iranli

“Bizdə xanımdan icazəsiz heç bir iş görə bilməzsən”

Baxış sayı: 1. 929

Deyir ki, aramızda sadəcə sudan sərhəd var. Azərbaycana ilk dəfə gələndə elə bilir ki, öz ailəsinin içindədir. Çünki dinimiz, dilimiz, adət-ənənələrimiz birdir. Müsahibimiz İran vətəndaşı Şahin Fərcam 6 ildir, Azərbaycanla tanışdır. Əvvəlcə iş üçün ölkəmizə gələn Şahin iki ildir ki, tələbədir. Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi fakültəsində bakalavr pilləsində təhsil alır. İranda isə biznes idarəçiliyi üzrə ali təhsil alıb.

“Bu qədər yaxın olduğumuzu bilmirdim”

Müsahibimiz deyir ki, Azərbaycanda özünü sərbəst, rahat hiss edir. Buranı öz vətəni sayır: “Azərbaycana ilk dəfə gələndə öz ölkəm, doğulduğum yer bir yana qalsın, elə bilirdim öz ailəmin içindəyəm. Çünki dinimiz, dilimiz, adət-ənənələrimiz birdir. Bizim aramızda, sadəcə, sudan sərhəd var. Doğrusu, buraya ilk gəlişimizdə bu qədər yaxın olduğumuzu bilmirdim. İran sərhədini keçib başqa ölkəyə gedəndə bədənimdə ağrı hiss edirəm. Amma Azərbaycana gələndə özümü psixoloji cəhətdən çox rahat, sərbəst hiss edirəm”.
Azərbaycanda bəyənmədiyi tək məsələ kişilərin küçədə, parklarda, ümumiyyətlə, ictimai yerlərdə siqaret çəkmələridir: “İranda ictimai yerlərdə kiminsə siqaret çəkdiyini qətiyyən görə bilməzsən”.

Günortaya da, axşama da düyü

Hansısa xarici ölkəyə gedəndə, adətən yerli yeməklərə öyrəşməkdə çətinlik çəkirsən. Şahin isə belə bir problem yaşamayıb: “Azərbaycanın milli mətbəxində demək olar, bütün yeməkləri bəyənirəm. Ancaq kababın başqa yeri var. Təxminən 10  ölkədə olmuşam. Heç bir ölkənin yeməyi Azərbaycan milli mətbəxinin yerini vermir. Azərbaycan mətbəxi tam fərqlidir, gözəldir”.
İranda düyünün çox yeyildiyini deyən müsahibimiz günorta da, axşam da bütün yeməklərin yanında mütləq düyü olduğunu deyir: “Bizdə düyü çörəyin əvəzinə yeyilir”.

“İranda oxumağa məcbursan”

Şahinlə təhsil sistemlərimiz arasındakı fərqlərdən də danışdıq. O, Azərbaycandan fərqli olaraq, İranda hüquq, iqtisadiyyat fakültələrinin prestijli sayılmadığını deyir: “Bizdə hər kəs hüququ, iqtisadiyyatı, sadə siyasəti bilməlidir. Əgər bunlardan başı çıxmırsa, həyatında nələrsə düz getməyəcək. Hüququnu bilməsə, harada necə davranmaq lazım olduğundan xəbərsiz olacaq, iqtisadiyyatı bilməsə, ailə büdcəsini tənzimləyə bilməyəcək. Yəni sözügedən ixtisaslara o qədər də maraq yoxdur, bu ixtisasları sadəcə, diplom almaq xatirinə oxuyurlar. İranda tibb, riyaziyyat, mühəndislik dəbdədir”.
Şahinin sözlərinə görə, iki ölkə arasında təhsil sistemi də tam fərqlidir: “Bizdə şah zamanından Avropadan götürülmüş dərs sistemi işləyir. Sizdə isə Boloniya sistemi. Sizdə tələbələr arasında köçürmə də geniş yayılıb, tələbələr dərsi, imtahanları yola verməyi sevirlər. İranda oxumağa məcbursan, yəni başqa çıxış yolun yoxdur”.

“Bizdə qadınla kişi bərabərhüquqludur”

İslam ölkəsi olaraq İranda ailəyə baxış bizimkindən fərqlidir: “Çox eşidirəm ki, başqa ölkələrdə belə düşüncə var ki, İranda qadınlar başlarını bağladıqlarından onların hüquqları yoxdur. Əslində isə görüntü hər şey demək deyil. Bizdə qadınla kişi bərabər hüquqludur. Hətta adi misal çəkim. Yemək bişirməkdə, qab-qaşıq yumaqda, ev təmizləməkdə, uşağı saxlamaqda  belə bərabərdirlər. Ola bilər ki, qadının işləməyə həvəsi, halı yoxdur, bu zaman kişi mütləq ona kömək etməlidir. Bu, bizdə normal sayılır. Əksinə, hansısa kişi bunları etməsə, cəmiyyətdə ona pis baxarlar. Məntiqlə yanaşsaq, əgər biz ailəyiksə, hər şeyimiz bərabər olmalıdır, kişi-qadın söhbəti olmamalıdır. İranda ailəyə çox dəyər verilir. Əgər kişinin iş saatı bitibsə, ailəsinin yanında olmalıdır. İşdən çıxandan sonra zamanım qalırsa, ailəmə yetişməli, ailəmi gəzdirməliyəm. Başqa yerlərdə bilmirəm, amma bizdə ola bilməz ki, kişi işdən çıxıb təkcə, yaxud dostlarıyla gedib haradasa əylənsin. Bizdə hər şey bərabərdir. Hətta bir iş görmək istəsələr, birlikdə qərar verirlər. Çünki xanımın da ailə ilə bağlı işlərdə haqqı var. Təkbaşına düzgün qərar verməyib çətinliyə düşsəm, istər-istəməz xanımımı da çətinliyə salacam. Bizdə xanımından icazəsiz heç bir iş görə bilməzsən”.

“Birinci xanım icazə verməsə, kəbinlə evlənmək mümkün deyil”

Şahin deyir ki, bu cür gözəl qaydaları olduğu halda, Azərbaycanda, yaxud başqa ölkələrdə olanda eşidirəm ki, guya İranda 2-3 arvad ala bilərsən: “Xanımından xəbərsiz qəti belə bir iş görə bilməzsən. Birinci xanım notariusda icazə verməlidir ki, “mənim problemim var”, “uşağım olmur” və s. Bu icazə olmadan kişi ikinci arvad ala bilməz. Əgər birinci xanımından gizli kəbinli arvad alsa, qanunla ona iş düşür”.
Şahin deyir ki, bəzən qadın həyat yoldaşının evlənməsinə icazə verir: “Əgər qadın xəstədirsə, övladı olmursa və digər səbəblərdən həyat yoldaşının ikinci evliliyinə notariusda razılıq verir. Çünki həyat yoldaşını itirmək istəmir. Bu zaman xanımın ikisi də öz istəklərindən asılı olaraq, ya eyni dam altda, ya da ayrı-ayrı evlərdə yaşayırlar. Amma qadın ikinci evliliyə razı deyilsə, bu zaman kişi boşanıb digər xanımla kəbinlə ailə həyatı qura bilər. Boşanması üçün isə gərək məhkəmədə dəlil gətirsin. Əgər dəlil gətirə bilsə, kəbin kağızında, boşandığı təqdirdə kişinin xanıma almalı olduğu əşyaları almaya bilər. Əgər yaxşı dəlili yoxdursa, kəbin kəsilərkən nə yazılıbsa, hamısını xanımına ödəməlidir. Məsələn, kəbin kağızında yazılır ki, “əgər mən bu xanımı dəlilsiz boşasam, ona filan qədər qızıl, pul verməliyəm. Çünki mən onun həyatı ilə oynamışam”. Amma bəzən tərəflər razılaşır və kəbin kağızındakıları ödəməyə ehtiyac qalmır”.
Ailədən söz düşmüşkən, Şahinin burada gözaltısı da var: “Çox istərdim ki, azərbaycanlı qızla ailə qurum. Qismət”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir