartlara görə misli görünməyən komfort, diskotekalar, hovuzda çimmək, açıq dənizdə günəş vannası qəbul etmək, spirtli içkilərin geniş çeşidi haqda danışırdılar.

Gəmi həmin reysə gecikmişdi. Mindən çox sərnişin reysə gecikən hansısa vacib personanı gözləməli olmuşdu. Gəminin yola düşməsi üçün ayrılmış vaxtdan təxminən 10 dəqiqə keçmiş göyərtəyə Odessa vilayəti üzrə KQB idarəsinin rəisi, general-mayor Kirkunov qalxdı. Sonradan xilas olmuş sərnişinlər fəlakətə görə onu günahkar sayacaqdılar, axı general gecikməsəydi gəmi də vaxtında yola çıxardı və qəzadan yayınardı…

“Admiral Naximov” limandan yola çıxıb eni 9 kilometr olan Tsemessk buxtasından keçərkən qarşıdan limana tərəf “Petr Vasev” quru yük gəmisi gəlirdi. Gəmi Kanadadan taxıl gətirirdi. Bu, 1981-ci ildə inşa edilmiş müasir gəmi idi, yüksək davamlılığa malik olan quru yük gəmisinin sualtı hissəsi güclü “bulba” ilə təchiz edilmişdi. Bu, gəmiyə daha sürətlə üzməyə imkan verən və burun hissəsində quraşdırılan xüsusi hissədir.

Böyük sürətlə buxtaya daxil olan quru yük gəmisi “Admiral Naximov”la toqquşur. Sonradan xüsusi komissiya müəyyən edəcəkdi ki, toqquşma hər iki gəminin kapitanının səhlənkarlığı üzündən baş verib, onlar gəmilərin necə aralanacaqlarını razılaşdırmayıblar və nəticədə altı göyərtəli “Admiral Naximov” sahildən 4 kilometr məsafədə cəmi 8 dəqiqə ərzində suyun dibinə gedib. Çünki “Petr Vasev”in burun hissəsi teploxodun yan hissəsini darmadağın etmişdi. Sonradan mütəxəssislər hesablamışdılar ki, gəmilərin aralanması üçün cəmi 6 saniyə çatmayıb.

“Arqumenti i Faktı” həftəliyinin fotoreportyoru ertəsi gün Novorossiyskə gedir. Jurnalist yazır ki, şəhərdə sakitlik idi, restoran və kafelərdə musiqi səsi eşidilmirdi, sakinlər pıçıltı ilə bir-birinə ötən gün baş vermiş hadisədən danışırdılar. Rəsmən matəm elan edilməmişdi, həmin vaxt Krasnodar diyarında səfərdə olan Sov.İKP MK birinci katibi Mixail Qorbaçov Novorossiyskə gəlib həlak olanların yaxınlarına başsağlığı verməyə vaxt tapmamışdı.

Ölüm konveyeri isə artıq işləməkdə idi. Novorossiysk gəmi təmiri zavoduna 150 sink tabutun hazırlanması üçün təcili sifariş daxil oldu. Xilas olanları xəstəxanalarda və mehmanxanalarda yerləşdirirdilər. Qeydiyyat aparılırdı. Lakin xilas olanların çoxunun uşaqları, yaxınları dənizdə, batan teploxodda qalmışdı.

Dənizdən çıxarılan meyitlərin fotoları çəkilirdi, geyimlərinin necə olduğu, digər əlamətləri qeyd olunurdu ki, sonradan onları tanımaq mümkün olsun. Zərərçəkənlərə dəyən zərər avtomatik ödənilirdi. Sov.İKP MK-nın Siyasi Bürosunun qüdrətli üzvü Heydər Əliyev məhz belə sərəncam vermişdi. Hökumət komissiyasına o başçılıq edirdi.

Həlak olanların fotolarını xüsusi alboma yığıb sonra onların qohumlarına göstərirdilər. Limanda hər tərəf dərman qoxuyurdu. Cəsədlərin tanınması zamanı bir çoxları dözməyib huşunu itirirdi, həkimlər onların köməyinə qaçırdı.

Fotoqraf gördüklərini çəkməyə başlayır. Gözlənilmədən zala alçaqboylu, gözündə iri eynək olan və pencəkli adamların əhatəsində bir nəfər daxil olur. Həmin şəxs jurnalisti əlində fotoaparat görən kimi qışqırır: “Bu kimdir? Jurnalist? İnsanlar acı içindədir? Sən isə burada kameranla sülənirsən? Rədd ol burdan!”

Vladimir Svartseviç yazır ki, həmin vaxt o da əsəbi vəziyyətdə idi və bu alçaqboylu, eynəkli adama cavab qaytarır. Dərhal iki milis əməkdaşı onun qollarından tutub küçəyə çıxarır. Sonradan jurnalistə məlum olur ki, onun söydüyü və cavab qaytardığı adam Sov.İKP MK üzvü, Krasnodar vilayət partiya komitəsinin birinci katibi İvan Kuzmiç Polozkov imiş. Əlbətdə, jurnalist həmin şəxsin kimliyini bilsəydi yəqin ki, özünü yığışdırardı…Amma nə biləsən.

Artıq məlum idi ki, jurnalistin məsələsinə Moskvada baxılacaq, ən azından onun partiya biletini əlindən alacaqlar. Həmin gün Novorossiysk şəhər partiya komitəsinin üzvləri jurnalistə Moskvaya təcili bilet alır, o, ertəsi gün uçmalı idi.

Axşam , yola düşməzdən əvvəl jurnalist dənizçilər Sarayına gedir. Orada Heydər Əliyevin başçılığı ilə hökumət komissiyası teploxodun sərnişinlərinin yaxınları ilə görüşürdü. Polozkov fotoreportyoru zalda görən kimi Əliyevə şikayət edir. Və bu vaxt Əliyevin dilindən çıxan sözləri eşidən Polozkovun nitqi tutulur. Heydər Əliyev deyir: “İvan Kuzmiç, mən hesab edirəm ki, müxbirlər cinayətkarcasına səhlənkarlığın hansı acıya səbəb olduğunu sovet xalqına çatdırmalıdır! Mən jurnalistə necə kömək edə bilərəm?”

Bu sözlərdən ürəklənən Vladimir Svartseviç zalın o başından qışqırır: “Yoldaş Siyasi Büro üzvü, vertolyot lazımdır, kater lazımdır fəlakət yerinə getməyə, maşın. Göstərmək lazımdır ki, dalğıclar necə işləyir. Və ən başlıcası, senzura ilə bağlı məsələni həll etmək lazımdır! Əks halda onlar hər şeyi kəsib doğrayacaqlar!”

Əliyev başını yelləyir və öz köməkçilərinə yüksək səslə deyir: “Jurnalistə kömək edin! Mənim adımdan! Senzura ilə bağlı məsələni də həll edin”.

Siyasi Büro üzvü sözünün üstündə durur, jurnalisti Moskvaya deportasiya etməyə hazırlaşan məmurlar Əliyevin dediklərinin hamısına bir-bir əməl edir. Tezliklə fotoreportyor fəlakət barədə fotolenti sink tabutların yükləndiyi təyyarə ilə Moskvaya, redaksiyaya yola salır.

Vladimir Svartseviç daha sonra “Gepard” xilasetmə gəmisində olur, dalğıclarla söhbətləşir. Onlar sutkada bir neçə dəfə dənizin dibinə enib teploxodun göyərtəsindən meyitləri çıxarırdılar, hər reysdə 10-15 meyit. Gəminin içərisində işləmək çox dəhşətli idi. Hər tərəfdə mebellər üzürdü, dəhlizlər meyitlə dolu idi. Kayutların qapılarını linglə sındırıb meyitləri çıxarırdılar.

Dalğıclardan biri danışırdı ki, su ilə dolu kayuta girəndə ölü matrosun sualtı axının təsiri ilə ona əl yellədiyini, sanki içəridəki təhlükə barədə xəbərdarlıq etdiyini görüb. Dalğıcın əsəbləri davam gətirməyib. Qəzadan sonrakı 18 gün ərzində xilasedicilər suyun altından 280 cəsəd çıxarıblar. Reysə gecikən KQB generalının meyitini isə nəvəsini qucağında sıxmış vəziyyətdə tapıblar. Gəminin içərisində işləmək getdikcə təhlükəli xarakter alırdı, xilasetmə əməliyyatı zamanı iki dalğıc həlak olmuşdu və bundan sonra cəsədlərin çıxarılmasını dayandırmaq qərara alındı. “Admiral Naximov” hələ də Tsemessk buxtasında, 47 metr dərinlikdə qalmaqdadır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir