Cibinizdəki pulun dəqiq məbləğini deyə bilərsiniz? Əgər deyə bilmirsinizsə, narahat olmağına dəyməz – əhalinin 80%-i sizin kimidir. Amma bilmək lazım idi…Bir qədər əvvəl Azərbaycanda aparılan araşdırmalar göstərib ki, ölkə əhalisinin yalnız 20%-i gəlir və xərclərini qeyd edir, təqribən 80%-i bunu etmir. Halbuki bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə insanlar bu məsələdə digər işlərdən də tələbkardırlar. Bu özünü ailə büdcəsinin formalaşmasında göstərir
.
Hazırda əhalinin böyük hissəsində elementar büdcə bilikləri yoxdur. Doğrudur, bu proses başlayıb, insanlar, xüsusilə iri şəhərlərdə yaşayan sivil təbəqə artıq xərclərini, öz maliyyə həyatını bir növ planlaşdırır, amma hələlik bunlar azdır.Bu faktın özü Azərbaycanda ailə maliyyəsi mədəniyyətinin çox aşağı səviyyədə olmasını göstərir. Bu çox ciddi məsələdir və qarşıdakı bir neçə il ərzində ölkə əhalisinin şüurunda baş verəcək ən böyük dəyişikliklərdən biri də məhz ailə maliyyələşməsi ilə bağlı olacaq.
Ailə büdcəsinin tərtibi
Ailə maliyyəsinin planlaşdırılmasının iki vacib istiqamətini əhatə edir – gəlir və xərcləri planlaşdırmaq və bunlar arasında balans yaratmaq. Əslində ailə büdcəsinin planlaşdırılması sadə bir addımdan – bütün gəlirlər və xərclərin qeyd olunmasından başlayır. Bunu mümkün qədər dəqiq – yəni hər gün etmək lazımdır – hərgünkü xərclər yazılır və ay başa çatandan sonra məlum olur ki, ailənin xərcləri nə qədərdir.
Əsas xərclər təbii ki, yemək, nəqliyyat, kirayə, kommunal və s-dir. Amma burda hər şey əksini tapmalıdır – təhsil xərcləri, kiçik uşaqların xərcləri və başqaları. Əvvəla, bu imkan verir ki, insanlar özlərinə dolanmaq üçün nə qədər pul lazım olduğunu bilsinlər. İkinci məsələ odur ki, insanlar artıq xərclərindən xəbər tutsunlar. Xərclər yazılandan sonra bu siyahıya baxıb artıq xərcləri müəyyən etmək, müxtəlif mənfi halların qarşısını almaq mümkün olur.
Zərərli vərdişlər
Ailə büdcəsinin əsas düşməni-ailəyə ən böyük zərər vuran hal zərərli vərdişlərdir – adətən bu vərdişləri sağlamlığa zərər vurduğuna görə belə adlandırırlar, amma onların iqtisadi zərəri daha böyükdür. Məsələn, ailədə siqaret çəkən varsa və o gündə iki qutu siqaret çəkirsə, bu ayda təqribən 100 manat siqaret xərci deməkdir. Bəzi ailələrdə bu hiss olunmur, amma iqtisadi çətinliyi olan və ya qənaət etmək istəyən ailə üçün bu yaxşı hal deyil. Məlum olanda ki, ayda siqaretə bu qədər pul gedir – yəqin həmin şəxs bunu azaldacaq və ya siqareti tərgidə bilər və s.
Digər mənfi hal həddən artıq kreditlərin götürülməsi ilə bağlıdır – bankirlər buna əsassız yüklənmə deyirlər. Həddən artıq çox çaşdırıcı reklamların olması əhalini yerli-yersiz kredit götürməyə həvəsləndirir və onlar məişət kreditləri ilə yüklənirlər, sonra da bunu idarə edə bilmirlər. Yəni ailə büdcəsinin əsas məqsədi odur ki, insanlar öz imkanlarını düzgün qiymətləndirməli, ölçüb-biçməli və bu həddə uyğun hərəkət etməlidirlər, yəni kiminləsə bəhs edib həddən artıq xərcə düşmək qətiyyən sərfəli və düzgün deyil.
Pullar sizi idarə edir, yoxsa siz onları?
Ailə büdcəsini idarə etmək üçün ən yaxşısı xərcləri illik planlaşdırmaqdır, məsələn, elə xərclər var ki, onlar ildə bir dəfə olur – məsələn ali məktəb xərcləri, xeyir işlər, iri alqı-satqılar, hətta ad günləri, məzuniyyət-istirahət xərcləri və s. Onları əvvəlcədən nəzərə alanda hər ay kənara pul qoymaqla həll etmək mümkün olur. Bundan başqa, hər ay kənara az da olsa, müəyyən məbləğ qoyulmalıdır ki, gözlənilməyən xərclər üçün. Bunun məbləğini əvvəlcədən bilmək mümkün deyil – amma bunu təqribən bilmək olar ki, məsələn, əvvəlki aylarda belə xərc nə qədər olub. Xərc olmasa, o pul ailənin əmanətinə çevrilir.
Doğrudanmı, bu qədər qazanırsınız?
Gəlirlərin planlaşdırılması bundan da maraqlıdır. Biz gəlir deyəndə nə başa düşürük: maaş, pensiya, hansısa qonorarlar və ya mükafatlar. Gəlirləri yazanda isə bu məsələ də dəyişə bilər, məsələn, məlum ola bilər ki, gəliri artırmaq olar. Məsələn, sizin bir məsələyə həddən artıq çox vaxtınız gedir – amma bundan qazanc azdır, halbuki bu məşğuliyyəti alternativ sahə ilə əvəz eləmək olar. Və ya kiminsə elə bacarığı var ki, ondan pul qazanmaq olar – buna tərcümə, yazı və s. aiddir. Vaxt tapıb bunları etməklə gəlirləri artırmaq mümkündür.
Yəni ailə xərclərinin planlaşdırılması və ailə maliyyəsi təkcə pul məsələsi deyil – bu artıq yeni həyat tərzidir. İnsanlar öz şəraitinə və imkanlarına biznes kimi yanaşmalıdırlar. Yəni məlum olanda ki, hansısa məşğuliyyət sərfəli deyil, onu nəzərə almaq lazımdır. Yəni insanların dünyagörüşü dəyişməli, onlar biznes yanaşması tətbiq etməlidirlər.
Demokratik ailə büdcəsi
Özü də ən mühüm cəhət ailə büdcəsinin demokratik surətdə planlaşdırılmasıdır – yəni bu prosesdə ailənin bütün üzvləri böyüklər, ailənin böyük övladları iştirak etməli – necə deyərlər, prosesə “ictimai nəzarət” olmalıdır. Məsələn, əgər ailə başçısı artıq xərclərə yol verirsə, ola bilər ki, o bununla bağlı dəyişiklik etməsin. Amma başqa ailə üzvləri bu çatışmazlığı görəndə vəziyyət dəyişir. Hamı başa düşür ki, kimsə artıq xərcə yol verir. Çünki bu hamının büdcəsidir. Ona görə belə vəziyyətdə məsuliyyət hissi də artır. İnsanlar hansısa xərcə yol verəndə istər-istəməz təkcə özlərinin yox, bütün ailənin maliyyə vəziyyətini nəzərə almalı olurlar. Uşaqlar üçün isə bu hər şeydən başqa, pulla düzgün rəftar eləmək üçün müsbət təcrübə ola bilər. Mənbə: http://bakupost.az/