Sirr deyil ki, dəb dizaynerlər tərəfindən diktə edilir və idarə olunur. Nəhəng moda evlərinin kreativ dizaynerlərinin hazırladığı kolleksiyalar keyfiyyət və qüsursuz zövq nümunəsi sayılır. “Dior”, “Chanel”, “Carolina Herrera”, “Tom Ford” və.s kimi məşhur moda evləri qadınların seçilmək arzusunu reallaşdırır və bir çox dəb tendensiyalarının əsasını qoyurlar. Görəsən, hamını bəzəyən dizaynerlər özləri necə geyinir?
Maraqlıdır ki, bütün dünyaya dəbi diktə edən dizaynerlər özləri eyni stildə geyinməyi xoşlayır və bir qayda olaraq ağ-qaraya üstünlük verirlər. Əksər hallarda onların qarderobundakı geyimlər bir-biri ilə oxşardır.
İlin dəb tendensiyalarını yaradan dizaynerlər necə geyinir?
Tom Ford
Tom Ford adətən səliqəli kostyum, ağ köynək və qara laklı tuflilər geyinir. Saçlarını isə kirpi tikanları kimi yuxarı qaldırmağı xoşlayır.
Karl Lagerfeld
Karl Lagerfeld bir qayda olaraq uzun palto geyinir. O, aksessuarları çox xoşlayır. Məsələn, əlcəklə qalstuk onun obrazının mütləq atributlarıdır. “Chanel” moda evinin kreativ dizayneri qalstukunu broşla bəzəməyi sevir.
Aleksandr Vanq
Aleksandr Vanq başdan-ayağa qara rəngə bürünənlərdəndir. Gənc dizayner idman üslubunda geyinməyi xoşlayır.
Fibi Filo
“Celine” moda evinin keçmiş kreativ dizayneri – Fibi Filo da qara rəng pərəstişkarıdır. Həmkarından fərqli olaraq o, tünd obrazını ağ idman ayaqqabıları ilə tamamlayır və qaranı hərdən bir boz və ya bejlə əvəz edir.
Mark Yakobs
Mark Yakobs çox zaman kostyum geyinsə də, tamamilə klassikaya bürünmür. O, klassika ilə idman üslubunu birləşdirməyə üstünlük verir.
Tom Braun
Tom Braun müştərilərini həm kolleksiyaları, həm də öz imici ilə təəccübləndirir. O, soyuğa-qışa fikir vermir və ilin bütün fəsillərində şortik geyinir. Tomun yuxarıda adı çəkilən dizaynerlərdən əsas fərqi qaranı deyil, bozu seçməsidir.
Maykl Kors
Maykl Korsun üslubu olduqca sadədir: qara kostyum, qara köynək, krosovkalar və parlaq təbəssüm.
Prabal Qrunq
Bu dizayneri də demək olar iki, həmişə eyni imicdə: ağ qısaqol köynək və cins şalvarda görürük.
Alber Elbaz
“Lanvin” moda evinin eks kreativ dizayneri özünəməxsusluğu ilə seçilir. Artıq çəkisini uzun plaşla gizlətməyə çalışır. Kəpənək qalstuklar isə onun dəstlərinin əsas bəzəyidir.
Jason Vu
Jason Vunun xarici görünüşü digərlərdən xüsusi ilə heç nə fərqlənmir. O da qara kimi tünd rənglərin aşiqidir. Jasonun çoxlu sayda geyimi olsa da, hamısı eyni rəngdə fasondadır.
Vera Vanq
Qara, qara, yenə də qara… Vera Venq da qara həmişə ən yaxşı ideyadır deyənlərdəndir.
Rikardo Tişi
Rikardo kolleksiyalarında müxtəlif rənglərin, müxtəlif çalarına müraciət edir. Özünə gəldikdə qara və ağdan başqa rəngləri tanımaq istəmir. Belə görünür ki, Rikardo da həmkarları kimi digər rənglərdən imtina edib.
Karolina Herrera
Karolina Herreranın üslubu olduqca sadə və konkretdir, onu belə izah etmək olar: ağ köynək, qara yubka və alçaqdabanlı ayaqqabılar.
