thumb

49 qohumu şəhid olan Xocalı sakini: “Atam əsir düşməmək üçün özünü və erməniləri qumbara ilə partlatdı” – MÜSAHİBƏ

Baxış sayı: 516

Bu il erməni quldurları tərəfindən yüzlərlə günahsız insanın xüsusi qəddarlıqla qətlə yetirildiyi Xocalı soyqırımından 30 il ötür.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı soyqırımı zamanı hər iki valideynini itirənlərdən biri də Murad Hüseynovdur. Onun Xocalı soyqırımı ilə bağlı müsahibəsini təqdim edirik.

 

– Murad bəy, bu il Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının 30-cu ildönümüdür. Sizin ailəniz, yaxınlarınız da Xocalı dəhşətlərini yaşayıb və həmin faciə zamanı hər iki valideyninizi itirmisiniz. Həmin hadisələri necə xatırlayırsınız?

– Qarabağ hadisələri başlayanda valideynlərimlə birlikdə Xocalı şəhərində yaşayırdım. Atam Tofiq Hüseynov Xocalıda yerləşən orta məktəbdə hərbi hazırlıq müəllimi işləyirdi. Anam da həmin məktəbdə çalışırdı.

Ermənilər Xocalını daha tez-tez atəşə tutmağa başlamışdılar. Ölkəmizdə nizami ordu olmadığından Xocalı camaatı hücumlardan qorunmaq üçün özünümüdafiə batalyonu təşkil etməyə qərar verdi. Batalyonun komandiri isə onun əsas təşkilatçılarından olan atam təyin olundu. Lakin əhalinin əlində silah demək olar ki, yox idi. Ov silahlarını belə müsadirə etmişdilər. Silahı olanlara qarşı isə cinayət işi açıb həbs edirdilər.

Xocalının coğrafi mövqeyi elə idi ki, ətrafındakı kəndlərin hamısı erməni kəndləri idi. Buna görə də blokada vəziyyətində idi. 1991-ci ilin dekabrında Xocalının Ağdamla da əlaqəsi kəsildi. Çünki hər iki şəhərin ortasında yerləşən Əsgəran qəsəbəsində ermənilər yaşayırdı. Onlar da yolu bağlamışdılar.Yadımdadır ki, Əsgəranın içindən maşınla keçəndə ermənilər maşını daşlamağa başlayırdılar. Hətta bir dəfə maşınlardan birini atəşə tutmuşdular və nəticədə bir nəfər xocalı sakini şəhid olmuşdu. Əlaqə ancaq helikopterlə idi. Şuşadan uçan helikopterin ermənilər tərəfindən vurulmasından sonra bu əlaqə də kəsildi.

Şəhərə silah gətirmək demək olar mümkün deyildi. Xocalılar gizli yolla silah gətirməyə çalışırdılar. Xocalı təcrüd olunmuş vəziyyətdə, köməksiz qalmışdı. Buna baxmayaraq ermənilərdən qətiyyən qorxmurduq.

Ermənilər bir neçə dəfə Xocalıya hücum etsələr də şəhərin özünümüdafiə dəstələri onları geri otuzdura bilmişdi. Ermənilər hər gün Xocalını ağır silahlardan, artilleriyadan atəşə tuturdular. Biz isə özümüzü qorumaq üçün zirzəmilərə sığınırdıq.

 

– Xocalını sona qədər müdafiə edənlərdən biri də sizin atanız olub…

– Bəli, özünümüdafiə batalyonunun komandiri kimi atam Xocalının müdafiəsində böyük şücaətlər göstərib. Erməni dilini yaxşı bildiyi üçün tez-tez kəşfiyyata gedirdi. Buna görə də atama “Mixaylo” ləqəbi vermişdilər.

Ermənilər müdafiəsiz qalan Meşəli kəndinə hücum edən zaman atam dəstəsi ilə köməyə gedərək kənd əhalisini əsirlikdən xilas etmişdi.

Xocalının yaxınlığında ermənilərin yaşadığı Noraguh kəndi var idi. Onlar həmin kənddən tez-tez toplarla Xocalını atəşə tuturdular. Atam öz dəstəsi ilə hücum edib həmin topları məhv etdi. Bundan sonra ermənilər Mehdikənd ərazisində yerləşən fermadan “Alazan” raketləri ilə Xocalını atəşə tutmağa başladılar. Atam öz dəstəsi ilə həmin raketləri də məhv etdi, on nəfər erməni hərbçisini isə əsir götürdü.

– Xocalının işğal olunduğu günü necə xatırlayırsınız?

– Öz gücləri ilə Xocalını ələ keçirə bilməyəcəklərini görən ermənilər keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməyindən istifadə etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları həmin alayın köməkliyi ilə ağır silahlardan və kimyəvi silahlardan da istifadə etməklə Xocalıya qarşı hücuma keçdilər. Şəhərin müdafiəçiləri yüngül silahlarla silahlandıqlarından bu dəfə düşmənin qarşısını ala bilmədilər.

Düşmənin şəhərə girdiyini görən sakinlər qərar gəldilər ki, özünümüdafiə dəstələri düşmənin qarşısını kəssin, əhali isə şəhərdən çıxarılsın. Atam bir neçə dəfə əhalini çıxarıb yenidən şəhərə qayıdanda Kətik dağında ermənilərin mühasirəsinə düşür. Üç gün ermənilərlə döyüşdükdən sonra gülləsi qurtarır. Ermənilər onu sağ ələ keçirmək istəyirdilər. Ancaq atam təslim olmur və qumbara ilə özünü və ondan artıq ermənini məhv edir. Sonra çox çətinliklə də olsa meyitini ermənilərdən ala bildik və gətirib Bakıda Şəhidlər Xiyabanında dəfn etdik. Ölümündən sonra atama Milli Qəhrəman adı verildi. Ümummilli lider Heydər Əliyev tərəfindən qızıl medalla təltif edildi.

 

– Xocalıda yalnız atanızı deyil, həm də ananızı, yaxın qohumlarınızı itirmisiniz…

– Bəli, Xocalı faciəsi tək atamı deyil, həm də anamı, eləcə də babalarımı, nənələrimi, əmimi, bibimi, xalamı, xalamın azyaşlı oğlanlarını və digər əzizlərimi məndən aldı. O qanlı gecədə mən 49 nəfər yaxın qohumumu itirdim.

Xocalı faciəsi zamanı 1275 nəfər əsir düşüb. Elə bilirdik ki, anam – Hüseynova Məxmər Qurban qızı da həmin insanlarla birlikdə əsrlikdə olub. 19 il məlumat ala bilmədiyimiz üçün mən anamın bir gün qayıdacağını gözləmişəm. Lakin bir dəfə rus jurnalistin Xocalıda çəkdiyi fotoda anamın meyitini gördüm və onun əsir düşmədiyini, qətlə yetirildiyini öyrəndim. Həmin fotoda anamın, xalamın və iki azyaşlı övladının cəsədlərini gördüm. Bir övlad üçün bu, çox ağır bir hisdir. Çox qəribə səslənsə də mən onların ölümünə kədərləndiyim qədər sevindim də. Sevindim ki, əsir düşməyiblər, ağır işgəncələrə məruz qalmayıblar. Çünki əsir düşən qohumlarmızın hamısına ermənilər ağır işgəncələr vermişdilər.

Şəhid olan qohumlarımdan yalnız atamın meyitini gətirə bilmişik. O biri qohumlarımın meyitlərindən bu gün də xəbərsizəm.

– Siz özünüz necə sağ qala bildiniz?

– Xocalı faciəsindən qabaq, 1991-ci ilin dekabrında mən iki bacımla birlikdə Ağdama qohumumuz gilə gəlmişdik. Helikopteri ermənilər vurduğu üçün sonra qayıda bilmədik. Ancaq qayıtmağı çox istəyirdik. Atam da deyirdi ki, necə ola bilər başqa insanların ailələri Xocalıdadır, ancaq komandirin ailəsi, uşaqları yoxdur. Biz də evimizə qayıtmağı çox istəyirdik. Sadəcə qayıtmağa imkan olmadı.

 

– Digər qohumlarınızın, qonşularınızın aqibəti necə oldu?

– Ermənilər atamın dayısı oğlu Mehmanı əsir götürəndən sonra dilini kəsdilər, özünü isə qapıya zəncirlədilər. Sonradan xarici vətəndaş adı ilə onu almaq istəyəndə ermənilər əvvəlcə razılaşsalar da sonradan imtina etdilər.

Nənəmin meyitinin üstünə tank çıxardıb yerə basdırmışdılar. Əsirlərdən bizim qohumları soruşurdular, heç kim də demirdi. Çünki bilirdilər ki, tapsalar ağır işgəncələr verəcəklər.

 

– Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biri də siz olmusunuz. Sizi kim himayəyə götürdü?

– Valideyinlərim şəhid olandan sonra əmim bizi himayəsinə götürdü. Bir müddət Ağdamda yaşadıq, Ağdam işğal olunandan sonra isə ikinci dəfə qaçqın düşərək Bakıya gəldik. Əmim üç uşağı ilə yanaşı məni və bacılarımı, həm də şəhid olan digər əmimin iki uşağını böyütdü.

