İş elanı: Kadrlar üzrə mütəxəssis tələb olunur. Namizədə olan tələblər: ali təhsil, kadrlar sahəsində ən azı 2 il iş təcrübəsi, Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük veriləcək), Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək. 35 yaşa qədər şəxslər müraciət edə bilər.
Tibbi nümayəndə tələb olunur. Tələblər: ali təhsil və yaxud orta ixtisas tibbi təhsil. Rus və Azərbaycan dillərində sərbəst danışmalı. Yaş həddi 35-ə qədər.
Kredit mütəxəssisi tələb olunur. Namizədə tələblər: yaxşı danışıq qabiliyyəti, aktivlik və operativlik. 25-35 yaş arası şəxslər müraciət edə bilər.
Yox, məqsədim iş elanı vermək deyil. Amma hər birini oxudunuzsa, artıq məlum olar ki, söhbət nədən gedir. Hər bir elanda tələb budur ki, yaşı 35-ə qədər olanlar müraciət edə bilər. Türk şairi Cahit Sıtkı Tarancı bir şeirində deyir ki, “yaş otuz beş! yolun yarısı eder”. Bəs yolun yarısını keçənlər nə etməlidir? Bu mövzu tez-tez müzakirə olunur, şirkətləri belə diskriminasiyaya görə qınayırlar. Axı şirkətlərin bu cür yaş ayrı-seçkiliyi etməsinin səbəbi nədir? 35 yaşdan sonra iş tapmaq problemi yaşamamaq üçün kadr nə etməlidir?
35-40 yaşda rahatlama düşüncəsi var
Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayevin sözlərinə görə, peşəkar həyatımızda rəqabətə hələ tələbəlik illərindən başlayırıq və peşəkar həyatımızın bütün mərhələlərində bu rəqabət davam edir. Çünki həmin dövrdə bizimlə eyni yaşda, eyni bilik və savadda minlərlə kadrla rəqabətdə oluruq: “Tələbəlik illərindən artıq kadr öz üzərində daha çox işləməyə başlamalı, rəqabətdə geri qalmamağa çalışmalıdır. Və bu yarış həyatımızın sonuna qədər davam edir. Konkret mövzuya gəldikdə, 35 yaşında olan bir insanın həyatını düşünün, o obrazı göz önündə canlandırın. 35 yaşına çatmış insanların böyük bir qismi artıq ağırlaşır, ailəsi, övladları olur, karyerasında müəyyən uğurlar əldə etdiyi üçün hardasa rahatlama düşüncəsi də var. “Mən artıq işi bilirəm, bundan sonra rahat şəkildə həyatımı davam etdirə bilərəm” deyib, komfort zonasına girirlər. Bax, bu yanaşmada olmaq insan üçün çox böyük təhlükədir. Çünki arxadan 24-25 yaşlı, dünyanın yaxşı universitetlərində müasir bilikləri almış gənc və daha enerjili kadrlar gəlir. Özünü inkişaf etdirməyən 35-40 yaşlı insan onlarla rəqabətdə bir çox məqamlarda uduzur: əgər o, “ingiliscə öyrənirəm” deyirsə, xaricdə təhsil almış gənc o dili mükəmməl bilir. İkincisi, 35-40 yaşlı biri ağırlaşırsa, 24-25 yaşlı biri daha çevik və enerjilidir, ailə öhdəlikləri də çox olmadığı üçün maaş tələbi də 35 yaşdakılar qədər yüksək deyil. Həm də biz sürət əsrində yaşayırıq, hər sahədə inkişaf çox tez gedir. Adi bir misal deyim, marketinqdə biz 3 il öncə istifadə etdiyimiz alətlərin çoxunu bu gün istifadə etmirik, çünki onlar köhnəliblər. İnkişaf etməyən bir insan artıq müasir bilikləri ilə bu günün bazarının və müştərinin tələblərinə cavab vermir”.
Özünü davamlı inkişaf etdirənlərə hər zaman iş var
F.Ağayevin 35 yaşa çatmayanlara gələcəkdə iş problemi yaşamamaq üçün bir neçə tövsiyəsi var: “Birincisi, peşəkar mövzularda inkişafı nəinki unutmasınlar, onu həyat tərzinə çevirsinlər. Öz sahənizlə bağlı müasir ədəbiyyatı oxumalı, texniki bilikləri əldə etməli və daim konfranslara, seminarlara, təlimlərə gedərək inkişafınıza yatırım etməlisiniz.
İkincisi, 35 yaşdan sonranı gözləməməliyik ki, bizə hansısa zərbə dəysin və ondan sonra inkişaf edək. Biz 35 yaşa çatmadan öncə artıq sosial sərmayə əldə etməliyik. Sosial sərmayə bizim tanıdığımız peşəkar insanlardır. İş əlaqəsinin qurulmasına önəm verməliyik, həm insanlar bizi tanısın, həm də biz onları.
Bir də peşəsindən, yaşından asılı olmadan hər bir insan həyatında balansı itirməməlidir. Özümüzü ancaq peşəmizə verməli deyilik. Peşəmizə, şəxsi həyatımıza, sağlamlığımıza, mənəvi inkişafımıza – həyatımızda vacib olan bütün məqamlara vaxt ayırmalıyıq. Bu balansı qoruduğumuz müddətcə həm inkişaf etmiş olacağıq, həm də digər mövzularda geri qalmayacağıq”.
F.Ağayev yaxşı kadr üçün hər zaman iş olduğu qənaətindədir: “Bu gün Azərbaycanda nə qədər böhran, bazarların daralması kimi mövzular müzakirə olunsa da, mən hazırda bir neçə şirkətə rəhbər axtarıram, tapa bilmirəm. “Rəhbərəm” iddiasında olan insanlar çoxdur. Azərbaycanda hər kəsin özündə gördüyü bacarıqlardan biri də rəhbərlikdir. Amma bu işin haqqını biliyi, savadı, doğru təcrübəsi ilə verən insanlar azdır. Özünü davamlı inkişaf etdirən insanlara hər zaman iş var. Bu gün də var, sabah da olacaq, yaşına da baxmayacaqlar”.
Şirkətlər ona görə 35 yaşa qədər kadr cəlb edirlər ki…
Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri, fəlsəfə doktoru Ülkər Səttarova deyir ki, bu cür tələbin qoyulmasında bir növ gənclərin öz günahı da var. Çünki bu gün bütün dünyada “ömür boyu təhsil” konsepsiyası aktualdır və hər bir kadr öz üzərində bunu tətbiq etməlidir: “Şirkətlər ona görə 35 yaşa qədər kadr cəlb edirlər ki, o dövrə kimi insana dil də öyrətmək olar, kompüter bilikləri də, yeni bir çox şeylər də. Amma bizdə belə bir yanaşma var ki, 35-dən sonra hansısa kadra nəyisə öyrənməyi, treninqə getməyi deyəndə bunu qəbul etməyə də bilirlər. Deyirlər ki, bu yaşdan sonra gedib kimdənsə nə isə öyrənəcəm? Problem də burda yaranır. Amma bütün dünyada “ömür boyu təhsil konsepsiyası” aktualdır. Biz bundan bir az uzağıq. Sovet dövründəki yanaşma hələ də yadımızdadır ki, 4 il universiteti oxuyub filan peşənin biliklərini əldə edəcəm və 30-40 il onunla çalışacam. Bu gün isə belə deyil, daim treninqlərə getməli, aktiv olmalısan. Aktiv deyəndə sosial şəbəkələrdə oturub yazışmağı demirəm. Müxtəlif işlə əlaqəli tədbirlərə, konfranslara qatılmalı, bütün ömrün boyu öz üzərində çalışmalısan”.
Çevik və mobil olmaq lazımdır
Ü.Səttarovanın sözlərinə görə, bəzi sahələr var ki, getdikcə onlara tələb azalır və həmin istiqamətdə çalışan gənclər bir neçə il sonra iş problemi yaşamamaq üçün indidən o haqda düşünməlidirlər: “O peşənin adamları müəyyən dərəcədə ixtisasartırma kursları keçərək səmtlərini dəyişməyə çalışsınlar. Bu əslində, əvvəllər də olub, amma belə intensivlik, çeviklik, sürətli dəyişiklik getmirdi. Harda yaşamağın fərqi yoxdur, çevik və mobil olmaq lazımdır. Bu ancaq bizim gəncliyin problemi deyil, bütün ölkələrdə müzakirə olunur. Tələb azalan ixtisaslarda çalışan şəxslərin gələcək karyeralarını necə müəyyənləşdirməsi ilə bağlı konfranslar keçirilir”.
Müsahibimiz deyir ki, xarici dil biliyi də kadrın üstünlüyüdür. Çünki xarici şirkətlər və mütəxəssislərlə əlaqə qurmaq, onların təcrübələrini öyrənmək və s. cəhətdən əlavə dil bilikləri önəmlidir: “Ən azı bir xarici dil bilmək lazımdır. Faiz nisbətini deməyə çəkinirəm, amma böyük faiz gənclərimiz heç bir xarici dil bilmir. Bu da müəyyən çətinliklər yaradır. Bu gün bütün dünyada qloballaşma gedir. Xarici şirkətdə çalışa bilərsən, yaxud sən çalışdığın şirkətdə xarici mütəxəssislər ola bilər. Əlaqə qurmaq üçün xarici dil bilmək lazımdır. Bu həm işini görmək, həm də özünü inkişaf cəhətdən çox kömək edir”.
35 yaşdan sonra kadrlar iki yerə bölünür
Azərbaycan Dəmir Yolları QSC-də İnsan Resursları İdarəsi, Planlaşdırma və İşə qəbul şöbəsinin mütəxəssisi Abid Səmədov 35 yaşdan sonrakı kadrları iki yerə bölür: “Bir qisim kadrlar o vaxta qədər özünü çox yaxşı inkişaf etdirib, dil bilikləri yerindədir, karyera pilləsində yerində qalmayıb, zamanla irəliləyib. 35-dən sonra onlar işi yox, iş onları axtarır. Şirkətlər bacarıqlı, təcrübəli namizədlər axtarışındadırlar. Biri də var, 35 yaşa qədər bir neçə yerdə çalışıb, amma hələ də nə etmək, nəyə nail olmaq istədiyini bilmir. Belə bir yanaşma da var, tutaq ki, kadr 8 il eyni vəzifədə çalışıbsa, irəliləyiş yoxdursa, o adamın 8 illik yox, 8 dəfə təkrar olunan bir illik təcrübəsi var. Rəqəmin çox olmasına deyil, nəticəyə baxılır. Şirkətlər düşünürlər ki, o cür kadrı götürəndə artıq yaşı 40-a doğru gedir. Onu yenidən təlimlərə, seminarlara cəlb etməkdənsə, yeni universitet məzunu olmuş, işləməyə, öyrənməyə həvəsli, ambisiyalı və əməkhaqqı tələbələri çox da yüksək olmayan bir kadrı işə götürərəm. Və həmin şəxs uzun illər o şirkətdə qalıb işləyə bilər. Şirkətlər tərəfindən baxanda bu yanaşma normal görünür”.
Yaxşı kadra həmişə ehtiyac var
A.Səmədov deyir ki, əmək bazarında işsizliklə yanaşı, kifayət qədər işçisizlik problemi də var. Bəzi şirkətlər öz vakansiyalarına uyğun namizəd tapa bilmirlər. Bunun da səbəbi gənclərin böyük hissəsinin universitet vaxtlarında fərdi inkişafları ilə çox da məşğul olmamalarıdır: “Tələbəlik dövrünün universitetlə ev arasında davam etməsi karyera üçün heç də yaxşı deyil. Hələ universitet vaxtında gənclər özlərini tanımalı, hədəflərini müəyyənləşdirməlidirlər. “Universiteti bitirim, sonra baxarıq” deyirlər, amma 4 il çox tez bitir və iş problemi başlayır. Bu iş problemini yaşamamaq üçün isə hələ tələbə vaxtı çalışmaq lazımdır. Univeristeti bitirən tələbələrdə “təcrübəm yoxdur” bəhanəsi var. Amma bu gün bir çox korporativ şirkətlər xüsusilə yay aylarında təcrübə proqramları elan edirlər. Dil biliyi, ofis proqramları, liderlik qabiliyyəti, komandada işləmək, tez uyğunlaşmaq və s. bacarıqlarla bağlı tələblər qoyurlar, uyğun olanlara təcrübə şəraiti yaradırlar, sonra hətta işçi kimi də götürürlər. Bu uğurlu başlanğıc karyeranın sonrakı dönəmində də davam etdiriləndə, kadr artıq mütəxəssis kimi yetişir, yaş faktoru önə çıxmır. Yaxşı kadra həmişə ehtiyac var, yaş fərqi olmadan”. (Kaspi.az)