Türkiyə Statistika Təşkilatı özündən ən az 31 yaş böyük kişilərlə evlənmiş 16-19 yaşlı qızların sayını açıqlayıb. “Modern.az” saytı Türkiyə KİV-nə istinadən bildirir ki, 2001-2012-ci illərə aid statistikaya görə, Türkiyədə 7 milyon 163 min 931 cüt həyatını birləşdirərkən, 16-19 yaşlı 299 qız, 60 yaş və daha böyük kişilərlə dünya evinə girib.
Bu dövrdə yenə eyni yaşdakı 203 qız 55-59 yaş arasındakı kişilərlə, 369 qız isə 50-54 yaş arasındakı kişilərlə nikah masasına oturub.
Nəvəsi yaşındakı kişilərlə evlənən qadınların sayı da açıqlanıb. Statistikaya görə, 12 ildə 16-19 yaş arasındakı kişi ilə nikah masasına oturan 50 yaşdan böyük qadınların sayı 11 nəfər olub. 50-54 yaş arasındakı qadınlardan 8, 55-59 yaş arasındakılardan 2, 60 yaşdan böyük qadınlardan 1 nəfəri gənc kişi ilə rəsmi olaraq nikaha girib.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, son 12 ildə 1 milyon 230 min 420 cütlük boşanıb. Türkiyədə 16-19 yaş arası gənc qadınla evlənib boşanan kişi sayı 39 olaraq göstərilib. Gənc kişi ilə evlənib, daha sonra yollarını ayıran 50 yaşdan böyük qadınların sayı isə yalnız 1 nəfər olub.