yemek

Uşağın məktəb çantasına hansı qidaları qoyaq? – Valideynlər oxusun!

Baxış sayı: 1. 691

Yeni təhsil ili başladı. Tətil zamanı övladlarını nizamlı qidalandıran valideynlərin çoxu məktəb açıldıqdan sonra bu nizamın pozulacağından qorxur. Övladlarının qayğısına qalan əksər valideynlər məktəbli çantasına dərsliklərlə bərabər yüngül qidalar da əlavə edir. “Gencaile.az” Aile.lent.az-a istinadən uşaqların sağlam qidalanması ilə bağlı valideynlərə bir neçə məsləhət verir.

Sağlam qidalanma vərdişi uşaqlarda məktəb vaxtlarından başlayır. Əziz valideynlər, övladlarınızda sağlam qidalanma vərdişini məktəb çantası vasitəsilə təlqin edin. Uşaqlarınızın məktəbli çantasına əlavə etmək üçün bir neçə qidalanma menyusu nümunəsi ilə tanış olmaq vaxtıdır. Şagirdlər məktəbdə hansı qidaları yeməlidirlər? Sağlam qidalanma çantasında nələr olmalıdır? Bu sualların cavabını tapacaqsınız.

İlk növbədə səhər yeməyi təxirə salınmamalıdır! Uşaqlarda qidalanma vərdişi məktəb illərində başlayır və həyatları boyunca bu vərdişlərin təsirləri davam edir. Yeniyetmələrin də, uşaqların da sağlamlığı üçün səhər yeməyinin çox böyük əhəmiyyəti var. İnsanlar 8-12 saatlıq yuxudan sonra uzun müddət ac qalır. Səhər yeməyi yuxudan sonra gün boyu qidalanmanın başlanğıcıdır. Yaxşı səhər yeməyi beyin funksiyalarının daha yaxşı işləməsini təmin edir.

Yumurta – bədən üçün lazım olan təməl zülalları özündə birləşdirən qidadır. Uşaqlara hər gün səhər yeməyində 1 dənə qaynadılmış və ya az yağlı qayğanaq verilməsi zülal ehtiyacının ödənməsinə kömək edər. Yumurta ilə yanaşı pendir və süd də zülal ehtiyacını təmin edir. Çörək, meyvə və az şəkərli qarğıdalı dənələri lazım olan karbohidratları, zeytun, badam, qoz kimi yağlı çərəzlər yağ ehtiyacını ödəyir.

Səhər yeməyindən sonra növbə çatır uşaqların qidalanma çantasına. Uşaqlar üçün qidalanma çantasını elə hazırlamaq lazımdır ki, onlar məktəbdə bol yağlı, mayonezli sendviçlər və ya zərərli qidaları üstün tutmasınlar.

1. Uşaqlar peraşki, blinçik, qoğal və buna oxşar asan yeyilə bilən qidaları çox sevirlər. Evdə hazırlanan az yağlı bu cür qidaların içərisinə boşqabda yeməyi sevmədikləri çərəzləri əlavə edərək içərisini daha dadlı və zəngin edə bilərsiniz. Yanına qoyacağınız kiçik kasada yoqurt, qatıq, smetan, övladınızın sevdiyi meyvə və ya az şəkərli meyvə suyu isə onların iştahını açacaqdır.

2. Tam taxıllı yeməkdən hazırlanmış pendirli tost, öz doğradığınız meyvələrdən hazırlanmış meyvəli qarışım və ya qatığın içərisinə doğranmış meyvə, yanında yağlı çərəzlər (badam, fındıq, qoz). Bu menyu da uşaqlar üçün iştahaçıcı ola bilər. Yağlı çərəzlər B qrup vitaminlər, minerallar, yağ və zülallarla zəngin qidalardır. Eyni zamanda yüksək miqdarda enerji verir. Əgər övladınız yumurta yeməyi sevmirsə, tostun içərisinə az yağda hazırlanmış qayğanaq da qoya bilərsiniz.

3. Tam taxıllı çörəyin arasına toyuq və ya ton balığı, zəngin göy-göyərti, pomidor qoyaraq dadlı sendviç hazırlaya bilərsiniz. Bunun yanına quru meyvə də əlavə edə bilərsiniz. Ayran isə övladınızda yeməyin yuxu gətirməsinə mane olacaq. Ayranın yerinə süddə hazırlanmış şirniyyatlar da ola bilər. Uşaqlar şirin qidalar yeməyi çox sevirlər. Məktəb yeməkxanasında satılan şokolad və tortlardan uzaq durmaları üçün onların qida çantasına ev şəraitində hazırlanmış şirniyyatlar da qoya bilərsiniz. Evdə hazırladığınız fındıqlı, qozlu keks, biskvit və başqa şirniyyatlar uşaqlar üçün əvəzedilməz qidalardır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir