2016-cı ilin 9 ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov bildirib.
Hər 3 uşaq xarici vətəndaşa ərə gedən azərbaycanlı xanımlar tərəfindən övladlığa götürülüb: “Xanımlardan biri Türkiyə vətəndaşı, ikincisi Rusiya vətəndaşı, üçüncüsü isə Böyük Britaniya vətəndaşı ilə ailə qurub. Əcnəbilərə övladlığa verilən uşaqlardan 2-si 10 və 13 yaşlı oğlanlar, digəri isə 4 yaşlı qız uşağıdır”.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb. Ümumilikdə, 2007-2015-ci illərdə 49 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Övladlığa uşaq götürənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib.
Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, övladlığa götürülən yalnız yetkinlik yaşına çatmayan şəxs ola bilər (18 yaşına çatmamış). Uşağın doğumu qeydə alındıqdan sonra onu övladlığa götürmək olar: “İkinci dəfə ailə quran şəxs, öz həyat yoldaşının əvvəlki nikahdan doğulmuş övladını övladlığa götürə bilər. Valideynləri olan uşaqlar da digər şəxslər tərəfindən övladlığa götürülə bilər. Valideynləri olan uşaqlar övladlığa götürülərkən, valideynlərin razılığı tələb olunur. Bacı və qardaş bir qayda olaraq bir ailə tərəfindən övladlığa götürülə bilər. Onların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Uşaqların maraqlarına uyğun hallarda istisna olaraq bu cür övladlığa götürülməyə yol verilə bilər”.
Müsahibimiz qeyd edir ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda yol verilir: “Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Övladlığa götürmə məhkəmə qaydasında həyata keçirilir”.
Abdullayevin bildirdiyinə görə, uşaqları övladlığa götürməyi arzu edən şəxs (şəxslər) uçota götürülmə üçün ərizə ilə birlikdə digər sənədlər də təqdim etməlidir: “Övladlığa uşaq götürmək üçün müraciət zamanı şəxsiyyətini təsdiq edən sənədin surəti, qısa tərcümeyi-hal, övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış, ümumi səhhəti barədə tibbi arayış, yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.), ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti), iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat, övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.) məlumatlar təqdim edilməlidir”.
Övladlığa götürməyə imkan verməyən bəzi xəstəliklər var ki, həmin xəstələrə övladlığa uşaq verilmir: “Vərəm (aktiv və xroniki) – lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri – dekompensasiya mərhələsində olan xəstələr, bədxassəli onkoloji xəstəliklər – lokalizasiyadan asılı olmayaraq, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər – dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr, ruhi xəstəliklər – müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər zamanı vətəndaşlara övladlığa uşaq verilmir. Övladlığa götürmə məhkəmə qaydasında həyata keçirilir. Bir neçə aya proseslər tam yekunlaşa bilər.
Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
Məhkəmə qərarı əsasında övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi (uşaq 1 yaşına çatana qədər) 3 aydan çox olmayaraq və dəyişdirilə bilər.