klinika

Toylarda kütləvi zəhərlənmələr niyə olur? – ARAŞDIRMA

Baxış sayı: 1. 782

Son zamanlar toy mərasimlərində kütləvi qida zəhərlənmələri halı tez-tez baş verir. Havaların isti keçməsi və qidaların düzgün şəraitdə saxlanılmaması onların tərkibini dəyişir və bu da zəhərlənməyə səbəb olur. Bəs qidalar hansı şəraitdə saxlanılmalıdır ki, zəhərlənmə baş verməsin?

Respublika Gigiyena və Epidemiologiya mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayevin sözlərinə görə, qida zəhərlənmələri adətən yay aylarında müşahidə olunur: “Qida zəhərlənməsinin qarşısını almaq üçün ilk növbədə qidaların saxlanma rejiminə riayət etməli, mikrobların öldürülməsi məqsədilə termik emal həyata keçirilməli, antisanitariya hökm sürən yerlərdən qida alınmamalıdır. İnsanlar gigiyena qaydalarına ciddi riayət etməlidirlər”.

İ.Abdullayev bildirib ki, xüsusən yay aylarında qida zəhərlənmələri əsasən qidanın saxlanmasına ciddi yanaşılmadığı halda baş verir. “Belə ki, qidanın saxlanma rejiminə düzgün əməl olunmadığı təqdirdə bakterial çirklənmə olur. Bu zaman qidanın tərkibində toksinlər yaranır ki, o maddələr orqanizmə keçəndə zəhərlənmə halları baş verir. Çox vaxt ziyafətlərdə, şənliklərdə hazırlanan qidalar qəbul olunarkən belə zəhərlənmələr olur”.

Şöbə rəhbəri hesab edir ki, qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Onun sözlərinə görə, yaxşı konservləşdirilməmiş qidalardan baş verən zəhərlənmə ən təhlükəli zəhərlənmədir. Bu hətta ölümlə nəticələnə bilər.  Belə zəhərlənmələrdə əsas əlamətlər özünü 24 saatdan sonra göstərir.

“Ən təhlükəli zəhərlənmə botulizmdir. Buna çox vaxt ev şəraitində rast gəlinir. Bunun, həmçinin istənilən qida zəhərlənməsinin qarşısını almaq üçün gigiyena şərtləri gözlənilməlidir. Məsələn, qida mütləq 5 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Yaxud əgər qızırdılımış qida soyudulubsa, sonradan təkrar qəbulu zamanı qaynama temperaturuna qədər qızdırılmalıdır. Qidada temperatur rejiminə riayət olunmadığı halda, ümumiyyətlə, gigiyena qaydaları pozulanda zəhərlənmələr qaçılmazdır. Bunun üçün də maariflənmə aparılmaldır”, – deyə İmran Abdullayev vurğulayıb.

Qeyd edək ki, 2016-cı ilin 7 ayı ərzində respublika ərazisində 396 qida zəhərlənməsi qeydə alınıb. Qida zəhərlənməsi nəticəsində 502 nəfər zərər çəkib, 1 nəfər botulizmdən ölüb.

Yay aylarında qidaların daha tez sıradan çıxıb zəhərlənməyə səbəb olduğunu deyən mərkəzin rəhbəri qidanın tez bişirilib, tez bitməli olduğunu bildirir. Dediyinə görə, qida soyuducuda saxlanmalıdır: “Bəzən yeməyi bir az isidib yeyirlər. Buna yol vermək olmaz. Qida təkrar qızdırılmalıdır. İstilik yeməyin içinə keçməlidir” deyən Abdullayev hesab edir ki, məişətdə baş verən qida zəhərlənmələrinin 99 faizi qida hazırlanması zamanı gigiyenik qaydalara əməl olunmaması və köhnə qidalardır.

Aşpaz Nailə İbrahimova da bildirir ki, qida zəhərlənmələri daha çox yay aylarında baş verir. Çünki isti fəsildə qida tez sıradan çıxır, keyfiyyətini itirir və toksunlər meydana gəlir: “Ümumiyyətlə, qidalar 5 dərəcədən aşağı temperaturda saxlanılmalı olsa da, təəssüf olsun ki, insanlar buna bir qədər laqeyd yanaşırlar. Xüsusən də kütləvi tədbirlərdə daha diqqətli olmaq lazımdır. Çünki bu tədbirlərdə çox adam iştirak edir və qidaların zəhərli olması kütləvi zəhərlənməyə səbəb ola bilir”.

Onun bildirdiyinə görə, toylarda zəhərlənməyə əsasən soyuq qəlyanaltılar, salatlar, tutmalar səbəb ola bilər. Çünki bu qidalar qəbul edilən zaman isidilmir: “Paytaxt”, “şuba”, “mimoza” salatları bütün şadlıq saraylarının menyusunda var.  Amma çox yerdə salatların hazırlanma və saxlanma şəraitinə diqqət yetirilmir. Bəzən keyfiyyətini itirmiş məhsullardan  istifadə də olunur. Salatlar hazırlandıqdan sonra ya soyuducuda saxlanılmır, ya da ət, toyuq məhsulları ilə bir yerdə soyuducuya qoyulur. Bu da salatların tərkibinə öz təsirini göstərir”,- deyən müsahibimiz bildirir ki, salatlar mərasimdən 1 saat öncə hazırlanmalı və salata aid olan məhsullarla bir soyuducuda saxlanmalıdır. Əgər salat ağzıaçıq şəraitdə ət məhsulu ilə bir soyuducuda saxlanılsa, bu, zəhərlənməyə səbəb ola bilər.

N.İbrahimova onu da bildirib ki, bəzən isti yeməklərdən və ya meyvə şirələrindən də zəhərlənmə baş verə bilər: “Əgər isti yemək keyfiyyətini itirmiş ət məhsulundan hazırlanıbsa, bu, mütləq zəhərlənmə verəcək. Meyvə şirəsi tərkibini dəyişibsə, son istifadə müddəti keçibsə və ya istifadə müddətinin keçməsinə bir ay qalıbsa və düzgün şəraitdə saxlanmayıbsa, bu da zəhərlənməyə səbəb olacaq”.

Onun sözlərinə görə, yay aylarında toy və ya hər hansı mərasim keçirən şəxslər öncədən mərasimin keçirildiyi  məkana gedib oranın mətbəxi, ərzaqların saxlanma şəraiti ilə yaxından tanış olmalıdırlar: “Bəzən insanlarımız buna çox laqeyd yanaşır. Hesab edirlər ki, əgər menyunun haqqını verirəmsə, bunun məsuliyyətini şadlıq sarayı və ya mərasim keçirilən məkan daşıyır. Tutaq ki, hüquqi baxımdan məsuliyyət məkanındır, bəs mənəvi cəhətdən? Kiminsə toyunda kimsə zəhərlənib dünyasını dəyişsə, toy sahibi özünü necə hiss edər?”

İbrahimova qeyd edir ki, bəzi şadlıq saraylarında öncəki gündən, hətta 2-3 gündən qalma salatlardan, yeməklərdən yeni yeməklərə qatırlar. “Təbii ki, bu da öz növbəsində zəhərlənməyə səbəb olur. Mən təklif edərdim ki, hansı şadlıq sarayında kütləvi zəhərlənmə qeydə alınırsa, aidiyyəti orqanlar həmin məkanı aylarla nəzarətdə saxlasın və məsuliyyətli şəxslər cəzalandırılsın. İnsanlar özləri də diqqətli olsunlar. Evdə yemək hazırlayarkən, çöldəki istini də nəzərə alsınlar”.

(Ekspress.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir