Ötən həftə “Gencaile.az” saytının “bilDİN” rubrikasında sizə dünyanın qədim və əsrarəngiz şəhərlərindən olan Romanın tarixini və bu məsələyə artan marağın səbəblərinin açıqlandığı yazının ilk hissəsini təqdim etmişdik. Bu dəfə isə bu mövzudakı yazının sonuncu hissəsini oxucularımıza çatdırırıq.
Pentaqram
Tarix boyu insanlıq düz bilərək aldanmış, düz bilərək aldatmış və nəticədə ağı qara, qaranı isə ağ kimi qəbul etməyə vərdiş etmişdir. Bu tarixi proseslər, rənglər bir-birini elə əvəz etmiş, aləm bir-birinə elə dəymişdir ki, insanlıq gerçəklik daltonikliyinə məruz qalmışdır.
Hələ eramızdan əvvəl insanlar müxtəlif işarə və simvollar yaradır, onlarla nələrisə ifadə edir və bu işarələr onların ictimai fəaliyyətindən, əqidə, inanc və düşüncələrindən xəbər verirdi. Həmin qədim işarələrdən biri də Qədim Yunanıstana aid olan pentaqramdır.
Çoxları pentaqram işarəsini qara qüvvələrin müəmmalı işarəsi kimi qəbul edir. Doğrudanmı onun şər qüvvələrlə bir əlaqəsi var? Pentaqram özündə nəyi simvolizə edir? Onu kimlər, nə zaman və hansı məqsədlər üçün yaratmışlar? Penta – qədim yunan dilində beş (5), qram isə xətt mənasını verir. Müasir dünyamızda pentaqramı məşhur edən onun satanizm (şeytanpərəstlik) ilə əlaqəli olmasıdır. Pentaqram təkcə adi həyatda deyil, bəlkə virtual aləmdə də özünə yer edib, bir çox kompüter oyunlarında da qara magiyanın əsas simvoluna çevrilib.
Müasir sehrbazlar pentaqramdan sehrin özünü qorumaq üçün istifadə edirlər. Bu halda o, dairənin içində qərar tutmalıdır. Bu, həm də şər qüvvələrin dairənin içərisində həbs olunmasına xidmət edir.
Pentaqram amuletindən adətən sehr və cadugərliklə məşğul olanlar istifadə edirlər. Və onların məqsədi bir çox hallarda özlərini şər qüvvələrdən qorumaq olur.
Tarixi
İlk pentaqramlar Qədim Yunanıstanda da deyil, Qədim Şumer ərazisində yerləşən Uruka şəhərinin xarabalıqlarında tapılıb. 3,5 min illik gil löhvələrdə çəkilən pentaqram hələ o vaxtlar Veneranın hərəkət dairəsini simvolizə edirdi. Pentaqrama həm də Qədim Misir heykəllərində rast gəlmək olur. Misirlilər pentaqram ilə əsasən ulduzları təsvir edərdilər. Burada və Qədim Babil ərazisində pentaqramdan qoruyucu nişanə kimi istifadə olunardı. Hətta Babil ərazisində pentaqramı qoruyucu işarə olaraq malın qorunması və xarab olmaması məqsədilə dükanların və anbarların qapılarına vurardılar. Qədim Babil ərazisində ondan həm də hakimiyyət simvolu kimi istifadə olunardı. Dövlət möhürü kimi tarixi eksponatlar bundan xəbər verir. Yəhudiliyə gəlincə, pentaqram özündə Musa peyğəmbərə (ə) göndərilən beş müqəddəs kitabı simvolizə edirdi. Xristianlıqda isə pentaqram İsa Məsihin (ə) (xristian inancına əsasən) bədənindəki beş yaradan xəbər verirdi (alnındakı tikanlar, iki əl və iki ayağındakı mıx yaraları).
Orta əsrlər
Orta əsrlərdə avropalılar pentoqramla ərəblərin əlyazmaları ilə tanış olurlar. Belə ki, burada pentoqram Süleyman peyğəmbərin möhürü kimi göstırilirdi.
Roma
Roma İmperatoru I Konstantin pentaqramı şəxsi möhürü edir. O, hesab edir ki, məhz onun köməyi ilə haqqa hidayət olub xristianlığı qəbul edə bilir.
Lakin pentaqramın işıqlanma dövrü inkvizisiya dövrü başlamaqla sona çatır. Min illərlə insanların inanc yeri olan və qoruyucu vasitə kimi qəbul edilən pentoqram inkvizisiya dövrü başlamaqla şər qüvvələrin işarəsinə çevrilir və ona “şeytanın ayağı” adı verilir.
XIX
XIX əsrdən etibarən pentaqram Taro kartlarının üzərində görünməyə başlayır və Kabbala (Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə “qəbul etmə, təhvil vermə” deməkdir) ilə əlaqələndirilir. Xristianlığın ilk illərində isə pentaqram xristianlığın simvolu kimi qəbul edilir. Hətta 1405-ci ildə ikona rəssamı Andrey Rublyov İsa Məsihi (ə) çevrilmiş pentaqram fonunda çəkir. Çevrilmiş pentaqramı hətta keçmiş Sovetlər birliyində verilən Qırmızı bayraq və ABŞ-ın fəxri ordenlərində də görmək olur.
Şeytanpərəstlik
Və nəhayət, 1854-1856-cı illərdə pentaqram fransız okkultist (müəmmalar haqqında elm. Gizli bilgilər anlamını verən okkultizm latın sözü olub “gizləmək”, “saxlamaq” mənasını verən “occulare” sözünün kökündən gələn “okkultus” (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir) və taroloqun (rəmzlər sistemi, 78 kartdan ibarət kahinlik aləti. XIV-XVI əsr orta əsrlərdə yaranıb, bu gün ondan əsasən sehrbazlar istifadə edirlər) Elivas Levi tərəfindən şeytan və şeytanpərəstliyin işarəsi kimi təqdim olunur.. Levi həm də bədəni insan bədəninə oxşar keçi başının alnında yerləşdirir və bununla o, insanın özünə qarşı çıxmalı olduğunu çatdırmaq istəyir. Beləcə, min illərlə insanların xeyir və şər qüvvələrin qoruyucusu kimi qəbul etdikləri simvol şeytanpərəstliyin işarəsinə çevrilir.
Nəhəng pentaqram
2013-cü ildə Google xəritə axtarış xidməti Qazaxıstan ərasində diametri 366 metr olan nəhəng pentaqram müəyyən edə bilir. Sonradan belə məlum olur ki, həmin pentaqram Sovetlər birliyi zamanı Qazaxıstan ərazisində yerləşən pioner düşərgəsinin yeridir.