“Dizaynerin əsas vəzifəsi ideya vermək və onu həyata keçirməkdir”
Gördüyünüz kimi dəb nəhənglərinin demək olar ki, hamısı sadəliyə üstünlük verir və əksər hallarda qaranı seçir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovdan dizaynerlərin niyə qara rəngə müraciət etməsi ilə bağlı fikirlərini öyrəndik. Psixoloqun sözlərinə görə, dizaynerlərin əsas məqsədi başqalarını geyindirməkdir: “Dizaynerin əsas vəzifəsi ideya vermək və onu həyata keçirməkdir. Onlar müştərinin tələbatını daha çox düşünür və özlərini arxa plana atırlar. Dəb nəhənglərinin qaraya üstünlük verməsini isə bu rəngin güc və hakimiyyət rəmzi olması ilə də izah etmək olar. Bir növ bununla şüur altı insanlara mesaj ötürmək istəyindən irəli gələ bilər. Eyni halı həkimlik peşəsi ilə müqayisə etmək olar. Məsələn, çox yaxşı həkimlər bəzən uzunömürlü ola bilmir. Həkimin əsas işi şəfa verməkdir”.
“Dəb gəldi-gedər, üslub isə ölməzdir”
Mövzu ilə əlaqədar modelyer Gülnarə Xəlilovanın da fikirlərini öyrənmişik. G.Xəlilova dəbi diktə edən dizaynerlərin öz üslubuna sadiq qaldığını deyir: “Onların hər birinin bəlli bir obrazı var, yaddaşlarda da belə qalıblar. Yaxud da elə qadınlar var ki, həmişə eyni tərzdən istifadə edir və yaddaşlarda dəyişməz ətri ilə qalmaq istəyir. Dünya şöhrətli dizaynerlərin eyni tərzdə geyinməsinin dərin mənası var. Onlar eyni tərzdə geyinməklə insanlara öz tərzlərinə sadiq qaldıqlarını bildirmək istəyir. Dəblə maraqlanmaq lazımdır və modelyerin əsas işi onu diktə etməkdir. Lakin unutmaq olmaz ki, dəb gəldi-gedər, üslub isə ölməzdir. Əksəriyyəti klassik üsluba üstünlük verir. Klassika və qara rəng isə hər zaman dəbdədir və dəbdə olacaq. Ümumiyyətlə statistika da göstərir ki, dünyada həm qadınlar, həm də kişilər qara rəngə daha çox üstünlük verir. Müxtəlif dəb tədbirlərində bir çox ölkədən gələn dizaynerlərin də qara və tünd rənglərdə geyindiyini müşahidə edirəm. Biz də qara rəngə adətən arıq görünmək istəyən insanlar müraciət edir. Qeyd etmək lazımdır ki, qara kimi ağla qırmızı da heç zaman düşməyən, həmişə aktual olan rənglərdir”.
Modelyer dünyaca məşhur dizayner Can Qalyanonun daha rəngarəng geyindiyini vurğulayıb: “Tez-tez dəyişməyi sevən dizaynerlər də var. Məsələn, Con Qalyano yuxarıda sadalanan dizaynerlərdən fərqli olaraq eyni tərzdə geyinməyin əleyhinədir. O, rəngarəng obrazı ilə tamaşaçıları hər dəfə təəccübləndirməyi xoşlayır və bu, gözəl haldır. Mən özüm də müxtəlif tərzləri sınaqdan keçirməyi sevirəm. Tez-tez imic dəyişikliyi özü böyük risk deməkdir. Amma vacib bir məqam da var ki, müxtəlif üslublar hər adama yaraşmır. Hər rəng hər insana eyni cür və gözəl təsir bağışlamır, həmçinin buna hər adam risk etmir. Özümü risk edənlərin siyahısına əlavə edirəm, tamaşaçılar qarşısına hər zaman fərqli obrazlarda və formalarda çıxıram, tamaşaçı tərəfindən də maraqla və sevgi ilə qarşılanıram. Əslində, bir insana hər üslubun yaraşması böyük xoşbəxtlikdir. Lakin eyni tərzdə geyinməyi sevən dizaynerlərin müxtəlif üslublara müraciət etməməsini onlara yaraşmaması ilə əlaqəndirmək və bu fikri onlara şamil etmək istəməzdim. O insanlar dəb dünyasına onsuz da öz imzasını və möhürünü qoyublar. Özlərinin necə geyinməsi isə şəxsi işləridir. Hər halda seçdikləri üslublar onlara çox yaraşır və zövqlü görünürlər”. (publika.az)