Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də qəbul etmək vacibdir. “Gencaile.az” Aile.lent.az-a istinadən soyuq havada sizə lazım olan qidalar haqqında məlumatı təqdim edir.
Əsasən C, A və E vitamini baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var.
Digər vacib antioksidan olan E vitamininin zəngin qaynaqları fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.
A vitamini də güclü antioksidantdır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir.
Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün ərzində çox miqdarda su için. Çay və ya qəhvə yerinə bitki çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki çaylarına üstünlük verin.
Hər gün meyvə və tərəvəz yemək vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin, bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.
Soyuq havada ürəyinizi qoruyun
Ürək xəstəlikləri soyuq havada diqqət edilməli olan xəstəliklərin önündə gəlir. Həyat tərzinizi mümkün qədər mövsümə görə uyğunlaşdırın. Çünk infarkt riski qış aylarında ciddi sürətdə artır. Bunun səbəbi soyuq havanın damarlarda yaratdığı büzülmə və qışda hərəkətliliyin azalmasıdır. Soyuq hava ürək xəstəliyi olmayan insanlarda belə, sinə ağrısına səbəb olur. Buna görə də mövsümə uyğun geyinmək, dərmanları vaxtlı-vaxtında qəbul etmək, fiziki aktivliyi artırmaq lazımdır. Əgər soyuq havada sinə ağrınız şiddətlənərsə, mütləq həkimə müraciət edin.
Yaş saçlarla küçəyə çıxmayın
Soyuq hava herpes virusunu aktivləşdirir. Bunun nəticəsində üz iflici yaranır. Üzün bir tərəfində qaşı qaldırmaq, gözü bağlamaq, ağız hərəkətləri edə bilməmək ilk göstəricilərdir. Üz iflicindən qismən qorunmaq mümkündür. Buna görə də nəmli saçlarla küçəyə çıxmayın. Soyuq havada uzun müddət açıq məkanda durmayın, oturduğunuz maşının pəncərəsi açıq olmamalıdır.
Göz qızarması
Soyuq havada ən çox rastlanan narahatlıqlardan biri də qırmızı göz xəstəliyidir. Soyuq hava və külək insanın üzünə vurduğu zaman gözdə qaşınma və yanma baş verir. Bu, müalicəsi olan, lakin ciddi xəstəlikdir. Buna görə də soyuq və küləkli havada gözlərin ətrafını bağlayan eynəklərdən istifadə edin. Eyni zamanda kondinsioner və fenin gözlərinizə doğru vurmamasına diqqət edin. Ümumiyyətlə, soyuqdan qorunmaq üçün üzünüzə nəmləndirici və qidalandırıcı kremlər çəkin, hətta günəşdən qoruyucu krem də istifadə edin, bol maye qəbul edin, təzə meyvə-tərəvəz yeyin.