Valideynlər uşaqlarında gözlənilməz davranışlar müşahidə etdikdə təbii olaraq narahatlıq keçirirlər. Qızınız oğlan kimi, oğlunuz isə qız uşağı kimi davranırsa, narahat olmağa səbəb var. Valideynlərin bəziləri cinsi şəxsiyyət pozuntusu yaşayan uşağını sərbəst buraxır, əksəriyyəti sərbəstliyini məhdudlaşdırmağa çalışır. Bəziləri isə uşağını cinsiyyət ayrı-seçkiliyi güdmədən böyütməyə çalışır. Bəs bunların hansı daha düzgün seçimdir? “Gencaile.az” Aile.lent.az-a istinadən bu barədə mütəxəssislərin araşdırmasını təqdim edir.
İlk növbədə buradan başlayaq ki, hələ hamiləlik vaxtı valideynlər körpənin cinsiyyətini öyrəndikdən sonra onun otağını hazırlamağa başlayırlar. Uşağın cinsiyyətini öyrənmək istəməyən valideynlər çox zaman uşaq otağını sarı və ya yaşıl tonlarda, yəni, həm qız, həm də oğlan uşağına uyğun olacaq rənglərdə boyayırlar. Lakin körpənin cinsiyyətini öyrəndikdə və qız olacağını bildikdə böyük ehtimalla otağı oyuncaqlar, geyimlərlə bəzəyirlər. Qız bir az böyüdükdən sonra ana onun üçün rol modeli olur. Hətta anası kimi makiyaj etməyə həvəslənir. Gəlinciklərlə oynayan zaman da ana roluna girir. Bəs yaxşı, bunların tam əksinin olduğunu görsəniz, nə edərsiniz? Qızınız böyüdükcə oğlan uşağı kimi davranmağa başlayır, uzun saçları sevmir, saçlarının qısa olmasını, don yerinə kişi paltarları geyinmək istəyir. Bu zaman dərhal çaxnaşmaya düşməyin. Lakin nəzərə alın ki, qızın oğlan, oğlanın qız kimi davranması cinsi şəxsiyyət pozuntusu adlanır.
Rol modelin əhəmiyyəti
Cinsi şəxsiyyət pozuntusu yaşayan uşaqları çox sıxmadan doğru davranış formalarına yönəltmək lazımdır. Buna görə rol modelin əhəmiyyəti böyükdür. Nə qədər təhsilli və müasir fikirli valideyn olsanız da, qız uşaqlarının körpələrə, kişi uşaqlarının da avtomobillərə maraq duyacağına siz də təbii baxırsınız. Cinsi şəxsiyyət pozuntusu yaşayan uşaqların davranışları, sevdikləri və sevmədikləri oyuncaqlar və xarakterləri hər iki cins üçün də uyğun olmaya bilər.
Mütəxəssislərə görə, oğlan uşaqlarının qız kimi geyinmək istəməsi, yaxud qız uşaqlarının kişi geyimlərinə və oyuncaqlarına həvəsli olması 4-6 yaş arasında daha çox müşahidə edilir. Əhəmiyyətli olan məqam belə bir vəziyyətlə qarşı-qarşıya gəldiyiniz zaman uşağınıza qarşı necə davranacağınızdır. Uşaqlar bu yaş aralığında cinsiyyətə bağlı rolların məzmunları ilə maraqlanırlar. Uşaq valideynlərinə baxaraq, kişi və qadının cəmiyyətdə nələr etdiyinə və necə davrandığına diqqət göstərməyə başlayır. Bu vəziyyət şəxsiyyətin inkişafı ilə birlikdə fərdi seçimlərdə də əhəmiyyətli rol oynayır. Uşaqlar bu dövrdə model olaraq götürdükləri valideynləri kimi davranmağa çalışdıqlarından kişini, yoxsa qadını model kimi seçməsi əhəmiyyət daşıyır.
İdarəli azadlıq
Türkiyəli psixoloq Emre Altınel bildirir ki, valideynlər uşaqlarında gözlənilməz davranışlar gördükləri zaman təbii olaraq narahatlıq keçirirlər. Lakin unutmaq olmaz ki, bu, əks cinsin davranışlarından yalnız bir neçəsini göstərən hər bir uşağın cinsi şəxsiyyət pozuntusu yaşaması mənasını vermir: “Ana və ata bu cür davranışlar göstərən uşaqlara tənqid edərək, əsəbləşərək, qüruruna toxunacaq sözlər söyləyərək yanaşmamalıdırlar. Uşağı cəzalandırmaq əvəzinə ona öz cinsiyyətinə uyğun olan materiallar və davranış nümunələri təqdim edərək, problemin öhdəsindən gəlməyə çalışmaq lazımdır. Valideynlərin göstərdiyi davranışlar müsbət nəticələnməyə başladıqda uşağı mükafatlandırmaq də əhəmiyyətlidir”.
Cinsi şəxsiyyət pozuntusundan qaynaqlanan arzuedilməz davranışlara əhəmiyyət verməmək də bəzən işə yarayır. Qız uşağının anası, oğlanın isə atasıyla öz cinsiyyətinə xas hərəkətlər etməsi müsbət göstəricidir. Uşaqların öz cinsiyyətinə uyğun olmayan davranışlarından imtina etməsi üçün eyni cinsdən olan böyüklərlə davamlı vaxt keçirməsi üçün şərait yaratmaq da çox zaman düşünülənin əksinə, yararlı olmur: “Uşağınız qarşı cinsin paltarlarını geyinmək üçün inad edirsə, uyğun geyinmə və davranış yollarını ona müsbət bir dillə təqdim etmək və onu təşviq etmək lazımdır. Ən əhəmiyyətli məqam isə qürurunu incitməməkdir. Xüsusilə uşağıyla eyni cinsdən olan valideynlər bu vəziyyətə daha həssas yanaşmalıdır. Uşağın valideynlərindən aldığı mənfi mühakimə öz cinsiyyətinə dair müsbət fikirlərin yaranmasını çətinləşdirir. Çünki uşaq valideynlərinin ona verdiyi şərhlər və ifadələrlə böyüyür. Şəxsiyyət xüsusiyyətləri də belə çoxalır. Uşağa uyğun olan paltarları birlikdə seçmək və geyindikdə tərifləmək lazımdır. Arzuedilməz paltarları ortalıqdan yığışdırmaq isə bu müddətdə yaxşı çıxış yoludur”.
Bu nümunə bəlkə də sizi təəccübləndirəcək. Bütün dünyanın tanıdığı məşhur cütlük Ancelina Coli və Bred Pittin qızı Shilohin oğlan uşağı kimi qısa kəsilmiş sarı saçları var və oğlan geyimləri geyinir. Hətta bir müddət əvvəl başında oğlan papağı, boynunda qalstuk olan Shilohun valideynləri bu vəziyyətdən çaxnaşmaya düşmədi. Əksinə, kiçik qızları nə istəyirsə, onu etdi. Hətta bir müddət əvvəl Ancelina Coli mağazanın oğlan uşaqları üçün olan hissəsində qızına geyim seçərkən fotokameralara tuş gəlib. Shilohun bu halı rəftarları və geyim xaricində də özünü göstərir. Son vaxtlar bu qız “Shiloh” adı əvəzinə “John” olaraq çağırılmasını istəyir. Hətta “Shiloh” deyə səsləndikdə reaksiya vermir. Atası Bred Pitt isə deyir ki, qızlarının adının John olması istəməsinin səbəbi “Peter Pan” cizgi filmindəki ən sevdiyi John xarakterindən qaynaqlanır.
Lakin türkiyəli mütəxəssis E. Altınel bildirir ki, valideynlərin uşağın öz cinsiyyətinə yad davranmasına laqeyd yanaşması düzgün deyil. Cinsi şəxsiyyət pozuntusu yaşayan uşaqların bir çoxunun böyüdükləri zaman cinsi orqanlarının da dəyişiləcəyinə inanmaları vəziyyəti daha da ciddiləşdirir. Buna görə də uşaq öz cinsiyyətinə uyğun şəkildə yönləndirilməlidir və məşhur cütlüyün etdiyi kimi, birbaşa təsirlə normaldan kənara itələnməməlidir.