Hər gün yüzlərlə insan sürücülük vəsiqəsi alır və öz avtomobilinin sükanı arxasına keçəcəyi və yol hərəkətinin tam hüquqlu iştirakçısına çevriləcəyi anı həyəcanla gözləyir. Amma avtomobil məktəbindəki təlim gələcək sürücülər üçün zəruri olan biliklərin yalnız kiçik bir hissəsini verir.
Avtomobil həvəskarının əsl avtomobil sürücüsü olması və sükan arxasında özünü inamlı hiss etməsi üçün o, bilavasitə yolda hərəkət zamanı çox şeylər öyrənməlidir. Bu məqalədə biz avtomobil sürməyə yeni başlayan sürücülərin işini bir qədər asanlaşdırmaq üçün onlara avtomobilin idarə olunması ilə bağlı bir neçə məsləhət verəcəyik.
Qorxunu dəf edin. Bəzi yeni sürücülər üçün avtomobil qarşısında psixoloji qorxunu dəf etmək çətindir, hətta onlar sürücülük vəsiqəsi alsalar belə, avtomobili idarə etməyə qorxurlar. Bu qorxudan yaxa qurtarmağın bircə yolu var: avtomobili idarə etməyə başlamaq. Avtomobili sürməkdən nə qədər qorxsanız da, onu yalnız zəruri hallarda deyil, kifayət qədər tez-tez sürməyə çalışın. Çünki avtomobili nadir hallarda sürsəniz, bu sizin ustalığınızı artırmayacaq, əksinə, psixoloji qorxunuz daha da artacaq.
Dözümlü olun. Yol hərəkətinin bütün iştirakçılarına qarşı dözümlülüklə yanaşın, yol hərəkətinin bəzi iştirakçılarının yol verdiyi kobudluqlara cavab verməyin. Eyni zamanda, özünüz də heç vaxt kobudluq etməyin. Hətta sizə elə gəlsə ki, sürücülərdən kimsə avtomobil sürməyi bacarmır və ya hamıya mane olur, yenə də emosiyalarınızı cilovlayın. Yadda saxlayın ki, onun yerində siz də ola bilərsiniz. Daim təmkinli olmağa çalışın, çünki yolda xoşagəlməz vəziyyətlər kifayət qədər tez-tez baş verir və əgər hər dəfə əsəbiləşsəniz, sinir sisteminiz buna tab gətirməz. Emosiyalarınıza nəzarət etməyi öyrənin və yol hərəkətinin bütün iştirakçılarına nəzakətlə yanaşın.
Diqqəti yayındırmayın. Avtomobil sürməyi yeni başlayan sürücülərin bütün diqqəti yolda olmalıdır. Buna görə ilk vaxtlar bütün kənar səslərdən imtina edin: sükan arxasında musiqiyə qulaq asmayın, telefonla danışmayın. Əgər avtomobilinizdə sərnişin varsa, xahiş edin ki, söhbətləri ilə diqqətinizi yoldan yayındırmasın.
Parkinq. Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur, yeni sürücülərdən isə danışmağa dəyməz. Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz. Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir. Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın. Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.
Yola çıxarkən avtomobili yoxlayın. Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır. Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.