hamile

Analıq məzuniyyətində olan qadınların hüquqları necə qorunur?

Baxış sayı: 4. 529

Dünyada işləyən qadınların cəmi 36 faizinin ödənişli analıq məzuniyyəti var. Və dünyada cəmi 28 faiz qadın “analıq hüququ məzuniyyəti” müavinəti alır. Beynəlxalq Əmək Təşkilatının hesabatında qeyd edilir ki, 108 ölkədə qanunvericilik yolu ilə uşaqlara xüsusi müavinət proqramları nəzərdə tutulur, lakin bundan əhalinin kiçik qrupu istifadə edir. Buna görə də 2008-2013-cü illərdə Avropa İttifaqında uşaqlar arasında yoxsulluq göstəricisi üzrə ölkələrin sayı 18-dən 28-ə çatıb.

Analıq məzuniyyətinin müddəti Rusiya və Tacikistanda hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət 140 gün, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynada müvafiq məzuniyyət 126 gündür.

Azərbaycanda da analıq məzuniyyəti 126 gündür. Bəs bu 126 gündən sonra analıq məzuniyyətində olan qadının hüquqları necə qorunur? Təəssüf ki, bu sahədə müəyyən problemlər  müşahidə edilir. Qadınlar analıq məzuniyyətindən sonra keçmiş iş yerlərinə qayıda bilməmək, iş yerinin və ya vəzifənin ixtisarı və s. bu kimi problemlərlə qarşılaşırlar. Bununla yanaşı bəzi analar məzuniyyət müavinətini ala bilmir və müxtəlif problemlərlər üzləşirlər.
Hüquqşünas Tağı Hüseynov  bildirir ki, Əmək Məcəlləsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyət  hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Onun dediyinə görə, kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) verilir: “Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır”.

Hüseynov bildirir ki, uşaq salmağa görə müavinət ümumi əsaslar üzrə verilir. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir: “2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, əmək müqaviləsi ləğv edilə bilməz. Əgər hər hansı bir qadın analıq məzuniyyətindən qayıtdıqdan sonra iş yerinə qəbul oluna bilmirsə, məhkəməyə müraciət edərək, öz hüquqlarını bərpa edə bilər”.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, bəzən qadınlar analıq məzuniyyətinə çıxdıqdan sonra, yenidən işinə qayıtmaq istədiyi zaman müəyyən problemlərlə qarşılaşır: “İşçi analıq məzuniyyətinə çıxdıqdan sonra onun yerinə başqa işçi götürülür. Analıq məzuniyyəti bitdikdən sonra isə qadın öz iş yerinə qayıda bilmir. Çünki rəhbərlik çox zaman onun yerinə götürdüyü işçini işdən çıxarmaq istəmir”.

Müsahibimiz qeyd edir ki, hər bir sahibkar və ya idarə rəhbərliyi analıq məzuniyyətinə çıxan şəxslərin yerinə  işçini müqavilə ilə götürülməlidir. Analıq məzuniyyətinə gedən şəxslərin yerinə “stajer”lər götürülməlidir: “Biz adətən məktəblərdə bu problemlə qarşılaşırıq ki, qadın analıq məzuniyyətinə gedir, qayıdanda yerinə artıq işçi götürülmüş olur. Bu zaman vətəndaş əmək müqaviləsi ilə işə götürüldüyü üçün öz hüquqlarının müdafiəsinə qalxa bilər”.
Sosioloqun dediyinə görə, Azərbaycanda analıq məzuniyyəti hüququndan istifadə edən çox az qadın var. Çünki qadınlar çox zaman işə girərkən əmək müqaviləsi tələb etmilər. Onlar ya xidmət müqaviləsi ilə işə qəbul edilirlər, ya da müqaviləsiz. Bu da hamiləlik dövründə qadınların analıq məzuniyyəti hüququndan istifadə etməsinə mane olur: “Bəzi qadınlar düşünürlər ki, uşaq dünyaya gətirdikdən sonra işləməyəcək, özünü ailəsinə həsr edəcək. Və o işdən analıq məzuniyyətinə çıxan zaman sonrakı dövrü düşünmür. Bəzən olur ki, ailə dağılır və qadın yenidən işə qayıtmalı olur. Buna görə də qadınlar analıq məzuniyyətinə çıxan zaman hər şeyi nəzərə almalıdırlar”.

İradə CƏLİL




1 şərh “Analıq məzuniyyətində olan qadınların hüquqları necə qorunur?

  1. Sevinc

    Salam necesiniz?Bes bilmek olar mi analiq mezuniyyeti bitdikden sonra muellime iwe qayidan vaxt onu kursa gondermek olar?Ve ya sertifikasiya imtahanina gondermek olar?Men bildiyim qederiyle Analiq mezuniyyetinden qayidanlari 1il erzinde ne kurslara nede imtahana gondermek olmaz.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir