Məlum olduğu kimi, bu il erməni quldurları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımından 32 il ötür.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək aralarında qadınların, uşaqların, qocaların da olduğu yüzlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər, sağ qalanları isə əsir alaraq onlara ən ağır işgəncələr veriblər.
Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Əsir götürülən 1275 nəfərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımı zamanı yaxın qohumlarını itirənlərdən biri də Tacirə Xəlilovadır. Onun Xocalı soyqırımı ilə bağlı müsahibəsini təqdim edirik.
– Xocalı faciəsi baş verməmişdən qabaq bölgədə vəziyyət necə idi?
– Əvvəl digər rayonlarımızda olduğu kimi Xocalıda da azərbaycanlılarla ermənilər bir yerdə normal yaşayırdı. 1988-ci ildə ermənilər bizə qarşı separatçılıq fəaliyyətinə başlayandan sonra vəziyyət pisləşməyə başladı. Xankəndinə, Xocalının ətrafında yerləşən erməni kəndlərinə getməyə qorxurduq. Hər an özümüzü təhlükədə hiss edirdik. Xocalı faciəsi baş verən gündən üç-dörd ay əvvəl isə digər ərazilərlə hava əlaqəsi də kəsildi, mühasirədə qaldıq.
Özümüzü müdafiə etməyə silahımız da yox idi. Demək olar ki, bütün silahları, ov tüfənglərini yığmışdılar. Düşmənə qarşı müdafiəsiz qalmışdıq.
Ermənilər ətraf ərazilərdən demək olar ki, hər gün Xocalını atəşə tuturdu. Səhərə kimi qucağımızda körpə uşaqlarla soyuq zirzəmilərdə gecələməli olurduq. Sabaha sağ çıxacağımıza ümidimiz yox idi. Hər səhər açılanda sağ qaldığımız üçün dua edirdik. Vəziyyətin çox çətin olmasına baxmayaraq heç kim şəhərdən çıxmaq istəmirdi. Sakinlərin bir hissəsi çıxsa da sonra öz evlərinə qayıtdı.
Ermənilər bir neçə dəfə Xocalıya basqın etmişdilər, lakin camaat onları daşqalaq edib geri oturtmuşdu. Atam deyirdi ki, kimsə şəhərdən çıxsa benzin töküb evini yandıracam. Çünki kişi torpağını, evini qoyub çıxmaz.
Qadınlarımız da şəhərin müdafiəsi üçün əllərindən gələni edirdilər. Kişilərlə birgə səhərə kimi postda qalırdılar.
Güllə səsi eşidəndə çox qorxurdum. Hətta qorxudan dilim tutulurdu. Uşaqlarım azyaşlı olduğu üçün atam gilin təkidi ilə 1991-ci il noyabrın 19-da helikopterlə Xocalını tərk edib Bərdəyə, yoldaşımın xalası gilə getdim. Həmin vaxt mənim 28 yaşım var idi. Böyük övladım iki yaş yarımlıq, kiçiyi isə iki yaşının içində idi.
– Həmin dəhşətli hadisəni necə xatırlayırsınız?
– 1992-ci il fevralın 26-da radioda eşitdik ki, ermənilər gecə Xocalıya hücum ediblər, bir neçə nəfər qətlə yetirilib. Sonra bir neçə nəfərin deyil, çoxlu sayda insanın öldürüldüyünü, Xocalıda qırğın törədildiyini öyrəndik. Məlum oldu ki, fevralın 25-də gecə saat 11 radələrində ermənilər sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyindən istifadə etməklə bir neçə tərəfdən Xocalıya hücum ediblər. Silah səslərinə yuxudan oyanan camaat ayağıyalın küçələrə qaçıb. Dörd tərəfimiz dağlıq ərazilər idi, ətrafımızda isə erməni kəndləri yerləşirdi. Əhalinin qaçmağa yeri demək olar yox idi. Yalnız çayı və meşəni keçməklə Ağdama getmək mümkün idi. Xilas olmaq üçün meşəyə üz tutan insanların bir çoxu şaxtalı gecədə həlak oldu, sağ qalanları isə ermənilər ya qətlə yetirdilər, ya da əsir götürdülər. Hətta meyitlərimizə belə işgəncə verirdilər. Səttar dayımın olu Zahidin meyitini atasının gözünün qarşısında təpikləmişdilər. Ananın gözünün qabağında oğlanlarını öldürmüşdülər. Əsir düşənlərə misli görünməmiş işgəncələr verirdilər.
Anam qardaşımın 23 günlük uşağını belinə bağlayıb çıxmışdı. Qardaşım isə 6 yaşlı oğlu Həmayılın əlindən tutub gəlirdilər. Sonra anam onları itirib. Anam uşaqla birlikdə dörd saat meşədə suyun içində qalıb. Anama deyiblər ki, gəl bu uşağı boğaq, yoxsa ermənilər səsini eşidib gəlib bizi də tutacaqlar. Lakin anam razı olmur. Camaatı atəşə tutanda anam möcüzə nəticəsində sağ qalır və uşaqla birlikdə Ağdama gəlib çıxır. Deyirdi ki, hər tərəf meyitlə dolu idi. İnsanlar heç səslərini də çıxara bilmirdilər, çünki donub qalmışdılar.
Qardaşımın həyat yoldaşı Zərifə qaçan zaman iriçaplı güllə sinəsindən dəymişdi. Dörd yaşlı balası Lalə elə bilib ki, anası yatır. Ətrafa səpələnən pal-paltarı gətirərək anasının üstünü örtüb ki, ona soyuq olmasın. Ermənilər ona da rəhm etmədilər, güllə ilə vurub öldürdülər.
Həyat yoldaşım Rəşid Hüseynov hava limanında polis işləyirdi. İş yoldaşları ilə məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partlatdıqdan sonra döyüşə-döyüşə şəhərdən ən axırda çıxıblar. Atası gili axtarsa da heç kimi tapa bilməyib. Meşədə görüb ki, bir nəfər oğlanın ayağına güllə dəyib, yoldaşı şəhid olub, yanında da 6 yaşlı uşaq var. Həmin uşağı belinə alıb özü ilə aparıb. Lakin Naxçıvanikə yaxın ərazidə sinəsinə iriçaplı güllə dəyir, özü də, uşaq da şəhid olurlar.
Camaat Xocalıdan çıxdıqdan sonra gecələr yol gedirdilər ki, düşmən onları görməsin. Atam bir neçə nəfərlə yaralı halda mühasirəyə düşür. Onunla bir yerdə olanlar söyləyirlər ki, erməninin biri avtomatı atamın başına dirəyib soruşub ki, öldürüm səni? O da cavab verib ki, onsuz da öldürmüsünüz bizi, nəyimiz qalıb ki, milləti qırdınız. Bu sözdən sonra həmin erməni atamı başından vuraraq qətlə yetirir. Meyitini martın 19-da tapa bildik.
Qardaşım Tahir xilas olmaq istəyən zaman Naxçıvanik ərazisində arxadan böyrəyinin üstündən dörd güllə dəymişdi. Oğlu Həmayıl da yanında olub. Qardaşım üzüqoylu yerə yıxılır. Arxadan gələn Vaqif adlı oğlan və yanındakı insanlar qardaşıma kömək etmək istəyiblər. Lakin razı olmayıb, deyib ki, məni buraxın, oğlumu xilas edin. Səhərisi gün qardaşımı gətirmək üçün gedəndə artıq dünyasını dəyişmişdi.
Əmimin oğlu 16 yaşında itkin düşdü. Bibimin oğlu döyüşə-döyüşə şəhid oldu. Həmin dəhşətli faciədə 20-yə yaxın yaxın qohumumu itirdim. Xocalıda demək olar ki, hamı bir-biri ilə qohum idi. Çox az ailə var ki, bir nəfər şəhid versin. Xocalının faciəsi yerə, göyə sığmayan bir faciədir.
– Xocalı faciəsindən sonrakı həyatınız barədə məlumat verərdiniz…
– Xocalı hadisəsindən sonra bir müddət Bərdədə və Oğuzda yaşadıq. Daha sonra Bakıya, dayım gilə gəldik və iki ay onların evində qaldıq. Anam baş verən hadisələrdən, başına gələn müsibətlərdən havalanmışdı. Dayılarım gecə səhərə qədər anama növbə çəkirdilər ki, birdən özünə nəsə edər.
İki aydan sonra iki otaqlı erməni evinə girdik. Lakin az sonra bir nəfər həmin evin ona məxsus olduğunu dedi və bizi həmin evdən çıxartdılar. İcra başçımız bizi pansionatda yerləşdirmək istədi. Lakin anam razı olmadı. Dedi ki, mən başı havalı adamam, bu qədər insanla, uşaqla ümumi yerdə yaşaya bilmərəm. Yoldaşım polis işçisi olduğu üçün Daxili İşlər Nazirliyindən bizə ailəli işçilər üçün yataqxanada yer verdilər. Sonra evimiz plana düşdü və dövlət bizə Razin qəsəbəsində yeni ev verdi. Hazırda həmin evdə yaşayırıq.
– Ananız Həsrət xanım Xocalı müsibətini öz gözləri ilə görmüşdü. Vətən müharibəsində qələbəmiz yəqin ki, onun üçün kiçik də olsa təsəlli oldu…
– Artıq 30 ildir ki, gözlərimiz yolda idi, gözləyirdik torpaqlarımız alınacaq. O faciəni yaşayan insanların çoxu Xocalı həsrəti ilə rəhmətə getdi.
Anam Xocalı faciəsindən sonra otuz il yaşasa da, çox əzab çəkirdi, deyirdi ki, daha yaşamaq istəmirəm. Başını qatmağa çalışırdım, qorxurdum ki, özünə nəsə edər.
Ən böyük arzusu torpaqlarımızın azad edilməsi, Xocalını yenidən görmək, Ağdama gedib yaxınlarının məzarını ziyarət etmək idi. Lakin qismət olmadı. Keçən ilin aprelində Xocalı deyə-deyə dünyasını dəyişdi. Təsəllimiz o oldu ki, Şuşanın və digər rayonlarımızın azad olunduğunu gördü.
– Xocalı yaddaşınızda necə qalıb?
– Ermənistandan Xocalıya köçəndə mənim cəmi dörd yaşım var idi. Xocalının çox gözəl təbiəti, havası var idi, hər tərəfdən dağlarla əhatə olunmuşdu. İnsanları da çox yaxşı idi, hamı bir-biri ilə qohum olmuşdu, çox mühriban yaşayırdıq. Bu gün də daim bir-birimizlə əlaq saxlayırıq, xeyir-şər işlərimizdə iştirak edirik. Hər dəfə də görüşəndə sanki o faciəni yenidən yaşayırıq. Allah heç kimə o cür faciə yaşatmasın, çox böyük faciədir.
– Xocalı ilə bağlı ən böyük arzunuz nədir?
– Xocalı soyqırımı baş verəndə 28 yaşım var idi. İki azyaşlı uşağımla qalmışdım, şəhid olan qardaşımın da iki azyaşlı övladı qalmışdı. Anamla əl-ələ verib onları böyütdük. Artıq ailə qurublar, övlad sahibi olublar. Qızımın iki, oğlumun isə bir uşağı var. Oğlumun övladına yoldaşımın adını qoymuşuq.
Nə qədər çətin olsa da həyat davam edir, uşaqlarımızın xatirinə yaşamalıyıq. Çünki onların məndən başqa heç kimləri yoxdur. Bütün əzizlərimizi, qohumlarımızın çoxunu ermənilər qətlə yetirdilər. Biz elə bir faciə yaşadıq, istəyirik ki, nə bizim, nə başqa ata-anaların övladları belə bir faciə yaşamasınlar.
Həmişə arzu edirdik ki, torpaqlarımız alınsın, şəhidlərimizin qanı yerdə qalmasın. Allaha çox şükürlər olsun ki, torpaqlarımız artıq alındı. Xocalının dağı da, dərəsi də, ağacı da, ağacının budağı da bizə əzizdir, doğmadır. İndi ən böyük arzumuz Xocalıya qayıtmaq, qalan ömrümüzü orda yaşamaqdır. O günü böyük səbirsizliklə gözləyirik.