Dünya ölkələrinin böyük əksəriyyətində tətbiq edilən süni intellekt qida sektorundan da yan keçməyəcək. Hazırda bu sahədə çalışan mütəxəssislər insanları təəccübləndirəcək menyular hazırlayırlar.
Bu qidalar arasında böcək hamburgerləri, göbələkdən hazırlanan dondurma və pendir, laboratoriyada istehsal edilən sosis, qəhvə, steyk, süni qaz ciyəri kimi qidalar var.
Beləliklə, 2030-cu ilə qədər süfrələri bəzəyəcək qeyri-adi qidaları təqdim edirik:
Laboratoriyada hazırlanan sosis
Böyük Britaniya şirkətlərindən biri 2023-cü ilin ikinci yarısına qədər satışa laboratoriya şəraitində hazırlanan sosislər təqdim edəcək. Həmin şirkət bu qidaları ərsəyə gətirmək üçün canlı heyvandan alınan yağ və əzələ hüceyrələrindən istifadə edəcək.
Laboratoriyada hazırlanan bifşteks
Mərkəzi İsraildə yerləşən “MeaTech” şirkəti laboratoriyada hazırlanan 110 qramlıq bifşteks (qızardılmış ətin sümüksüz hissəsi) təqdim edib. Bu, dünyada laboratoriya şəraitində hazırlanıb təqdim edilən ilk bifşteksdir. Onun hazırlanmasında inəkdən alınan yağ və əzələ hüceyrələrindən istifadə edilib. Hazırda mütəxəssislər daha çox ətin yetişdirilməsinə çalışırlar.
Laboratoriyada istehsal olunan kofe
Bu qəhvənin hazırlanması üçün “Arabica” adlı kofe növündən hüceyrələr alınıb. Lakin dünyada su və çaydan sonra kofenin ən çox tələb olunan içki olması “Arabica” növündən külli miqdarda hüceyrə alınmasını tələb edir. Bu isə meşələrin məhvinə gətirib çıxara bilər. Belə ki, hər il 220 milyon ton kofe istehlak edilir.
Göbələkdən hazırlanan dondurma və pendir
ABŞ-ın Kaliforniya ştatında pendirin hazırlanması üçün göbələkdən alınan maddələrdən istifadə edilir. Mütəxəssislərin sözlərinə görə, bu pendirlər normal süddən hazırlanandan daha yaxşıdır. Göbələkdən pendirlə yanaşı dondurmalar və digər süd məhsullarının da hazırlanması nəzərdə tutulub.