Dövlətimiz də bizi diqqətdən kənarda qoymadı. Xocalı faciəsində hər iki valideynini itirən 25 uşaq üçün yaşayış binası tikildi və biz mənzillə təmin olunduq. Məktəbi qurtarandan sonra dövlət xətti ilə Türkiyədə hüquq üzrə təhsil aldım. Bakıya qayıdandan sonra hüquq-mühafizə orqanlarında işləməyə başladım. Bir il olar ki, Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyirəm.

Bu yaxınlarda təhsil almaq üçün Prezident Administrasiyasına müraciət etdim və müsbət cavab aldım. Hazırda həm işimi davam etdirirəm, həm də Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıram.

– Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmisinizmi?

– Bəli, Xocalı soyqırımım tanıdılmasında mən də bacardığım qədər iştirak etməyə çalışıram. Ötən illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bir neçə dəfə respublika daxilində və respublikamızın hüdudlarından kənarda – Rusiyada, Bosniya və Herseqovinada, Türkiyədə Xocalı həqiqətləri barədə tədbirlərdə iştirak edərək, Xocalı soyqırımı barədə ictimaiyyətə məlumat vermişəm.

 

– Xocalıda hər iki valideynini itirən digər 24 uşaqla əlaqəniz varmı?

– Həmin uşaqlarla Ramanıda yerləşən Şuşa şəhərciyində qonşuyuq. Bir-birimizlə daim əlaqə saxlayırıq, dəstək oluruq.

 

– Xocalı yaddaşınızda necə qalıb?

– Xocalı ilə bağlı çox şey yadımdadır. Bu dəqiqə məni Xocalının girişinə qoysalar gedib öz evimizi, digər yerləri çox asanlıqla tapa bilərəm. Xocalı dörd tərəfdən dağlarla əhatə olunub. Gözəl təbiəti olan bir yerdir. İnternetdə interaktiv xəritədən baxanda evimizin salamat olduğunu gördüm. Ümid edirəm ki, yaxın zamanlarda Xocalıya qayıdacam, həmin yerləri yenə görəcəm.

– Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında görülən işləri necə qiymətləndirirsiniz?

– Müsbət qiymətləndirirəm. Dünən “Soyqırım həqiqətlərinin tanıdılması” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə atam haqqında hazırladığı “Xocalının Mixaylosu” adlı kitab işıq üzü gördü. Buna görə adıçəkilən hər iki qurumun rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Vətən uğrunda şəhid olan insanların tanıdılması, xatirələrinin əbədiləşdirilməsi çox vacibdir.

 

– Xocalı faciəsi sizin düşüncələrinizə, həyatınıza necə təsir etdi?

– Nə baş verdiyindən asılı olmayaraq kimlər üçünsə həyatda qalmalı, yaşamalıyıq. Tofiq Hüseynovun oğlu olduğum üçün fəxr edirəm, onun haqqında qürurla danışıram. Atam düşmənə təslim olmadı, qəhrəman kimi şəhid olmağı üstün tutdu. Hazırda üç övladım var, kiçik oğluma atamın adını qoymuşam, onun adını yaşadıram. O, da çalışır ki, babasına layiq övlad olsun. Vətən müharibəsi zamanı yığdığı pulu Ordumuza göndərmişdi. Bu da məni çox qürurlandırdı.

 

– Siz çox böyük faciə yaşamısınız, Xocalı soyqırımı zamanı atanız və ananız da daxil olmaqla 49 yaxın qohumunuzu itirmisiniz. Sizdə düşmənə qarşı böyük kin, nifrət hissi var yəqin ki?

– Bu qədər faciə yaşamağıma baxmayaraq müharibə istəmirəm. Çünki müharibə hər iki tərəf üçün fəlakətlərə, günahsız insanların, qadınların, uşaqların öldürülməsinə, şəhər və kəndlərin viran olmasına səbəb olur. Azərbaycanlı şəhidin anası necə əzab çəkirsə, ölən düşmənin anası da o cür əzab çəkir.

Əlbəttə, tariximizi unutmamalıyıq, günahsız insanları qətlə yetirənlər, soyqırımı törədənlər mütləq qanun qarşısında öz cəzalarını almalıdır. Digər tərəfdən əbədi olaraq düşmən kimi yaşamaq da mümkün deyil. Müharibə kimi dəhşətli heç nə yoxdur. İstəyirəm ki, daha müharibə olmasın, hamı sülh şəraitində yaşasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir