591086455f98234d1cef1442415156_MichaelFomenko02

60 il cəngəlliklərdə timsahlar və vəhşi donuzlar arasında yaşayan “Tarzan” – FOTOLAR

Baxış sayı: 1. 789

Avstraliya küçələrində öz torbası ilə addımlayan yarıçılpaq buşmen bu ölkədə “rus Tarzanı” adlandırılır.

84 yaşlı qoca ömrünün 60 ilini timsahlar və vəhşi donuzlar arasında keçirib.

Avstraliya mətbuatının yazdığına görə, əfsanəvi qoca vaxtilə yalın əllə qaban, hətta timsah da öldürüb. Əslən gürcü olan Mixail Fomenko çempion Daniel Fomenko-Elizaveta Maçabela cütlüyünün ailəsində dünyaya göz açıb. Ailə üzvləri ötən əsrin 30-cu illərinin sonlarında – Gürcüstan SSRİ-nin tərkibində olanda Yaponiyaya qaçmağa müvəffəq olurlar. Yaponiyanın Çinə hücumu zamanı isə gürcü ailəsi Sidneyə üz tutur.

Üç bacının tək qardaşı Mixail yeni ölkəyə böyük çətinliklə adaptasiya olur. O, təhsil aldığı orta məktəbdə yeganə əcnəbi idi. Fiziki cəhətdən qeyri-adi gücə malik gürcü 1956-cı ildə Melburnda keçirilən Olimpiadada iştirakçılığa namizəd idi.

Mixail 60 il əvvəl müasir cəmiyyətdən uzaqlaşmaq üçün Avstraliyanın şimalına – aborigenlərə üz tutur. Sidr ağacından kiçik qayıq düzəldən gənc Torres axını və səma ulduzlarının oriyentasiyası ilə 600 kilometr məsafə qət edərək Yeni Qvineya sahillərinə çatır.

Gənci 1959-cu ildə yerli sakinlər ac və xəstə halda tapırlar. Atası Mixaili Avstraliyaya gətirsə də, o, azadlığa can atır.

Belinə sarğı bağlayıb qaçmış yarıçılpaq gəncin yerini anasının xahişi ilə yerli polis müəyyən edir. O, sərgərdan həyat keçirdiyində görə, 1969-cu ildə həbs edilir. Bundan sonra Mixaili psixi xəstə elan edirlər. Psixi xəstəxanaya yerləşdirilmiş gənc elektroşok terapiyası ilə müalicə olunur.

Elə həmin il xəstəxanadan buraxılan gənc nümayişkaranə şəkildə “Tarzan”ın geri döndüyünü  bəyan edir və dərhal vəhşi təbiətin qoynuna atılır. Yalnız 19 il sonra – 1988-ci ildə qısa müddətə anasının dəfnində iştirak edir.

Avstraliyanın ən ucqar yerində məskən salan Mixail 2 həftədən bir 25 kilometr məsafə qət etməklə şəhərə gəlir, un, şokolad, süd tozu alaraq yenidən geri qayıdırdı.

Burada hər kəsin “rus Tarzanı” adlandırdığı Mixail Fomenko aborigenlər arasında 2012-ci ilə qədər yaşayıb. 3 il əvvəl xəstələnmiş qoca, nəhayət, təbiət qoynundan əl çəkərək köhnə evlərdən birində  məskunlaşıb. Həkimlərin sözlərinə görə, o, heç kimlə ünsiyyət qurmur və özünü xoşbəxt sayır.

Anar Tağıyev     




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir