Tolerantlıq haqqında yazımıza gələn şərhlərin içərisində bir fikir orjinallığı ilə diqqətimi cəlb etdi: “Cahilliyə qarşı tolerantlıq olmaz”. Yadıma “Nəsimi” filmi düşdü. Filmdə Fəzlullah Nəimidən soruşurlar: “Ustad, dünyada ən pis şey nədir?”. Cavab verir ki, “nadanlıq”. Doğrudan da cəmiyyətdə neqativ nə baş verirsə, bilməzlikdən və cahillikdən baş verir.
İnsanın özünü ifadə şəkli nitq və yazıdır. İnsan öz kamilliyini də, cahilliyini də danışığı və yazısı ilə göstərir. Ötən yazımızda dedik ki, mədəni olmaq insana həmişə artıq bir xal qazandırır. Məncə bir digər xal da savadlı nitq və yazı ilə qazanılır. Keçdiyimiz həftə 700 bal toplayan bir abituriyentin özünü ifadə etməkdə çətinlik çəkdiyi video sosial mediada müzakirə mövzusu oldu. Gəncin məsxərəyə qoyulmasına etiraz edib, əldə etdiyi nailiyyətin bu qüsurun önünə keçdiyini qeyd edənlərin fikrinə qarşı çıxmaq mümkün deyil, əlbəttə. Amma bir də səlis danışıq qabiliyyəti olsa, necə də gözə xoş gələrdi, deyilmi?!
Orta məktəbdə bir müəlliməmiz belə demişdi: “Əgər kimsə fikrini izah edə bilmirsə, deməli, fikir özü aydın deyil”. O vaxtlar razılaşmadığım bu cümlənin zamanla müşahidələrimlə doğru olduğunu özümə sübut etdim. Gəlin, söz deməmişdən qabaq fikrimizi aydınlaşdıraq. Nə istədiyimizi, nə demək istədiyimizi özümüzdən soruşaq. Cababını sadələşdirək, budaq cümlələrini sadə cümlələrə bölüb, dilə gətirək.
Televiziyada futbol matçını təqdim edən aparıcının “ki”lərlə, “və”lərlə budaqlanan, ərəb sözləri ilə “zəngin”ləşən və sonu heç cür gəlməyən cümlələr qurmağına nə ehtiyac var axı?! Məgər belə demək olmaz: “futbolçunun adı, zərbə, qol”?!
Eyni sadə danışığı hər insan, hər peşə sahibi öz nitqinə tətbiq edə bilər.
Bir də parazit sözlər var, “deməli” kimi, onlardan qurtulmaq əla olar.
Hə, yeri gəlmişkən, “da” və “də”nin harda ayrı, harda bitişik yazıldığını hiss etmək o qədər də çətin deyil məncə. Hərdən mənə elə gəlir ki, səhvlərimizin çoxu bilməməzlikdən yox, tənbəllikdən baş verir. Yəni başımızı işlətməyə həvəsimiz olmur sanki. Necə deyərlər, “bilmirəm” yoxdu, “istəmirəm” var.
Məgər küçə adlarını yadda saxlamaq market və şadlıq evlərinin adlarından daha çətindir?! Məgər Füzulinin heykəli və ya dram teatrının yanı deməkdənsə, filan restoranın, filan marketin yanı demək daha asandır? Yoxsa insanlar artıq heykəlləri ve teatrları görmür?! Yoxsa artıq mənəvi qidaya ehtiyacımız yoxdu, ancaq qarnımızı düşünürük?!
Gəlin, sadə olaq, sadə danışaq. Öz dilimizdə danışaq, savadlı danışaq.
Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Gününüz mübarək, Azərbaycan dilində yazanlar və danışanlar!
Hamıya aydın fikir, bitmiş cümlələr arzusu ilə.
Rəşad Sultan