valideyn ve usaq

Uşaqlarımızı nağıllar necə böyüdür?

Baxış sayı: 1. 920
Uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmir, gördüklərini yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya onlara nümunəvi kimi görünənlərin həyat hekayətlərini, səhvlərini belə şüuraltı olaraq öz həyat ssenarilərinə yazırlar. Bəzən bu həyat ssenariləri təsadüfi və məhvedici ola bilər. Lakin nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini sərgiləmək olar.
 
Nağıl danışmağın faydası varmı?
 
“Milana” Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: “Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var”.
 
Nağıllar necə seçilməlidir?
 
Mütəxəssis V.Rəşidova bildirib ki, nağıllar çoxdur və müxtəlifdir: “Valideyn seçim edərkən fikir verməlidir ki, nağıllar şəxsiyyəti, xarakteri formalaşdırsın. Nağıllar ilk növbədə yaxşılığı əks etdirməlidir. Uşağın şüuraltısında yaxşılığın insan üçün müsbət xarakter xüsusiyyəti olduğu fikri möhkəmlənməlidir. Şüuraltıda yaxşılıq etmək, yaxşı insan olmaq, daim yaxşılıq pisliyə qalib gəlir fikirləri prioritet olmalıdır. Bu məzmunda nağıllar deyilsə, yaxşı olar”.
 
Rəşidovanın dediyinə görə, övladları qorxudan, fobiyadan əziyyət çəkən valideynlər az deyil: “Qorxuları, fobiyanı aradan qaldıran nağıllar da var. Misal üçün, uşaq itdən, qaranlıqdan, özgüvən əksikliyinin nəticəsi olaraq nəyisə etməkdən qorxursa, bunu aradan qaldıran nağıllar var. Belə nağıllar uşaqlara qorxmamaq, məğrur olmaq, möhkəm olmaq kimi fikirləri aşılayır”.
 
Nağıllarla uşağı düzgün tərbiyə üsulu
 
Psixoloq qeyd edib ki, valideynlər uşağa düzgün irad desələr və ya tərbiyə verməkdən ötrü çox gözəl məsləhətlər versələr də, övladlar valideynlərin iradlarını, sözlərini qəbul etməzlər. Bunu isə üçüncü şəxsin adından nağıl formasında danışmaq olar. Uşağın davranışında, xarakterində yanlışlıqlar, səhv etdikləri məqamlar, qorxuları varsa, onu düzgün istiqamətləndirmək üçün fikirlərini üçüncü şəxsin adından çatdıra bilərlər. Belə olan halda, uşaq həm qorxularını yenəcək, həm də özgüvəni artacaq. Uşaq düşünəcək ki, qəhrəman nağılda qorxmadı, çətinliyi asanlıqla keçdi. Bu informasiya onun şüuraltısında qalır. O da bu formada qorxusuna qalib gəlir”.
 
Bu nağılları danışmaq olmaz!
 
“Nağıllar yazılıbsa, bu o demək deyil ki, bütün nağıllar uşaqlara yaxşı formada təsir göstərir. Nağıllar xüsusi seçilməlidir. Əsas – nağılın kökündə nəyin olmasıdır. Nağıl uşağa nə çatdırmaq istəyir? Valideyn buna diqqət göstərməlidir. Uşaq beyni ilk nə eşitdisə, gördüsə, sabah onu xarakterində, davranışlarında yamsılayacaq, – deyə Rəşidova bildirib. – Nağılları seçərkən ehtiyatlı olmaq lazımdır. Məzmununda yanlışlığa yol verilən nağıllar uşağın həyatına mühüm mənfi təsirini göstərə bilər. Və yaxud da ki, misal olaraq, “Sən yeməyini yesən, anana qulaq assan, çirkin ördək kimi böyüyərsən, gözəl qu quşu olarsan” kimi əlavələr uşağı şərtlərlə tərbiyə etməyə gətirib çıxarır. Yəni, uşaqla məhz bu formada danışanda şərtə çevrilir. “Sən bunu yesən, bunu edərik” və yaxud “Sən mamaya qulaq assan, bu ola bilər” ifadələri artıq şərt deməkdir. Uşağa etməli olduqlarının xeyrini başa salmaq lazımdır. Onda uşağın dünyagörüşü, söz lüğəti zənginləşir. Şərtlə tərbiyə prosesində isə uşağın şüuraltısında formalaşır ki, hər şeyi şərtlə etmək lazımdır. Bundan sonra uşaq şərtsiz heç nə etmir”.
 
Yuxudan əvvəl nağıl
 
Nağılları uşaq yuxuya getməzdən öncə danışmaq bir adətə çevrilib. Mütəxəssis bildirib ki, nağıl uşaqlar üçün hər zaman maraqlıdır. Amma nağılları, bir var, kitabdan oxumaq, bir də var, danışmaq. Uşaqlar üçün onlara nağılı danışanda daha xoş olur. Əsasən də nağılları uşaq gecə yatmazdan əvvəl danışanda bir rejimə çevrilir. Artıq uşaq vaxtı-vaxtında yatmaq rejimini bilir. Yatmağa ağlayaraq, qışqıraraq getmir.
 
Müsahibimin fikrincə, son zamanlar uşaqlar yatmaq istəmirlər: “Uzun müddət – gecə saat 11-ə, 1-ə qədər oyaq qalan uşaqlar var. Bu rejimsizlikdir. Amma yatmazdan əvvəl 10-15 dəqiqə uşaqla oynayıb, yatmaq saatını yaxşı proses kimi ona yansıtmaq və sonra ona mükafat olaraq nağıl danışmaq bu problemi aradan qaldırar.
 
Uşaq bilir ki, yerinə girəndə anası ona mükafat olaraq nağıl danışacaq. Bu onda motivasiya yaradır. Ana nağılı danışıb otağı tərk edəndən sonra uşaq gözəl əhval-ruhiyyədə yatmağa başlayır. O, sanki özünü nağıllar aləmində hiss edir. Uşağa bu ab-havanı yaratmaq lazımdır. Bu davranış modeli həm ananın uşağa qayğısını gözəl şəkildə göstərir, həm uşaq anasından məmnun olur.
 
Uşaqda rejim formalaşır ki, məsələn, “Mən bu saatda yatacağam, anam da mənə nağıl danışacaq”. Həm də nağılda gözəl bir şeylər danışılırsa, bu öz təsirini tərbiyədə göstərir. Hər axşam yatmayan uşaqlar belə, yatmaq vaxtlarını güdəcəklər ki, “Mama bizə nağıl danışacaq”.
 
Uşaq gecə saat 10-da yatağa gedəcəksə, 10-a 15 dəqiqə qalmış valideynlər uşağı yatmaq vaxtına hazırlamalıdırlar. Uşaq başa düşür ki, yatmaq prosesi çox maraqlı olur və sonunda onu mükafat gözləyir. Ona görə də həvəslə, yaxşı əhval-ruhiyyədə yatağa gedir”.
 
Nağıllarla improvizə
 
Rəşidovanın sözlərinə görə, bəzən valideynlər uşağı düzgün istiqamətləndirmək üçün nağıllara özlərindən əlavə və dəyişikliklər edirlər: “Nağıla əlavələri düzgün şəkildə etmək lazımdır. Uşağın davranışında düzgün hərəkətlər yoxdursa, yanlışlıqlara yol verirsə, orada onun üçün 3-cü şəxsin adından onu düzgün davranışa istiqamətləndirən əlavələr etmək olar. Amma nəzərə almaq lazımdır ki, uşaq müəyyən yaş dövründən sonra kitabı açıb nağıla əlavənin olduğunu, dəyişdirildiyini görsə, anasını yalan danışmış bir obraz kimi tanıyacaq. Fikirləşəcək ki, “Ana mənim üçün nağılı dəyişdirib, ona əlavələr edərək mənə yalan danışıb ki, mən düzəlim”. Bu, uşaqda xəyal qırıqlığı yarada bilər. Ona görə, nağıla əlavə edəndə belə, elə etmək lazımdır ki, qabarıq şəkildə olmasın. Necə varsa, elə oxunsun və valideyn də bununla öz sözünü nağılın məzmununda əridərək desin. Əks halda uşaq sabah bunu hiss edər və anasına qarşı güvəni sarsılar”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir