izzet aga

“Kurtlar Vadisi”nin “İzzet ağa”sı: “Polad Polad oldusa, o adamın sayəsinə oldu” – MÜSAHİBƏ

Baxış sayı: 1. 873

Türkiyənin tanınmış aktyorlarından Erol Tezeren bu günlərdə Bakıda oldu. “Kurtlar vadisi” serialından “İzzet ağa” obrazı ilə azərbaycanlı tamaşaçıların da yaxşı tanıdığı aktyor Azərbaycanda yaşayan türkiyəli rejissor Mətin Yücelin dəvəti ilə Bakıya filmə çəkilməyə gəlmişdi. “Gencaile.az” aktyorun “Ekspress.az”-a müsahibəsini təqdim edir:

– Erol bəy, Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü tanıdardınız.
– Mən – Erol Tezeren 1942-ci il mart ayının 6-da İstanbulda anadan olmuşam. 55 ildir ki, türk kinosuna xidmət edirəm. Çox filmlərdə oynamışam. İlk filmim 1963-cü ildə çəkildiyim “Üç öfkəli gənc”dir. Bundan əvvəlsə professional teatrlarda oynamışam. Sənət həyatına gəlişim 1956-1957-ci illərdə İstabul radiosunun “Cocuq saatı” verilişi ilə oldu. Görüntüsüz, sadəcə, mükrofon qarşısında oynardıq. Sonra universitet oxudum. İstanbuı Bələdiyyəsinin teatr bölümündə işə başladım. Bakırköy mənim doğma, böyümə məmləkətimdir. İstanbulun bir səmtidir. Orda xalq teatrlarında səhnə alardım…
Bu arada, Türk sinemasının dəyərli aktyorlarının çoxu, nə böyük təsadüfdür ki, Bakırköydən çıxıb. Münir Özkul, Tariq Hassan, Kenan Pars, Ahmed Mekin və s. adını çəkə bilərəm… İndiyə qədər 300-350 filmə çəkilmişəm.

– Sizi hansı film və ya serial məşhurlaşdırdı?
– Məşhurlaşdırdı deməyək. Məni bir daha “Sağır oda” xatırlatdı. 2002-ci ildə çəkildi bu serial. İlk filmim “Üç öfkəli gənc”dən sonra “Bir dağ masalı” filminə Türkan Şorayla birgə çəkildik. “Parmaksız Salih”də Turqut Özatayla, Ajda Pekkanla “Harun Rəşidin gözdəsi” və s. filmlərə çəkildik…

– Türk sinemasının sultanı Türkan Şorayı necə xatırlayırsınız?
– Çox yaxşı xatırlayıram. Mən xatırladığım Türkan Şoray Rüçhan Adlı ilə bərabər idi. Onun qara maşını var idi. Gələrdi setə. Yanında köməkçi bir qadın da olardı. Ona nəzarət edərdi. Sürücüsü də mafiya sürücüsü kimi bir şeydi. Heç kimsə ilə görüşməz, heç kimsə ilə danışmazdılar. Sadəcə, rolunu oynayar, otağına girərdi… Çox saf niyyətli, halal, yumşaq qəlbli, tərtəmiz bir insandı.

– Sizin üçün teatrda oynamaq, yoxsa filmə çəkilmək  çətindir?
– Teatr bəsit bir işdir, mühüm bir şey deyil. Bir ay çalışarsınız, əzbərlərsiniz, ondan sonra da çıxıb oynarsınız. Hətta bir-iki il oyarsınız. Çünki artıq bir dəfə əzbərləmisiniz. Məncə, böyük bir çətinliyi yoxdur teatrın. Amma sinema elə deyil. Sinema hər 15 gündən bir dəyişir. Xüsusən də seriallar həftədə bir dəfə dəyişir.

– Erol bəy, film üçün Azərbaycana gəlişiniz necə oldu?
– Mən bu gün istədiyim səviyyəyə gəlmişəm. Parada-pulda gözüm yox. Bu məsləyi sevən, onu yapmaq istəyən, onun üçün savaş verən insanlara yardım etmək ən böyük arzumdur. Bunun üçün gəldim buraya. İki ildir yazışıram rejissor Mətin Yücellə. Nəhayət ki, görüşümüz baş tutdu. Mənim çəkildiyim serialın adı “Qaytar pulumu”dur. Mən orda İstanbuldakı dövlət görəvlisi olaraq Azərbaycana göndərilən ajan rolunda oynayıram. Mətin bəy özü də türk ajanı rolunu oynayır. Biz bir-birimizi yaxşı tanıyan iki ajanıq. O gəlir bura məndən yardım istəyir. Və yaxud, mən gəlirəm onu buraya çağırıram. “İki dövlət, bir millət” düsturu içərisində iş görürük. Erməniləri ifşa edirik, Azərbaycan hökumətinə veririk…

– İndi Türkiyədə də seriallara dəvət alırsınız, yoxsa fəaliyyətinizi birdəfəlik dayandırmısınız?
– Bizdə artistlikdə fəaliyyəti dayandırmaq deyilən bir şey yoxdur. Biz ölüncəyə qədər aktyoruq. Nə zaman yatacağıq, o zaman bu iş bitəcək. Artıq ata rollarına çıxacam.

– Türk seriallarında verilən qonorar sizi qane edirmi?
– Paraya ehtiyacım olmadığı üçün seriallardan verilən para məni qane edir. Evim, arabam var. Amma, əlbəttə, verilən para yetərli deyil. Onlar bizlərdən istifadə edirlər. Ən aşağı 3000 lirə verirlər. Bizim kimi aktyorlara ən çox serial başına 10 min lirə verirlər. Halbuki 40-50 min lirə almamız lazım.

– “Qurdlar vadisi”nə çəkilməyiniz necə oldu?
– “Qurdlar vadisi”ndə çəkilən tanış uşaqlar var idi. Onlara bir neçə il əvvəl telefon vermişdim. Demişdim ki, çəkiliş olsa, xəbər edin. O zaman “Yetmiş ikinci koğuş” filminə çəkilirdim. Qış idi. Qar yağmışdı. Onlar məni telefonla aradılar. Dedilər ki, “abi, sıran gəldi. Siqaret qaçaqçısı İzzet ağa rolunda oynayacaqsan”. 4 il çəkildim. Bu serial məni təkrar xatırlatdı. Küçədə görəndə “İzzet ağa” deyə mənə yaxınlaşırlar, şəkil çəkdirmək istəyirlər. Deyirəm ki, “mən İzzət ağa deyiləm, Erol Tezerenəm”. Artıq alışmışam, səsimi çıxarmıram.

– “Polad Ələmdar”la münasibətləriniz necədir?
– O, böyük bir filmin sahibidir. Özü də 13 ildir oynayır. Parası boldur. Çəkim yerində bir özəl karavanı var. Başqası girə bilməz ora. Boş vaxtlarında orda istirahət edir. Bir yerdə olanda danışır, söhbət edir. Onun danışığı Anadolunun göbəyindən bir danışmadır. Ləhcə ilə danışır. Şaşırırsan. Serialda onu səsləndirən adamın səsi çox önəmlidir. Polad Polad oldusa, o adamın sayəsinə oldu. Parasının sayı-hesabı yox. Mən onun yerinə olsam, o adamı başqa yerə buraxmaram. Çoxlu pul verərəm, deyərəm ki, ancaq məni səsləndirəcəksən. İndi Türkiyədə bir neçə seriala baxsan, görərsən ki, “Polad Ələmdar”ın səsidir.

– Rejissorlarla işləmək sizin üçün asandı, yoxsa çətin?
– Rejissordan rejissora fərq var. Məsələn, bir rejissor  qardaşımız Şahin Gök var idi. Gördüyü işdən çox qorxardı. Sponsoru da yezid adam idi. Adamı işdən atmaq üçün vəsilə arardı. O da qorxduğu üçün 4 kişinin konuşmasını iki dəfə çəkmək əvəzinə 14 dəfə çəkərdi. Bir səhnəni çəkənə qədər bizi öldürərdi. Deyirdi ki, “abi laf söylərlər”. Qorxaq rejissor idi, Allah ona rəhmət eləsin. Yaxşıları da var. Məsələn, Onur Tan. “Sağır oda” və “Cam kırıkları”nı o çəkdi.

– Sizdə aktyorlar siyasətlə də məşğul olurlar. Sizcə, bu düzgündürmü?
– Sənətçilər siyasətə girdikləri, siyasi fikirlərini söylədikləri zaman bəzi işlərdən olurlar. Məsələn, seriallara çəkilməyə çağırılmırlar. “Dirilik” dizisi var idi. Orda oynamaq üçün 1 il saqqal uzatdım. Amma siyasi fikrimi söylədiyim üçün o diziyə məni çağırmadılar…
Aktyor gərək siyasətdə olmasın.

– Sirr deyilsə, xanımınız hansı peşənin sahibidir?
– Xanımım almandır. 43 ildir ki, evliyik. Türkiyədə tanış olduq. Gəzməyə gəlmişdilər. Plyajda gördüm. Girişdim, tanış olduq. Almaniyada müəllim idi.

– Sizi qısqanır?
– Rollarımı izləyir. Qısqanclığı yoxdur. Bir-birimizə güvənimiz var. Eyni şeyləri sevirik. Balığa gedirik, bərabər balıq tuturuq. Balıq bürcündənik, ikimiz də mart ayında doğulmuşuq. Mən 1942-ci ildən, o, 1952-ci ildəndir.
O, evdə oturub xalı toxuyur, üstündə də balıqlar…

– Yeri gəlmişkən, hobbiniz nələrdir?
– Bir qayığım var. Onunla əlləşirəm, təmir edirəm… Məni ayaqda tutan, gənc saxlayan odur. Dənizə baxıram, xəyallara dalıram. Dediyim kimi, yoldaşımla bərabər hər gün balığa gedirəm. Balığı tuturuq, təknəmizin içində bişirib yeyirik. Ən böyük sevincimiz tutduğumuz təzə balığı bişirib yemək, ondan zövq almaqdır.

– Azərbaycana gələndə hər hansı bir istəyiniz oldumu?
– İstərdim ki, mədəniyyət elçisi olum. Ancaq belə bir dəvət almadım. İki dövlət, bir millət arasında körpü qurmaq üçün sevinə-sevinə çalışardım. Deyərdilər ki, buraya bir Erol Tezerən gəlmişdi. Çox yaxşı adamdı, ondan məmnun qaldıq, mutlu olduq…

– Özünüzü hansı rolda görmək istərdiniz?
– Yetərli dəstək olsa, Şeyx Şamillə bağlı yaxşı araşdırma aparıldıqdan sonra bir gözəl ssenarisi olan filmdə Şeyx Şamili oynamaq istərdim. Bu film ortaya qoyulsa bütün dünya ayağa qalxar. Bir ara çəkdilər, amma o film çox iz buraxmadı.
“Çağrı” filmində Həzrəti Həmzə rolunu oynamaq istərdim. Artıq oynayacaq rollar bunlardır. Mən on il oynamayım, heç mühüm deyil, ancaq belə rollar oynayım, imzamı atım və gedim…
Uğurlu sənətçilər normal insanlardan 500 il artıq yaşayırlar. Arxalarında buraxdıqları gözəl işlər, filmlər var. İnternet məkanında isə heç ölmədən yaşayacaqlar…

– Yetmiş dörd yaşınız var. Özünüzü bu yaşda necə hiss edirsiniz?
– Allaha çox şükür, özümü yaxşı hiss edirəm. Bir devizim var: “Allahın əmanəti bizə candır”. O canı qorumaq məcburiyyətindəyəm. Siqaret çəkmirəm, içki çox nadir hallarda içərəm. Özümə diqqət edirəm. Gəzməyə, üzməyə çalışıram. Son zamanlar hərəkətim yavaşıdı, kilo almağa başladım. Əvvəl 75 kilo idim, indi 86 kiloyam.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir