Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində 208 baxımsız küçə uşağı müəyyən edilib. Sorğuya əsasən onlardan 94-nün ailəsi olub. Bununla yanaşı 61 faizinin hər iki valideyni, təxminən, üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Küçə uşaqlarının ailələrinin 90 faizində, özləri də daxil olmaqla, orta hesabla 18 yaşına çatmayan 2 uşaq olub.
Küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemləridir. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir.
Sorğuya əsasən küçə uşaqlarının 80 faizinin ailəsi ölkənin regionlarında, əsasən də Yevlax, Bərdə, Ağdaş və Ağsu rayonlarında yaşayırlar. Ümumiyyətlə isə qeyri-rəsmi statistikaya görə, ölkədə 2000-dən artıq küçə uşağı var.
Sosioloq Əhməd Mənsurovun sözlərinə görə, həyat şəraiti elə gətirir ki, uşaqlar küçədə qalmalı olurlar. Bunun da səbəbkarı valideynlər və uşaqlara nəzarət sistemində olan boşluqlardır: “Kimisinin ailəsində problem yaranır, kimisi internatı bitirdikdən sonra küçələrdə qalmalı olur. Küçələrdə qalan uşaq özünü dolandırmaq üçün müxtəlif qruplara qoşulur. Eyni zamanda, cinayətlərə cəlb olunur. Belə uşaqların əksəriyyəti toksikomaniyaya qurşanırlar. Toksikomaniya, narkomaniya, kriminala qoşulmaqdan əlavə zərərli dərman preparatlarından da istifadə edirlər. Tramol, trapen kimi dərmanları küçə uşaqları beynin dumanlandırılması məqsədilə istifadə edirlər. Yəni küçə uşaqları birbaşa zərərli vərdişlərə meylli olurlar”.
Müsahibimiz bildirir ki, küçə uşaqları iki qrupa bölünür. Küçədə yaşayan, valideyn himayəsindən məhrum olan küçə uşaqları və valideynləri olan, onlarla qalan küçə uşaqları. İkinci qrup uşaqlara nəzarətsiz uşaqlar deyilir. Yəni valideyni, himayəçisi olan, amma nəzarətdən kənar qalmış uşaqlar.
Ə.Mənsurovun bildirdiyinə görə, nəzarətsiz qalan uşaqlar çox zaman təhsildən yayınır, işləməyə başlayırlar. Bəzən isə uşaqlar imkansızlıq üzündən küçəyə düşürlər. Yəni uşaq ailədə olan çətin vəziyyəti görüb küçəyə meyl edir. Belə uşaqlar özlərindən böyük olan şəxslərə qoşulub başqa yollara düşürlər.
Ailədə münaqişə varsa, ailə problemli ailədirsə, bununla xüsusi qurum məşğul olmalı və uşaqlara xüsusi nəzarət olmalıdır. Sosioloq bildirir ki, ölkədə küçə uşaqlarına qarşı görülən tədbirlər yalnız hüquq mühafizə orqanları tərəfindən həyata keçirilir: “Polis uşağı tutur, aparır bölməyə, başlayır danışmağa ki, küçəyə çıxma, səni tutaram və s. 2-3 dəfə bu hal təkrarlanır. Sonra uşaq buna da alışır və fəxr etməyə başlayır ki, mən bölməyə düşmüşəm. Bu da uşaqları kriminala meylləndirir. Düşünürəm ki, polis müdaxiləsi həll yolu deyil. Uşaqların küçələrə düşməsinin qarşısını almaq üçün xüsusi sığınacaqlar tikmək lazımdır. Həmin uşaqlara sığınacaqlarda da xüsusi nəzarət olmalıdır”.
Həmsöhbətimiz deyir ki, uşaqlar üçün kiçik qrup evləri tikmək, onları təhsilə yönləndirmək olar. Onun fikrincə, bu uşaqların əsas problemləri təhsil, sağlamlıq, zərərli vərdişlər və hüquqi bilgilərinin olmamasıdır. “Buna görə də uşaqlar daha çox qanunu pozmağa meylli olur”.
Mansurov qeyd edir ki, bu gün küçə uşaqlarının qarşısı alınmasa, onlar gələcək üçün təhlükəyə çevriləcək. “Və biz uşaqlarımızı küçələrdə beləcə itirəcəyik”.
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, küçəyə atılmış uşaqlar bu gün cəmiyyətin ən böyük problemlərindən biridir. Bu gün hər kəs bu problemin həlli üçün əlindən gələni əsirgəməməlidir: “Çünki nəzarətsiz qalmış bu uşaqlar bu gün və gələcəkdə potensial təhlükə mənbəyidir. Bu gün dünyada baş verən terror və başqa bu kimi hadisələrdə ən çox istifadə edilən şəxslər küçədə böyümüş, nəzarətsiz qalmış uşaqlardır. Orqan alverçilərinin də əsas hədəfinə çevrilən bu uşaqlar dövlət ve qeyri-dövlət orqanları tərəfindən tam nəzarətə götürülməlidir. Baxmayaraq ki, ölkədə kimsəsiz uşaqlarla bağlı tədbirlər görülməkdədir, amma yenə də yetərsiz qalır”.
Hüquqşünasın bildirdiyinə görə, küçə uşaqlarıyla söhbət edərkən onlar ailədə olan problemlərdən, valideynlərin birinin boşanmasından və yaxud istənilməyən uşaq elan edildiklərindən evlərini tərk edib küçələrə üz tutduqlarını deyirlər: “Uşaq beyni ağ səhifədir. Ora nə yazsan, onu oxuyacaq. Ailədə hər iki valideyn uşaqlarının tərbiyəsi və təhsili üçün məsuliyyət daşıyır. Bu kimi hallarda ən böyük rolu ictimai qınaq oynayır. Daha çox küçə həyatına məruz qalmış uşaqlar nəzarətsiz qaldığı üçün onların hüquqlarının pozulması hallarına rast gəlinir”.
Müsahibimiz bildirir ki, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu qəbul olunub. “Uşaq hüquqları haqqında” qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.