ev

2020-ci ilin ev dekorasiyası trendləri – “EVİN İŞİ”

Baxış sayı: 1. 412

Evimiz bizim şəxsi sahəmizdir. Ən xoş günlərimizi qeyd etdiyimiz bu sahənin daima rahat və gözoxşayan olmasını istəyirik. Bəzən isə köhnə görkəmi və artıq görməkdən bezdiyimiz mebelləri yeniləmək istəsək də, nələrə üstünlük verməli olduğumuzu bilmirik. “Gencaile.az” saytının “Evin işi” rubrikasında məhz bu çətinliyinizi aradan qaldırmağa çalışacağıq.

 

Bu ilin rəng trendi Neo Mint (nanə yaşılının daha yumşaq tonu) olacaq.

Neo Mint elm və texnologiyanı təbiətlə birləşdirən, daxil olduğu məkana təravət qatan bir rəngdir. 2011-ci ildə “Millennial Pink” olaraq adlandırılan və bu gün daxili məkan dizaynlarında hələ də üstünlük verilən çəhrayı rəngin yumuşaq pudra tonu yerini “Neo Mint” tonuna verəcək. Səma mavisi, çəhrayı, bənövşəyi, torpaq tonları bu il “Neo Mint” rənginin ən yaxşı tamamlayıcıları olacaq.

Yuvarlaq (dairəvi) formalar, neotenik dizaynlar

Məkana cəlbedici və axıcı görünüş verən dairəvi formalı ev əşyaları bu ilin əsas trendlərindəndir. Son zamanlarda interyer dizaynlarda daha çox istifadə olunmağa başlayan neotenik mebel və aksessuarlar bu tendensiyanı izləyir. Neotenik dedikdə bir dizaynın daha yuvarlaq, qabarıq və sevimli formalara sahib versiyaları nəzərdə tutulur.

Qara mətbəxlər

Bu il mətbəxlərdə qara rəng hakim olacaq. Belə ki, mətbəxdə qara rəngli mərmərləri qara taxta şkaf qapıları və paslanmayan polad qara səthlər müşayiət edəcək. Divarlarda ağ keramika plitələri ilə təzadlı bir gözəllik yaradan qara rəng mebel və mətbəx ləvazimatları seçimində də qarşımıza çıxacaq. Bütün bunlarla bərabər bu il mürəkkəblik əvəzinə daha az əşya ilə rahat bir görünüşün əldə olunması diqqət mərkəzində olacaq.

Evlərdə yeni trend: Biofilik dizayn

Biofiliya anlayışının əsası “biophilia” sözündən gəlir və mənası təbiətlə qarşılıqlı əlaqədə olmaq deməkdir. İnteryer dizaynerlər və memarlar biyofik dizayndan istifadə edərkən məkanlarda yaşıl divarlar, bitkilərdən istifadə edir, açıq havada daha çox vaxt keçirməyə imkan verən bağça, terras və balkonların olmasına önəm verirlər. 2020-ci ilin daxili dizaynlarında bitkilərə və yaşıllıqlara daha çox üstünlük verilir və təbiəti evimizə gətirmək təklif olunur. Bütün bunlar insanın sağlam yaşaması üçün də önəmli faktorlardır.

Həndəsi fiqurlu xalçalar

“Milan” dekorasiya həftəsində nümayiş olunan həndəsi formalı və naxışlı yeni xalça dizaynları 2020-ci ilin dekorasiya trendlərində yer alıb. Belə ki, bu il yeni xalça almaq istəyənlər müxtəlif həndəsi naxışlı xalçalar ilə daha çox rastlaşacaq.

Həsirin modern formaları

Həsir günümüzdə müasir dövr dizaynları ilə uyğunlaşdırılıb. Dayanıqlı, yüngül və təbii material olan həsir əl əməyi kimi bütün dünyada olduqca bəyənilir. Belə ki, bir çox şkaf qapıları, lampalar, stullarda maraqlı material kimi istifadə olunan həsirə bu il yeni model mebellərdə daha çox rast gəlinəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir