Həmsöhbətimiz builki qəbul imtahanlarında 680,3 bal toplamış Amil Musa oğlu Əhmədovdur. O, bu nəticə ilə Şəmkir rayonu üzrə ən yüksək nəticəyə imza atıb.
Ali məktəbə hazırlıq dövrünü Reduco Tədris Mərkəzində keçən Amil bundan daha yüksək nəticə gözlədiyini deyir.
– Amil, səni qazandığın uğur münasibətilə təbrik edirik. Səncə, bu uğur nəyin nəticəsidir?
– Təşəkkürlər. Məncə, bu uğur doğru kollektiv və doğru üsul ilə çalışmağın, həmçinin yüksək özgüvənin nəticəsidir.
– Dərs ili boyunca sınaq imtahanlarına da yəqin ki, qatılmışdın. Hansı nəticələri göstərirdin adətən?
– Bəli, sınaq imtahanlarında iştirak edirdim. Adətən 650 baldan yüksək nəticə göstərirdim.
– Qəbul imtahanında belə yüksək nəticə gözləyirdinmi?
– Əslində, ilk hədəfim bundan da yüksək idi. Həmişə 700 bal toplamaq istəyirdim. Ancaq yeni imtahan sistemində hər kəs kimi mən də bu nəticə üçün lazım olan təcrübəni əldə edə bilmədim.
– Şübhəsiz ki bu ilk növbədə sənin əzmkarlığın və intellektinin nəticəsidir Səncə, bu uğurda daha kimlərin payı var?
– Mənim fikrimcə, hər bir abituriyentin uğur qazanmasında 3 əsas faktor mühüm rol oynayır:
Birincisi, abituriyentin özünəinamı, çalışma üsulu, dərk etmə və tətbiq etmə bacarıqlarının səviyyəsi və iradəsi.
İkincisi, düzgün müəllim kollektivi seçimi.
Üçüncüsü, davamlı motivasiya mənbəyinin olması.
Mən çox şadam ki, təhsil aldığım müddətdə Reduco ailəsinin bir üzvü olmuşam və belə peşəkar müəllim kollektivi ilə çalışmışam, çünki məhz onların, mənim bu uğurumdakı rolları danılmaz dərəcədə mühümdür. Həmçinin ən böyük dəstəkçim olan və mənə həmişə motivasiya verən atamın da bu uğurumda rolu çox böyükdür.
– Seçimin hansı ali məktəbdir?
– Seçimin arzularım baxımından Polis akademiyası oldu.
– Niyə məhz ora?
– Çünki polis olmaq hələ uşaqlıqdan mənim ən böyük arzum olub.
– Gələcək planların nədən ibarətdir? Özünü harda görürsən?
– Hazırda ilk hədəfim akademiyanı qırmızı diplomla və birinciliklə başa vurmaq, gələcəkdə isə vətənimə layiqli bir polis əməkdaşı olmaqdır.
– Bu uğurdan sonra hər kəs təbrik edir. Bildiyim qədərilə media da səninlə maraqlanıb dəfələrlə. Yəqin ki, tədbirlərə filan da artıq dəvət edirlər və s.
Özünü ulduz kimi hiss etmirsən? Soyuqqanlı qarşılaya bilirsənmi bu münasibəti?
– Doğrusu, bu nəticəni gözləyirdim deyə özümü ulduz kimi hiss etmirəm, çünki belə etmək əzmkarlıqda zəifləmə yaradır. Mənim isə həyatda hələ daha yüksək hədəflərim var və bu hədəflər hər dəfə daha çox çalışma tələb edir. Bu səbəbdən soyuqqanlı qalmalı və əzmkar olmalı olduğumu bilirəm və bunun üçün çalışıram.
– Növbəti illərdə ali məktəbə hazırlaşacaq gənclərə nələri tövsiyə edərdin? Necə hazırlaşsınlar? Nələrə xüsusilə diqqət etsinlər?
– Gələcək abituriyentlərə tövsiyəm budur ki, öncə məntiqli bir məqsəd seçsinlər, sonra isə seçdikləri məqsəd üçün yüksək özgüvən və əzmkarlıqla çalışsınlar. Çalışanda isə çox yox, doğru, düzgün istiqamətdə çalışmağa önəm versinlər.
Söhbətləşdi: MƏTİN