Səyahət etməyi sevir və indiyə qədər 20-yə yaxın ölkəyə səfər edib. Bu dəfə onunla ən çox xoşladığı ölkələr siyahısında olan Niderlandla bağlı danışacağıq. Bu ölkədə dəfələrlə olub və düşünür ki, Niderland həm gəzmək, həm də yaşamaq üçün gözəl yerdir. Söhbət səyahət bloggeri Rəna Osmandan gedir.
– Deyirlər ki, niderlandlılar sanki qışın soyuğunu hiss etmirlər. Yəni qışın şaxtasında belə, çox qalın geyinmirlər. Maraqlıdır, bu ölkəyə səfəriniz hansı fəsilə təsadüf edib?
– Niderland ən çox getdiyim ölkələrdəndir. İlk dəfə 2013-cü ildə Yeni il tətilində ora səfər etmişdim. 2014-cü ildən sonra periodik olaraq gedirəm və hər fəslini görmək imkanım olub. Yəni yayını da görmüşəm, qışını da. Düzdür, oranın yayını yay adlandırmaq bir az çətin məsələdir, çünki hava sərin olur. Deyilənlərlə qismən razıyam. Axırıncı dəfə bu ilin oktyabr ayında getmişəm. Rotterdam şəhərində oldum. Küləkli, yağışlı hava idi, balacadan böyüyə hamı başıaçıq, ayaqyalın gəzirdi. İsti geyinmirlər. Hava çox soyuq idi, biz uşağı da aparmışdıq. Üst-üstə geyindirmişdik ki, soyuq olacaq, xəstələnər. Amma baxdım ki, o soyuqda uşaqlar papaqsız, əlcəksiz gəzirlər.
– Niderlanda çox səfər etməyiniz nə ilə bağlıdır? Sırf turist səfərləridir, yoxsa?
– İlk dəfə sırf turistik məqsədli səfər idi. Çünki Niderlandı, xüsusilə Amsterdamı görməyi çox istəyirdim. Sonra artıq şəxsi səbəblərdən dolayı bir neçə dəfə getdim. Belə də ki, səyahət etməyə yer tapmayanda, Niderlanda gedirəm (gülür). Bu ölkəni çox sevirəm, hətta orda yaşamaq da istəyərəm.
– Velosipeddən istifadə edənlər orda çoxdur. Səfərlərinizdə velosipedlə gəzinti olurmu?
– Bəli, orda balacadan böyüyə hər kəs velosiped sürür. Hətta kimsə şəhərdən bir az uzaq yerdə qalırsa, şəhərin mərkəzinə qədər maşını ilə gəlir, sonra yük yerindən velosipedi çıxarıb yoluna davam edir. 2 həftədən çox qaldığımda, mən də velosiped kirayə götürüb, bu cür gəzirdim.
– Niderlandın hansı şəhərlərində olubsunuz?
– Böyüklü balacalı, hardasa, 8-9 şəhərində olmuşam. Amsterdam, Rotterdam, Haaqa, Utrext, Eyndhoven və s.
– Amsterdamın əcnəbilər üçün təhlükəsiz və qonaqpərvər şəhər olduğunu deyirlər. Sizin bu şəhərlə bağlı təəssüratlarınız necə oldu?
– Nəinki Amsterdam, Niderlandın digər şəhərləri də həm turistlər, həm yerli sakinlər üçün təhlükəsizdir. Çox qəşəng şəhərdir. Heç bir təhlükəli nüansla qarşılaşmamışam. Bir dəfə olsam, deyərdim ki, mən rastlaşmamışam, amma dəfələrlə getdiyim üçün belə fikir yürüdə bilərəm. Gecə saat 1-2-də də küçədə rahat gəzə bilirsən, dəyib dolaşan olmur. İtaliyada olduğu kimi, burda küçədə cibgirlərlə rastlaşmırsan.
– Gecə saat 1-2-də çıxanda, küçədə adam çox olur?
– Həftə içi yox, çünki hamı səhər tezdən işə gedəcəyini düşünür. Cümə və şənbə günü səhərə qədər küçələr adamla dolu olur. Bir də Niderlandın bir neçə tələbə şəhəri var. Tələbə şəhərlərində isə həftə sonu 4-cü gündən başlayır. Çünki onlar 4-cü gündən əylənməyə başlayırlar. Bazar axşamına kimi gecələr küçələr dolu olur. Bazar axşamı isə tam sakitlik olur, küçədə adam azalır, çünki sabah işdir.
– Siz də gecələr küçələrdə əyləncələrə qoşulurdunuz?
– Biz də səhərə qədər gəzməyi, əylənməyi xoşladığımız üçün uşaqla gedənə qədər o əyləncələrə qoşulurduq. Sonuncu dəfə uşağın rejiminə uyduq, saat 11-də artıq oteldə idik.
– Ən çox və ən az sevdiyiniz şəhəri hansılardır?
– Rotterdam bütün Niderland şəhərləri arasında ən az sevdiyimdir. Çünki sahilyanı, liman şəhəridir. Belə şəhərlər isə qarışıqlıq olur. Amsterdamı, bir də Delft şəhərini çox sevirəm. Delft Amsterdamın bir az kiçik formasıdır.
– “Biz” deyə xitab edirsiniz. Həyat yoldaşınızı nəzərdə tutursunuz?
– Bir neçə dəfə rəfiqələrimlə getmişəm, evləndikdən sonra həyat yoldaşımla getməyə başladıq.
– Həyat yoldaşınız da səyahətlərə marağı olan adamdır?
– Özü də lap çox. Bizim əsas söhbətimiz növbəti səfər planlaması ilə bağlı olur. Subay vaxtı ikimiz də səyahət etmişik. Səyahətə maraq göstərən iki adam evləndikdən sonra onların səfər istəklərini yığıb-yığışdırmaq olmur. O, Niderlandda təhsil alıb, bir müddət işləyib. Ora ona doğma ölkədir. Son səfərlərimizdə artıq özümüzü orda turist kimi hiss etmirdik. Oteldə deyil, evdə qalırıq.
– Niderlandda marixuananın satışı leqallaşdırılıb, küçədə açıq satılır. Getdiyinizdə necə bir ab-hava gözləyirdiniz və nə ilə qarşılaşdınız?
– Niderlandla bağlı müxtəlif stereotiplər var. Onlardan biri də marixuana ilə bağlıdır. Düşünürlər ki, orda marixuananın satışı leqaldırsa, hamı səhər-axşam marixuana çəkir. Biz də 2013-cü ildə rəfiqəmlə gedəndə, fikirləşirdik ki, yəqin küçədə hamı havalı gəzir. Amma elə olmadığını gördük. Sonra araşdıranda isə məlum oldu ki, Niderland yerli əhalisi tərəfindən ən az marixuana istifadə edən ölkələrdəndir. Hətta kofeşoplarda daha çox marixuana çəkən turistlərdir, nəinki yerli əhali. Çünki sırf bunun üçün gedən turistlər də var. Elələri də olur ki, gedib leqal satış olduğunu görəndə, sadəcə dadına baxır. Onu da deyim ki, marixuananın satışının leqal olması, şəhərin təhlükəsizliyinə, qayda-qanununa mənfi təsir göstərmir.
– Bir dostumuz Niderlanddan qayıdandan sonra “Azadlığın ən son həddini orda gördüm” dedi. Ümumiləşdirsək, siz orda nələr gördünüz?
– Mən o deyilən azadlığı daha çox Barselonada görmüşdüm. Birincisi, niderlandlılar çox mehriban və yardımsevər insanlardılar. Sən bildirməsən belə, köməyə ehtiyacın olduğunu hiss etsələr, özləri yardım təklif edəcəklər. İkincisi, bu ölkədə ciddi qayda-qanun var və hamı da bunlara riayət edir. Üçüncüsü, əylənməyi sevirlər və bunu bacarırlar. Havası soyuq, amma ab-havası isti ölkədir. Mən orda 3 həftədən bir az çox müddət də qalmışam, amma darıxmamışam.
– “Əylənməyi bacarmaq” fikri maraqlı gəldi…
– Bilirsiniz, bizdə əylənmək deyəndə, hardasa oturub yeyib-içmək nəzərdə tutulur. Orda elə deyil. O qədər fərqli əyləncə növləri var ki. Muzeylərə gedirdik, orda muzey çoxdur. Gecə əyləncəsini xoşlayanlar, klublara getmək istəyənlər üçün gözəl seçimlər var. Böyük parklar var və həftə sonları ailəlikcə gedib orda “piknik” etmək, çayda qayıq sürmək, balıq tutmaq və s. kimi bir çox seçimin olur. Teatr, kino da öz yerində.
– Bu ölkənin adı gələndə eynicinslilərin nikahı məsələsi də müzakirə mövzusu olur. Bununla bağlı nəyi müşahidə etdiniz?
– Bu ölkə ilə bağlı ikinci stereotip də məhz bu mövzu ilə bağlıdır. İlk səfərimdə mən də düşünürdüm ki, gedəndə küçədə, eynicinsli cütlüklərlə qarşılaşacağam. Qətiyyən elə olmadı. Küçədə siz bu cür hallarla qarşılaşa bilərsiniz, amma çox az hallarda. İki oğlan, ya iki xanımı əl-ələ tutan, qucaqlaşan, öpüşən görmək nadir hadisədir. Bilmirəm ki, bu ölkənin adı niyə o cür çıxıb? Mən o ölkəyə çox getmişəm, restoranlarında, gecə klublarında da olmuşam, amma belə şeylərə çox az rast gəlmişəm. Yunanıstanda, İspaniyada küçədə münasibətdə olan həmcinslərə daha çox rast gəlmişdim. Həyat yoldaşım orda oxuyub, işləyib. O da ətrafında bu kimi şeylərin çox olmadığını deyir. Yəni o qədər deyil, şişirdildiyi qədər yoxdur.
– Maliyyə məsələsinə də toxunaq. Niderland səfərində ən çox pul aparan nə olur?
– Devalvasiyalardan sonra Avropa ölkələrinə səfər əvvəlki ilə müqayisədə daha baha çıxır. Çünki avtomatik olaraq xərcini manatla ikiyə vurursan. Niderland elə bahalı ölkə deyil. Restoranlarda olmaq, geyim, suvenir almaq elə də baha başa gəlmir. Qiymətlər münasibdir. Burda əsas baha olan otellərin qiymətidir. Ümumiyyətlə, orda mənzillərin satış və kirayə qiymətləri də bahadır. Səfərdə ən çox pulu otelə və bilet puluna xərcləyirsiniz. Amma otellərdən başqa hostellər də var ki, daha münasib qiymətə başa gəlir.
– Siz həmişə otellərdə qalırsınız?
– Hə, bir dəfə status yazmışdım ki, heç vaxt hosteldə qalmamışam, rəy bildirmişdilər ki, necə səyahət bloggerisiniz ki, hosteldə qalmayıbsınız? Amma nə edək, elə alınıb ki, qalmamışam (gülür).
Aygün Asimqızı