05.11.2025-ci il tarixdə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində “Zəfər Turu” layihəsinin final tədbiri – “Mən Orada İdim” kitabının təqdimatı və əsərin motivləri əsasında hazırlanan 44 dəqiqəlik tamaşa keçirildi.
Azər Namazov adına 180 nömrəli tam orta məktəb və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə 44 günlük Vətən müharibəsinin həqiqətlərini, şəhidlərimizin ruhunu və o günlərin nəfəsini gənc nəslə çatdırmaq məqsədi daşıyırdı. Layihənin rəhbəri və “Mən Orda İdim” kitabının müəllifi Əli Abbasovun hazırladığı konsepsiya həm tarixi faktları, həm də insan ruhunun yaşadıqlarını bir araya gətirərək müharibənin görünən və görünməyən tərəflərini təqdim etdi.
“Zəfər Turu”nun əvvəlki mərhələləri xüsusi olaraq şəhidlərimizin doğulduğu torpaqlarda keçirildi:
18 oktyabrda Xaçmazda — şəhid Kərəm Veysovun,
1 noyabrda Samuxda — şəhid leytenant Məmmədzadənin doğulduğu yerlərdə.
Bu seçim layihəyə dərin mənəvi anlam qataraq, şəhidlərin ruhuna ehtiramın ən gözəl ifadəsinə çevrildi.

Final mərhələsi rəsmi çıxışlarla başladı.
180 nömrəli məktəbin direktoru Atakişi Cəfərov, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov, eləcə də şəhid ailələri və qazilər tədbirin əhəmiyyətini, o günlərin ağırlığını və belə layihələrin gələcək nəsillər üçün dəyərini vurğuladılar.
Daha sonra nümayiş etdirilən tamaşa 44 günlük Vətən müharibəsinin simvolik olaraq 44 dəqiqəyə sığdırılmış mənəvi xronikasına çevrildi. Səhnədə yaşadılan hadisələr müharibənin ağrısını, şəhidlik zirvəsinin ucalığını və əsgər ruhunun sınmazlığını tamaşaçılara bütün emosiyası ilə hiss etdirdi.

Bu tədbir yalnız bir təqdimat deyil, həm də 44 günlük mübarizəmizin canlı yaddaşı, şəhidlərimizin əmanətinə hörmət və müstəqilliyimizin qiymətini xatırladan dəyərli bir mərhələ oldu.
















































































































































































